Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:19

27 milyonluq yeyinti ittihamı: Səlim Müslümov məhkəməsinin qapalı keçirilməsini istəyir


S.Müslümov
S.Müslümov

27 milyon manatlıq yeyinti və rüşvətalmada suçlanan keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov öz məhkəməsinin qapalı keçirilməsini istəyir. Onun vəkili Ayxan Rüstəmzadə avqustun 8-də məhkəmədə bu barədə vəsatət qaldırıb.

Sabiq nazirin haqqındakı cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Avqustun 8-də məhkəmə istintaqı başlanması, yoxsa istintaqa qaytarılması və s. məsələlər müzakirə olunanda Müslümov da, müdafiəçiləri də məhkəmə araşdırmasına etiraz etməyib. Amma məhkəmə prosesinin qapalı keçirilməsi barədə vəsatət qaldırıblar.

"Sirr təşkil edən məlumatların yayılmaması üçün..."

Vəkil Ayxan Rüstəmzadə bu istəklərini əsaslandırarkən yada salıb ki, Müslümov uzun illər müxtəlif dövlət vəzifələrində işləyib. Cinayət işi də onun vəzifədə olduğu dövrdə fəaliyyətiylə bağlıdır. Müdafiəçinin dediyinə görə, işin içində Müslümovun peşə fəaliyyətinə aid açıqlanması arzu olunmayan məlumatlar, kommersiya sirri sayılan detallar ola bilər: "Bu səbəbdən hesab edirik ki, sirr təşkil edən məlumatların yayılmaması üçün məhkəmə prosesi qapalı keçirilməlidir".

Sabiq nazir də vəkilinin fikirlərini müdafiə etdiyini söyləyib.

Bu məsələni müzakirə edən hakimlər belə qənaətə gəlib ki, hazırkı mərhələdə ailə, kommersiya və s. sahədə sirr hesab olunan məlumatlar yoxdur. Ona görə də vəsatət təmin olunmayıb. Ancaq gələcəkdə sirr sayılan məlumatlar ortaya çıxarsa, o halda, bu məsələyə baxıla bilər.

Avqustun 15-də keçiriləcək növbəti məhkəmə iclasında keçmiş nazir haqqında ittiham aktında yazılanlar elan olunacaq, dindirmələr başlayacaq.

İttihamlar

61-yaşlı Səlim Müslümov 2000-ci ildən etibarən müxtəlif postlarda yüksək vəzifələrdə çalışıb. O, 2000-2002-ci illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini olub. Ardınca 11 il Dövlət Sosial Müdafiə Fondunun rəhbəri vəzifəsində fəaliyyət göstərib. 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib. Həmin vaxt Dövlət Sosial Müdafiə Fondu da nazirliyin tabeliyinə verilib. Müslümov 2018-ci ilə qədər nazir olub.

O, 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və barəsində həbs qərarı çıxarılıb. DTX-nın istintaq təcridxanasında saxlanılan Müslümov 2022-ci ilin mayında ev dustaqlığına buraxılıb.

Sabiq nazir 13 milyon manat rüşvətalma, 14 milyon manat mənimsəmə və israfetmədə suçlanır. AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, Müslümov 27 milyon manatın bir hissəsini ödəyəndən sonra səhhətindəki problemlər əsas gətirilərək həbsdən buraxılıb. O, CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Səlim Müslümov əlillər üçün fərdi yaşayış və internat evlərinin təmir-tikintisinə ayrılmış vəsaitlərin bir hissəsini mənimsəməkdə, nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərindən rüşvət almaqda və s. əməllərdə suçlanır.

Müslümov nazir olduğu dövrdə bu qurumun Aparat rəhbəri vəzifəsində çalışmış şair Əjdər Cəbiyev (Əjdər Ol) da onunla birlikdə həbs olunmuşdu. Lakin Əjdər Cəbiyev haqqındakı cinayət işi sonradan ayrılaraq məhkəməyə göndərildi. O, 8 il 3 ay azadlıqdan məhrum edilib. Cəbiyev özünü qismən təqsirli bilirdi. O, bir sıra hallarda qanunsuzluqlara yol verildiyini etiraf etsə də, deyir ki, əldə olunan vəsait büdcədə nəzərdə tutulmayan xərclərə yönəldilib.

XS
SM
MD
LG