Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:20

Spilberqin 20 tövsiyəsi


Stiven Spilberq
Stiven Spilberq

"No Film School" saytı Stiven Spilberqin ssenari yazma və rejissorluqla bağlı 20 tövsiyəsini dərc edib.

1. Xəyal etməyi vərdişə çevirin. "Lazım olduğu qədər" böyük xəyallar qurun. Xəyallar alovlu karyeranın başlanması üçün qığılcım ola bilər. Xəyallar gələcək planlar qurmağa və yeni ideyalar tapmağa kömək edə bilər.

2. Məqsəd müxtəlif ideologiyaların daşıyıcılarını bir damın altına toplayıb kinoteatrı eyni hisslərlə tərk etmələrinə nail olmaqdır. Filminizin nə demək istədiyini bilin. Hamının anlayacağı bir şeydən danışmaq lazımdır. Onların sizin kimi olması, yaxud sizinlə razılaşmaması vacib deyil. Dəqiq missiyanız olsun. Bu yolla siz …insanları sonradan haqqında danışmaq istəyəcəkləri bir səfərə apara bilərsiniz.

3. Əvvəlcə hekayəçi olmağı öyrənin. Film çəkməyin ən çətin hissəsi …hekayə danışmaqdır. Hekayəçilik bacarıqlarınızı nə qədər itiləşdirsəniz, hekayəni dəstəkləyən montaj və kamera hərəkətlərini o qədər çox anlayacaqsınız.

4. Kino sahəsində çalışarkən çətin seçimlərlə üzləşəcəksiniz. Uğurlu və uğursuz vaxtlar olacaq. İntuisiyanıza güvənə bilirsinizsə, güvənin. Məncə, bütün bunları daha əvvəl görmüş olan və sizə məsləhət verə bilən müəllimlər tapmağa çalışmaq da yaxşı olardı.

5. Tarixi film çəkirsinizsə, o mümkün qədər həqiqi çatdırılmalıdır. Bacardığınız qədər çox araşdırın, çünki çox zaman həqiqət quramadan da qəribə olur. Faktlar qəhrəmanlarınızı daha həqiqi və insani edə bilər.

6. Əvvəlki filminizə və ya ideyanıza başqa bir bucaqdan baxıb özünüzə sual verin: "Görəsən, bu, doğrudan baş versəydi, nə olardı?". İdeyanın özəyini tapmaq və ona müxtəlif tərəflərdən yanaşmaq vacibdir. Sadəcə ideyanızı götürüb perspektivi başqa bir qəhrəmana və ya başqa bir nəzər nöqtəsinə çevirməklə hekayə nəqlini çox yaxşı çözə bilərsiniz.

7. Demək olar, hər bir hekayə köhnə bir klassik hekayənin yeni perspektivdən danışılmış versiyasıdır. İlişdiyiniz zaman hansı hekayədən kopiyalaya və ya oğurlaya biləcəyinizi düşünün.

8. Aktyordan əvvəlcə sizə çox şey verməsini xahiş edin, sonra onun verdiklərini reallıq səviyyəsinə endirin.

9. Rejissorluq haqda öyrənərkən qaydaları pozun. …Auditoriyanın gözləntilərini devirə bilsəniz, yeni və gözlənilməz hekayə danışmış olarsınız.

10. Dəyişikliyə və filmlərin çəkiliş qaydasına ilham vermək üçün filminizi gənc nəsillə söhbətə çevirin. İnsanları maraqlandırın. İşi elə görün ki, başqaları ondan ilham alsın. Özünüz də başqa yerlərdən ilham almaqda sərbəst olun.

11. Musiqili filmlər ekşn səhnələrindən daha çox riyaziyyat və hesablama tələb edir. Ona görə onların həllinə kömək edəcək yaxşı əməkdaşlar tapın.

12. Orijinal ideyanıza sadiq qalın. Bəzən bir layihənin üzərində o qədər çalışırsan ki, haradan başladığını da unudursan. Mən bu hekayənin nə üçün əhəmiyyət kəsb etdiyi haqda qısa hekayə yazıram və kələfin ucunu itirdiyimi hiss etdiyim anlarda o hekayəyə bir də baxıram. Belə etsəniz, daim hekayə və səhnələrinizi irəli aparmaq üçün kompasınız olacaq.

13. Bəzən xəyalınız pıçıldayır, qışqırmır. Pıçıltıya qulaq verin. …Hər şeydən əvvəl dinləyin.

14. Keçmişə fikir verin. Sizdən əvvəl gələn filmlərə hörmətlə yanaşın. Müəyyən bir janr və ya ideya üzərində işləyirsinizsə, bu mövzuda çəkilmiş digər filmləri mənimsəməyə çalışın. Yeni və ya köhnəliyindən asılı olmayaraq, sizin filminiz bu filmlərlə müqayisə olunacaq. Bu filmlərdə nəyi edib-etməyəcəyinizlə bağlı eyhamlar da gizlənmiş ola bilər. Bəzi ideyaları sorğulaya, bəzi səhnələri oğurlaya, yaxud, sadəcə, strukturu anlamağa çalışa bilərsiniz. Keçmişin məsləhətinə qulaq verin.

15. Məhsul satmağı yox, hekayə danışmağı hədəfləyin. Özünüzü ifadə etməniz üçün çox az şey lazım ola bilər. Hekayəçilik birinci gəlir. Hekayənin insanları birləşdirib uzaq yerlərə aparmasına əmin olun. Bu gün Hollivudun çox filmləri ona görə məhsul kimi görünür ki, hekayəni ikinci plana qoyurlar. Bu isə problemdir. Hekayəni təqib edin. Sonra mal satmaqla məşğul olarsınız.

16. Əlinizdə olan hər şeydən istifadə edin. Sizə məsləhət, borc kamera avadanlığı verə, kömək edə biləcək insanların şəbəkəsini yaradın. Bir-birinə dəstək olan insanlar icması yaradın. Bu çevrə sizi yaxşı və pis günlərdə ayaqda saxlayacaq.

17. Alınmayanda dərhal özünüzü növbəti layihənin içinə atın. Hamımızın uğursuzluqlarımız olur. Hətta Spilberqin də. Əsl peşəkarı fərqləndirən ayağa qalxıb işləməyə davam etmək cəsarətidir. İşləməyə və uğursuzluqlara davam edin. Özünüzü ayağa qaldırmaqla öyrənin.

18. Əvvəlcə xoşunuza gələn bir şeyi oğurlayıb sonra öz səsinizi tapmaq normaldır. Öz səsini tapmağın xeyli hissəsi imitasiya ilə başlayır. Sevdiyiniz filmlərin ssenarilərini oxuyub öz versiyalarınızı yoxlamalısınız. Hekayənin hara getməli olduğunu və öz səsinizlə onu hara apara biləcəyinizi anlayanadək başqa yazıçıları imitasiya edin.

19. Bir müddət təhlükəni tamaşaçıya göstərmədən müəmma yaradın.

20. İdeya başınıza kərpic kimi düşəndə dərhal səhnələr yazıb hekayə qurmağa başlayın. Bəxtiniz gətirib və sizə qəfil ilham gəlibsə, gözləməyin, yazın! Bu, çox pis, mənasız yazı ola bilər. Ancaq yazmağın ən yaxşı və mühüm tərəfi [hekayəni] kağıza köçürməkdir. Düzəlişləri sonra edərsiniz…

XS
SM
MD
LG