Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:21

Emmanuel Makron İlham Əliyevə zəng edib


Emmanuel Makron
Emmanuel Makron

Avqustun 4-də Fransa prezidenti Emmanuel Makron Azərbaycan  prezidenti İlham Əliyevə zəng edib

Avqustun 4-də Fransa prezidenti Emmanuel Makron Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, telefon danışığı əsnasında Emmanuel Makron son günlərdə regionda yaranmış gərginlikdən narahatlığını ifadə edərək Ermənistan və Azərbaycan arasında danışıqların davam etdirilməsinin və 2020-ci 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarının həyata keçirilməsinin vacibliyini qeyd edib.

Açıqlamaya görə, o Fransanın iki ölkə arasında dialoqun davam etdirilməsinə dəstək verməyə hazır olduğunu bildirib:

“Prezident İlham Əliyev Ermənistan tərəfindən növbəti hərbi təxribatın törədildiyini və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində baş vermiş bu təxribat nəticəsində hərbi qulluqçumuzun həlak olduğunu vurğulayıb.”

Məlumata görə, Prezident Əliyev deyib ki, Azərbaycan Silahlı Qüvvələri bu təxribatın qarşısını alıb və baş vermiş gərginliyə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın Qarabağ bölgəsində mövcudluğunu davam etdirən Ermənistan silahlı qüvvələri və qanunsuz erməni hərbi birləşmələrinin ərazilərindən çıxarılması təmin edilməlidir.

“Lakin Ermənistan tərəfindən bu hələ də təmin edilməyib” - deyə o qeyd edib.

Onun fikrincə, bu da 2020-ci il 10 noyabr bəyanatının müddəalarının pozulmasıdır:

“Vurğulayıb ki, üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq Rusiya Müdafiə Nazirliyi ilə əldə olunmuş razılaşma nəticəsində Laçın dəhlizinə alternativ yeni yolun marşrutu müəyyən edilib və Azərbaycan tərəfindən bu yolun inşası başa çatdırılmaq üzrədir. Bu işlər yekunlaşan kimi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən Rusiya sülhməramlı qüvvələrinin həmin yola dislokasiya olunması nəzərdə tutulur.”

Ermənistan rəhbərliyinin dedikləri…

Qarabağda son günlər silahlı qarşıdurmaların ardından avqustun 4-də Ermənistanın baş naziri Nikol Paşinyan da deyib ki, durumu nizamlamağa ehtiyac var.

Paşinyan iddia edib ki, Azərbaycanın vəziyyəti kəskinləşdirir və bunda bir məqsədi var: 2020-ci il 9 noyabr üçtərəfli atəşkəs bəyanatını ləğv etmək, fiksasiya olunmuş reallıqların – Dağlıq Qarabağ, təmas xətti, Laçın dəhlizinin möhkəmləndirilməsindən qaçmaq. O, Azərbaycanın indiki mübarizəsinin bu üç instituta qarşı yönəldiyini vurğulayıb.

“Ermənistan bütün öhdəliklərini yerinə yetirib, Azərbaycan da üç öhdəliyi yerinə yetirməlidir: Azərbaycan prezidentinin imzasıyla qeyd olunmuş Dağlıq Qarabağın mövcudluğunu tanımaq, Dağlıq Qarabağda təmas xəttinə və Dağlıq Qarabağla Ermənistanı birləşdirən Laçın dəhlizinin mövcudluğuna hörmət etmək”, – Paşinyan söyləyib.

Bundan başqa Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da bir müddət öncə yerli mediaya müsahibəsində demişdi ki, Ermənistandan göndərilən çağırışçılar sentyabradək Qarabağdan çıxarılacaq, ancaq oradakı yerli çağırışçılar əvvəlki kimi “müdafiə ordusu”na cəlb olunacaqlar.

Qarşılıqlı ittihamlar…

Avqustun 3-də Qarabağda vəziyyət gərginləşib. Azərbaycan qarşı tərəfi təxribatda ittiham edib, bir əsgərin həlak olduğunu, buna cavab olaraq Qarabağda bəzi yüksəkliklərə nəzarəti bərpa etdiyini bildirib.

Qarabağdakı tanınmayan qurum isə 2 əsgərin öldürüldüyünü, 15 nəfərin yaralandığını deyir. Onlar Azərbaycan qüvvələrini təmas xəttini pozmaqda ittiham edirlər.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə, qısa müharibə nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Ötən ilin dekabrından bəri isə Avropa İttifaqı vasitəçiliyə başlamışdı.Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüs və iştirakı ilə Azərbaycanla Ermənistan liderlərinin 3 görüşü keçirilmişdi.

Sonuncu görüş mayın 22-də olub. Görüşdə iki ölkə arsında sülh sazişi, sərhədlərin müəyyən edilməsi kimi məsələlər müzakirə edilmişdi.

Bundan əvvəl iki ölkə arasında aparılan danışıqlarda əsasən Rusiya, ikinci Qarbağ Müharibəsindən öncə isə ATƏT-in Minsk Qrupu (ABŞ,Rusiya və Farnsa qurumda həmsədrlərdir) vasitəçilik edib.

XS
SM
MD
LG