Müsəlman Birliyi Hərəkatının üzvü Elşən Abbasov deyir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının masanın üstünə qoyduğu narkotiki üzərinə götürməkdən başqa əlacı yox idi. Onun sözlərinə görə, bundan öncə də sifarişlə həbs edilib və razılaşmayacağı halda, başına gələcəklərini ehtimal edirdi. İnanclı fəal bunu Gəncə Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən deyib.
44-yaşlı Abbasov Bərdə sakinidir, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onu Bərdədə saxlayıb. İnanclı fəalın üstündən 8.3 qram narkotik çıxdığı iddia olunur. Bu üzdən ona CM-in 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham verilib.
Amma Abbasov özünü təqsirli bilmir, deyir ki, sözügedən narkotikin ona heç bir aidiyyəti yoxdur. Ümumiyyətlə, narkotik və başqa pis vərdişlərdən uzaq biridir.
"Qarşıma narkotiki qoyub dedilər ki..."
Bərdədə ərzaq mağazasında satıcı işlədiyini deyən Abbasovun sözlərinə görə, tutulduğu gün – martın 3-də mülki geyimli şəxslər ona yaxınlaşıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını deyiblər: "Məni Bərdə Rayon Polis Şöbəsinə gətirdilər. Qarşıma narkotiki qoyub dedilər ki, "razılaşmasan, ailən də bura gətiriləcək, sənin əvəzinə qardaşın gedəcək". Bundan əvvəl də sifarişlə həbs olunmuşdum, bunlara bələd idim. Bilirdim ki, işgəncə və başqa vasitələrlə onsuz da boynuma qoyacaqlar...".
O vurğulayıb ki, Müsəlman Birliyi Hərəkatının üzvü olduğuna görə 2018-ci ildə də narkotik və silah ittihamıyla şərlənib həbs olunmuşdu. O zaman ona 2 il 6 ay həbs cəzası verilmişdi.
Gəncə Ağır Cinayətlər Məhkəməsində ifadə verən fəal bəraət hökmü çıxarılmasını istəyib.
Abbasovun vəkili ona qarşı təzyiqlərlə əlaqədar prokurorluğa şikayət edib, polislərin cəzalandırılması istənilib. Amma prokurorluq şikayətdə göstərilən halların təsdiqini tapmadığını bildirərək cinayət işi başlamaqdan imtina edib.
Məhkəmə ittihamı yüngülləşdirib
Məhkəmədə dindirilən polislər iddia edib ki, Abbasovun narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olması haqda əməliyyat məlumatı daxil olmuşdu. Ona görə üç nəfər Bakıdan Bərdəyə gedib onu saxlayıblar.
Gəncə Ağır Cinayətlər Məhkəməsi Abbasova bəraət verməsə də, ittihamı yüngülləşdirib – CM-in 234.4.3 maddəsini 234.1-ə (satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq narkotik əldə etmə, saxlama) tövsif edib. Əvvəlki maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulurdu.
Avqustun 30-da inanclı fəal haqqında hökm çıxarılıb və o, 2 il 6 ay azadlıqdan məhrum edilib.
"Düzdür, məhkəmə yüngülləşdirdi, amma bu adamın, ümumiyyətlə, heç bir cinayəti yoxdur axı. Adamı hər dəfə şərləyirlər, 2 il yarım türməyə göndərirlər. Belə zülm olar?!", – yaxınları AzadlıqRadiosuna belə deyib.
Xatırlatma
Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov da daxil olmaqla, təşkilatın xeyli üzvü həbsdədir. Bağırov və tərəfdarlarının əksəriyyəti 2015-ci ilin noyabrında Bakının Nardaran kəndində ikisi polis, dördü yerli sakin olmaqla, altı nəfərin öldüyü əməliyyat nəticəsində həbs olunub. Onlar dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s. əməllərdə suçlanıb.
20 il azadlıqdan məhrum edilən Bağırov özünü təqsirli bilmir, ittihamların yalan olduğunu, hakimiyyətin ünvanına kəskin tənqidlərinə görə cəzalandırıldıqlarını, polis idarəsində işgəncəyə məruz qaldıqlarını deyir.
Daxili İşlər Nazirliyi işgəncə iddialarını təkzib edib. Azərbaycan rəsmiləri də ölkədə heç kimin fikir və əqidəsinə görə təqib olunmadığını, həbs olunanların konkret cinayət əməllərinə görə cəzalandırıldıqlarını bəyan edir.
Müsəlman Birliyi Hərəkatının həbs olunan onlarla üzvünün bir hissəsi əfv fərmanlarıyla azadlığa buraxılıb. Bəzilərinin cəza müddəti başa çatdığına görə həbsdən buraxılıb. Bununla belə, təşkilatın 10-dan artıq üzvü hələ də həbsdədir.