Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:53

'Qardaşımı həbs etməklə hədələdilər, o ifadəni imzaladım'


Razi Hümbətov
Razi Hümbətov

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Razi Hümbətov deyir ki, sosial şəbəkələrdəki tənqidi paylaşımlarına görə şərlənib. O bildirib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində həm fiziki, həm də psixoloji işgəncələr altında onun olmayan narkotik maddəni üzərinə götürmək məcburiyyətində qalıb. Bu barədə o, noyabrın 4-də öz məhkəməsində ifadə verərkən danışıb.

Hümbətovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Telman Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası baxır. Məhkəmə prosesini izləməyə gələnlərin, o cümlədən jurnalistlərin prosesi izləməsinə imkan verilmir.

"Elə maşında döyməyə başladılar"

İnanclı fəal məhkəmədə ifadəsində deyib ki, təqsirsizdir, üzərindən tapıldığı iddia olunan narkotikin də ona aidiyyəti yoxdur. Onun sözlərinə görə, həmin narkotiki polis əməkdaşlarının özləri qoyublar.

"Əllərimi burub, zorla maşına oturtdular. Elə maşında döyməyə başladılar. Döyə-döyə də "bandotdel"ə apardılar. Ora çatandan sonra da işgəncə davam edirdi. Orada fiziki işgəncə ilə yanaşı, psixoloji təzyiqlər də başladı. Dedilər ki, əgər etiraf ifadəsini imzalamasam, qardaşımı da gətirəcəklər, onu da narkotiklə həbs eləyəcəklər. Razılaşdım, dedim ki, gətirin, imzalayıram", – Hümbətov bildirib.

O, istintaqda sonradan vəkilinin iştirakıyla dindirmədə də ilkin ifadəsini təsdiqləməyib. O ifadəyə təzyiq altında imza atdığını vurğulayıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları isə Hümbətovun narkotik maddələrin dövriyyəsi ilə məşğul olması haqda əməliyyat məlumatı daxil olduğunu deyir. Polislər iddia edir ki, əməliyyat məlumatı əsasında onu saxlayıblar və bu zaman üzərindən heroin tapılıb. Məhkəmə prosesi davam edir.

Facebook paylaşımı

Razi Hümbətov CM-in 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham olunur. Bu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Hümbətov iyulun 7-də saxlanılıb. Yaxınlarının AzadlıqRadiosuna bildirdiyinə görə, saxlandıqdan sonra iki gün ərzində onun yeri barədə ailəsinə heç bir məlumat verilməyib. Onun BMCMİ-də olduğunu iyulun 9-da biliblər.

Müsəlman Birliyi Hərəkatı Hümbətovun həbsi ilə bağlı yaydığı bəyanatda onun narkotikdən uzaq biri olduğunu, əksinə, bu problemə qarşı aktiv mübarizə apardığını vurğulayıb. Təşkilat da inanclı fəalın həbsini onun sosial şəbəkələrdəki paylaşımları ilə əlaqələndirir. O, həbsindən bir neçə gün əvvəl "Facebook" hesabından paylaşımında "İlham Əliyev, xalq səni sevmir" yazmışdı.

Xatırlatma

Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırov da daxil olmaqla, təşkilatın bir sıra fəalları həbsdədir. Onlar terrorçuluq, dövlət çevrilişinə cəhd və başqa ağır suçlamalarla uzunmüddətli həbs cəzasına məhkum ediliblər. Lakin hərəkat üzvləri bu ittihamları qəbul etmirlər, hakimiyyətin siyasətini açıq tənqid etdiklərinə görə cəzalandırıldıqlarını bildirirlər. Onlar həmçinin, həbs olunarkən polis orqanlarında, özəlliklə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ağır işgəncələrə məruz qaldıqlarını iddia ediblər. Daxili İşlər Nazirliyi isə onların işgəncə iddialarını rədd edib, bu barədə səslənən fikirlərin yalan olduğunu bildirib.

Azərbaycan rəsmiləri də, bir qayda olaraq, ölkədə heç kimin siyasi baxışlarına görə təqib olunmadığını vurğulayırlar.

XS
SM
MD
LG