Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 15:28

Almaniyadan deportasiya edilən mühacirin ittihamı ağırlaşdırıldı


Samir Aşurov
Samir Aşurov

Almaniyadan deportasiya edilib Bakıya qayıdandan az sonra həbs olunanlardan biri – Samir Aşurovun işi üzrə istintaq yekunlaşır. İstintaqın sonunda ona əlavə ittiham da verilib.

Aşurov indiyədək CM-in 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə həbsdə saxlanılırdı. İstintaqın sonunda ona əlavə 221.3 (xuliqanlıq – silah və ya silah qismində əşya vasitəsilə törədildikdə) maddəsi ilə də ittiham irəli sürülməsinə qərar verilib. Nizami rayon Polis İdarəsinin müstəntiqi Ayxan Təhməzli bu barədə qərar qəbul edib.

"Çünki qurama idi"

Samir Aşurovun həyat yoldaşı Nuranə Aşurova AzadlıqRadiosuna bildirib ki, bugünlərdə zərərçəkmiş kimi tanınan Elşən Nəbiyevlə aralarında üzləşmə olub. Üzləşmə zamanı Nəbiyev onun tərəfindən bıçaqlandığını, Aşurov isə onun yalan danışdığını, böhtan atdığını bildirib.

"Üstəlik, Samirə deyib ki, "sizin qohumlar mənimlə danışmağa, üzrxahlığa gəlməyiblər". Samir tutulandan dərhal sonra xəstəxanaya getmişdim, orada belə adam yox idi. Çünki qurama idi. Əgər yoldaşım, həqiqətən, bıçaqlasaydı, üzrxahlıq edərdim. Olmayan bir şeyə görə niyə üzrxahlıq etməliyəm?", – Aşurova belə deyib.

Bıçağı zorla cibinə qoyduqlarını deyir

Cinayət işinin materiallarında iddia olunur ki, Aşurov aprelin 19-da saat 21:15 radələrində küçədə telefonuna baxa-baxa gedəndə üzbəüz gələn Nəbiyevə çiyni ilə toxunub. Nəbiyev buna görə ona irad bildirib. Buna görə Aşurov onu yerə yıxıb, üstündəki bıçaqla qarın boşluğundan iki zərbə vurub.

Aşurov isə özünü təqsirli bilmir. Deyir ki, Almaniyadan deportasiya olunan bir sıra başqa mühacirlər kimi, onu da sifarişlə həbs ediblər. O, barəsində həbs qərarı çıxarılan məhkəmədə deyib ki, ümumiyyətlə, üstündə bıçaq olmayıb. Cinayət predmeti olduğu iddia edilən bıçağı zorla onun cibinə qoyublar.

10 ayda altı nəfər

Aşurov martın 29-da Almaniyadan deportasiya edilib, aprelin 19-da isə həbs olunub. Ona ittiham verilən maddələrdə 11 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Son 10 ay ərzində Almaniyadan deportasiya olunanlardan altı nəfər Azərbaycana qayıdandan sonra həbs edilib. Onlara qarşı narkotik və başqa ittihamlar irəli sürülüb. Amma heç biri ittihamı qəbul etmir, Almaniyada olarkən Azərbaycanda insan haqlarının pozulmasına etiraz olaraq keçirilən aksiyalarda iştirak etdiklərinə, hökumətin ünvanına səsləndirdikləri tənqidlərə görə şərləndiklərini bildirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Almaniyadan deportasiya edilən mühacirlərin polis tərəfindən şərlənməsi haqda iddiaların əsassız olduğunu bildirib: "Bu cür fikirlər qətiyyən həqiqətəuyğun deyil".

XS
SM
MD
LG