Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 08:53

MTN polkovniki: 'Məni niyə bədbəxt elədiniz?'


Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Qusar, Kürdəmir rayon şöbələrinin rəisi olmuş polkovnik Bahadır Qocayevə 5 il 6 ay həbs cəzası kəsilib. İyunun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Keçmiş MTN polkovniki dələduzluq, rüşvət verməyə təhrik kimi əməllərdə suçlu sayılıb.

2015-ci ilin oktyabrında MTN-də nazirin işdən çıxarılması, bir neçə general da daxil olmaqla, 20-dən artıq vəzifəli şəxsin həbsiylə nəticələnən əməliyyatdan sonra bu qurumdan uzaqlaşdırılanlardan biri də Qocayev olub. O, sonradan Lənkəran Dövlət Universitetinin prorektoru təyin edilib. İddia olunur ki, Qocayev həmin dövrdə özünü DTX əməkdaşı kimi təqdim edib, səlahiyyətli şəxslərlə münasibətləri olduğunu bildirərək, işə düzəltmək adıyla pul alaraq dələduzluq edib. Sonradan iş alınmayanda pulu verən şəxs şikayətçi olub.

"Daha o evi istəmirəm"

59-yaşlı Qocayev özünü təqsirli bilmir. O, məhkəmədə son sözündə də deyib ki, ona qarşı ittihamda yazılanlar böhtandır. Təqsirləndirilən polkovnik iddia edib ki, bu işin arxasında onunla ədavəti olan Rafiq Muradov adlı şəxs dayanır.

Muradovla polkovnik arasında mülk qalmaqalı olub, mübahisə məhkəmə müstəvisinə çıxıb. Muradov iddia edir ki, Qocayev borclu olduğu pulun əvəzində Xaçmazda yerləşən ev üçün etibarnamə verib. Həmin ev Muradovun mülkiyyətinə keçib. Sonradan Qocayev müqavilənin ləğvi tələbiylə məhkəmədə iddia qaldırıb.

"Daha o evi istəmirəm. Tövbə eləyirəm, bir də adını tutmayacağam. Gedib Biləsuvardakı ata evimdə oturacam. Xahiş edirəm, məni bədbəxt eləməyin. Məni buraxın...",– təqsirləndirilən polkovnik belə deyib.

"Nişan üzüklərimizi belə satıb yemişik"

O, saxlanılarkən və evində axtarış aparılarkən qanun pozuntularına yol verildiyini, ona təzyiq göstərildiyini bildirib. 26 il müxtəlif əməliyyatlarda iştirak etdiyini, vəzifələrdə çalışdığını xatırladan polkovnikin sözlərinə görə, evində axtarış zamanı nə pul, nə də qızıl tapılıb: "Görmüşük ki, evdə axtarış aparılanda qızıl nəsə olar. Bizdə iki saat axtarış apardılar, heç nə tapmadılar. Çünki nişan üzüklərimizi belə satıb yemişik. Məndən dələduz, cinayətkar olmaz...".

Amma İradə Həsənzadənin sədrlik etdiyi hakimlər kollegiyası onun təqsirli olması qənaətinə gəlib və 5 il 6 ay azadlıqdan məhrum edilməsi haqda hökm çıxarıb.

"Mənim həyatımı niyə məhv etdiniz?", - MTN polkovniki hökmü çıxaran hakimlərə ağlaya-ağlaya belə deyib.

Xatırlatma

2015-ci ilin oktyabrında MTN-də nazir Eldar Mahmudov vəzifədən uzaqlaşdırılıb, 20-dən çox vəzifəli şəxs, o cümlədən generallar həbs olunub.

Sabiq MTN-çilər iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda, saxta ittihamlarla cinayət məsuliyyətinə cəlb etməkdə suçlanırlar. Lakin onların heç biri özünü təqsirli bilmir.

2015-ci ilin oktyabrında MTN-də baş verənlərdən sonra bu qurum ləğv edilib və onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaradılıb.

XS
SM
MD
LG