Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 08:40

‘Qazaxıstanı böyük kənd bilirdim’. ‘Rusiyada qalmaq istəmirəm’


Aktobe, arxiv fotosu
Aktobe, arxiv fotosu

Rusiyadan Orta Asiyaya nə qədər adamın köçdüyü bəlli olmasa da, Özbəkistan paytaxtı Daşkənddə, regionun digər şəhərlərində kirayə qiymətləri qalxıb

Moskva fevralın sonunda Ukraynanı işğal etməyə başlayanda onminlərlə rusiyalının üz tutduğu məkanlardan biri də Orta Asiya olub. AzadlıqRadiosunun müxbiri Farangiz Nacibulla yazır ki, bəzi mühacirlər artıq Orta Asiyanı özlərinin “daimi evləri” adlandırır, digərləri isə Rusiyada baş verənləri diqqətlə izləyir, nə vaxtsa ölkələrinə qayıtmaq istəyirlər.

Sankt Peterburqdan qrafik dizayner Timur Rusiya şirkəti üçün məsafədən işləyir, eyni zamanda Qazaxıstanın şimal-qərbindəki Aktobe şəhərində yeni həyata başlayır.

“Bura köçməzdən Qazaxıstanı geridə qalmış, elə də inkişaf etməmiş ölkə bilirdim, böyük bir kənd kimi yəni. Buraya gələndə xoş mənada təəccübləndim”, – o, AzadıqRadiosuna danışıb.

Daha ucuz, daha keyfiyyətli

“Burada dövlət xidmətləri Rusiyadan daha çox rəqəmsallaşıb. Məsələn, bu nisbətən kiçik Aktobe şəhərində belə ictimai nəqliyyatda QR koduyla ödəniş edə bilirsən. Ərzaq Sankt Peterburqdakından ucuzdur, üstəlik, keyfiyyəti daha yaxşıdır. Bir çox xidmətlər 2-3 dəfə ucuzdur”, – dizayner təəssüratlarını bölüşüb.

25 yaşlı Timur Rusiyada qalan ailə üzvlərinin təhlükəsizliyinə görə tam adını demir.

Əslində, Qazaxıstan Timurun ilk seçimi olmayıb. Rusiyalıların çoxu əvvəlcə Qərbə getmək istəyiblər, amma vizanın olmaması, bilet qıtlığı, maliyyə resursları çoxunu Orta Asiyaya, Qafqaza üz tutmağa vadar edib.

Timur Aktobedə bank hesabı açmaq istəyəndə işçilər ona deyiblər ki, müharibə başlayandan inanılmaz sayda rusiyalı oraya köçür və bankda hesab açır.

Orta Asiyanın bir çox yerlərində rus dili geniş yayılıb, bu da rusiyalı mühacirlərin həyatını asanlaşdırır, Timur və digərləri belə deyirlər.

Timur hələlik, yaşayış izni üçün müraciət etməyib. O, Rusiya vətəndaşı olaraq Qazaxıstanda üç ayadək vizasız qala bilər. Ancaq Avropa İttifaqına köçmək planlarından da əl çəkməyib.

“Etirazlara gedə bilərdim, amma...”

Sankt Peterburqdan qonşu Qırğızıstana köçmüş Marina və yetkin oğlu isə artıq Bişkeki özlərinin “daimi” evi adlandırırlar.

“Daha Rusiyada qalmaq istəmirəm. Əlbəttə, etirazlara gedə bilərdim, amma bu tezliklə heç nə dəyişən deyil”, – Marina radioya deyib.

65 yaşlı Marina Sankt Peterburqdakı mənzilini ayı 400 dollara kirayə verib və bununla Bişkekdəki xərclərini ödəyir. Ana-oğul “gözəl, üçotaqlı mənzil” kirələyiblər.

Marina artıq daimi yaşayış üçün müraciət edib, iş axtarır. O, uşaq psixoloqudur, əlil uşaqlarla işləmək istədiyini deyir.

Rusiyadan Orta Asiyaya nə qədər adamın köçdüyü bəlli olmasa da, Özbəkistan paytaxtı Daşkənddə, regionun digər şəhərlərində kirayə qiymətləri qalxıb.

IT mütəxəssisi

Rusiyadan gedənlər arasında yüksək ixtisaslı peşəkarlar da az deyil. Müharibədən bircə ay sonra açıqlanmış məlumata görə, ölkədən 70 minədək informasiya texnologiyası mütəxəssisi getmişdi, 100 min nəfər də buna hazırlaşırdı.

Özbəkistan öz IT sənayesini gücləndirmək üçün bu fürsətdən yararlanıb. Yaşam izni, vergi güzəştləri, ev və uşaq baxımında kömək təklif etməklə bir neçə həftə içində minlərlə rusiyalı IT işçisini cəlb edib.

Moskvadan 30 yaşlı aspirant Eldarın sözlərinə görə, rusiyalı IT mütəxəssislər yerlilərdən daha üstün kvalifikasiyaya malikdirlər. O, Özbəkistanın əmək bazarında texnologiya işçiləri və ingilis dili müəllimlərinə tələbin yüksək olduğunu, onların yaxşı maaş aldıqlarını söyləyir.

Eldar Daşkəndi Tbilisi ilə müqayisə edərək deyir ki, gürcüstanlı gənclər rusca danışmırlar, “adama ingiliscə cavab verirlər. Özbəkistanda isə rus dili iş müraciətlərində üstünlük hesab edilir. Burada ona işğalçının dili kimi baxmırlar, mənfi münasibət yoxdur”.

Eldar Almaniyada təhsil aldığı universitetdə iş üçün müraciət edib. Amma Rusiyada “vəziyyət tamamilə pisləşməsə” ölkəsinə qayıtmaq istəyir. Ona görə də deyir ki, gözləyəcək.

Tacikistanın fərqi

35 yaşlı kiçik sahibkar Maksim isə artıq Tacikistandan Volqoqrada qayıdıb. Tacikistandan tranzit ölkə kimi istifadə edən bəzi ruslar Türkiyəyə, ya da Özbəkistana gediblər.

“Anladım ki, Rusiyanın sırf emosiyalara əsasən tərk etmişəm, növbəti addım kimi nə edəcəyimi bilmirdim. Geriyə bilet axtarmağa başladım”, – deyən Maksim Rusiyadan kənarda “heç nə” olduğunu vurğulayır.

Düşənbədə aldığı dərsə gəlincə, xəcalət çəkdiyini söyləyir: “Adamlar Tacikistandan Rusiyaya işləməyə gəlirlər, çox işləyirlər, amma biz onlarla özümüzlə bərabər rəftar etmirik. Tacikistanda isə bizimlə mehriban davrandılar”.

XS
SM
MD
LG