Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 15:27

Pünhan Kərimliyə 7 il 6 ay həbs istənildi


Pünhan Kərimli
Pünhan Kərimli

Readmissiya qaydasında Almaniyadan Bakıya deportasiya olunandan az sonra həbs edilən AXCP üzvü Pünhan Kərimlinin 7 il 6 ay azadlıqdan məhrum edilməsi istənilib. İyunun 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı bu təkliflə çıxış edib. Prokuror deyib ki, AXCP üzvünə qarşı narkotik ittihamı məhkəmədə təsdiqini tapıb.

Sistemli basqılar

Kərimlinin vəkili Cavad Cavadov isə, əksinə, müvəkkilinə verilmiş narkotik ittihamının əsassız olduğunu, onun siyasi baxışlarına görə cəzalandırıldığını bildirib. Vəkil yada salıb ki, Pünhana qədər Almaniyadan deportasiya edilmiş dörd nəfər də eyni qaydada narkotik ittihamıyla həbs edilmişdi: "Bu faktın özü onu göstərir ki, deportasiya olunan şəxslərə qarşı sistemli basqılar var".

Hüquqlarını müdafiə etdiyi şəxsin saxlanılarkən və ondan sonra polis idarəsində işgəncəyə məruz qaldığını deyən vəkil Pünhan Kərimliyə bəraət verilməsini istəyib.

Kərimli iyulun 27-də məhkəmədə son sözünü deyəcək və ardınca onun haqqında çıxarılan hökm elan ediləcək.

"Məndən narkotik tapılmayıb"

33-yaşlı Pünhan Kərimli 2022-ci il yanvarın 25-də həbs olunub. O, CM-in 234.4.1 və 234.4.3 maddələriylə ittiham olunur. Onun cibindən narkotik maddə aşkarlandığı iddia edilir. Kərimli isə ittihamı qəbul etmir, özünü təqsirli bilmir.

"Mənə açıq şəkildə dedilər ki, prezidenti tənqid etdiyinə, Almaniyada etiraz aksiyalarında iştirakına görə həbs olunursan. Məndən narkotik tapılmayıb, cibimə özləri atıblar", - məhkəmədə ifadə verərkən belə deyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Almaniyadan deportasiya edilən mühacirlərin polis tərəfindən şərlənməsi haqda iddiaların əsassız olduğunu bildirib: "Bu cür fikirlər qətiyyən həqiqətəuyğun deyil".

XS
SM
MD
LG