Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 08:46

Ötən il Azərbaycanda çalışan türkiyəlilərin sayı iki dəfə artıb


Türkiyədə işləyənlər daha Azərbaycana pul göndərə bilmir
Gözlə

No media source currently available

0:00 0:04:16 0:00

Türkiyədə işləyənlər daha Azərbaycana pul göndərə bilmir (2021)

Dövlət Statistika Komitəsi (DSK) ötən ilin yekununa əmək bazarına dair ayrıntılı göstəriciləri açıqlayıb. Hesabatda Azərbaycanda rəsmi iş icazəsi ilə çalışan əcnəbilərlə bağlı bilgilərə də yer verilib. Rəsmi rəqəmlərdən aydın olur ki, 2021-ci ildə Azərbaycanda çalışan əcnəbilərin sayı kəskin artıb. 2020-ci ildə ölkədə rəsmi iş icazəsi ilə cəmi 5 min 287 nəfər fəaliyyət göstərib. Bir il ərzində bu rəqəm 2 min 411 nəfər və ya 46 faiz artaraq 7 min 698 nəfərə çatıb. Bu, ölkənin ciddi iqtisadi böhranda olduğu devalvasiya dövründən bəri ən yüksək göstəricidir. 2016-cı ildə Azərbaycanda 9 min 500 nəfər əcnəbi çalışıb. Sonrakı il ölkəni 3 minə yaxın əcnəbi işçi tərk edib və 2017-ci ildə bu rəqəm 6 min 600 nəfərə çatıb. 2018-ci ildə əcnəbi işçilərin sayı 5 min nəfərədək azalıb. Deməli, iki il ərzində ölkədəki əcnəbi işçilərin sayı iki dəfə aşağı düşüb.

Türkiyədən gələnlərin sayı çoxalıb

Statistik rəqəmlərdən aydın olur ki, ölkədə çalışan əcnəbi vətəndaşların say artımı, əsasən, Türkiyə vətəndaşlarının hesabına baş verib. Ötən il boyunca Azərbaycanda rəsmi iş icazəsi ilə çalışan Türkiyə vətəndaşlarının sayı 2 min nəfərdən 4 min 500-ə yüksəlib. Bu, həm də o deməkdir ki, Azərbaycanda rəsmi iş icazəsi ilə çalışanların 59 faizi Türkiyə vətəndaşlarıdır. Ehtimal etmək olar ki, Azərbaycanda çalışmağa başlayan Türkiyə vətəndaşlarının artmasının əsas səbəbi Qarabağdakı yenidənqurma işləridir. Bu baxımdan, Avtomobil Yolları Dövlət Agentliyinin də bir müddət öncəki açıqlaması diqqət çəkmişdi. Agentliyin iyun ayındakı məlumatında bildirilirdi ki, həmin vaxtadək işğaldan qurtarılmış ərazilərdə yol çəkilməsi üçün müvafiq portaldan 45 min 534 işçiyə icazə alıb. Həmin işçilərin 38 min 726 nəfəri Azərbaycan, 6 min 808 nəfəri Türkiyə vətəndaşı olub. Başqa deyimlə, Qarabağda yol infrastrukturu ilə bağlı işləyənlərin 15 faizi Türkiyə vətəndaşıdır.

Azərbaycanda çalışan britaniyalılar da yüzlərlədir

Türkiyə vətəndaşlarından sonra Azərbaycanda ən çox britaniyalılar çalışır. Bu ilin əvvəlinə ölkədə rəsmi iş icazəsi ilə çalışan britaniyalıların sayı 615 nəfər olub. Bu, ölkədəki əcnəbi işçilərin 8 faizi deməkdir. Onların sayı Azərbaycanda rəsmi iş icazəsi ilə işləyən bütün MDB ölkələri vətəndaşlarının sayından (560 nəfər) daha çoxdur. Bir məqam da var ki Azərbaycanda çalışan britaniyalıların sayı son illərdə ardıcıl şəkildə azalır. Son iki ildə 114 britaniyalı ölkəni tərk edib. 2018-ci ilədək Azərbaycanda çalışan britaniyalıların sayı mini aşırdı. Rəsmi iş icazəsi ilə çalışan əcnəbilər arasında üçüncü yeri Hindistan vətəndaşları tutur. Bu ilin əvvəlinə Azərbaycanda 387 Hindistan vətəndaşı çalışmaqdadır. Son bir ildə onların sayı yüz nəfərə yaxın artıb.

Cədvəl: 01.01.2022-ci il tarixinə Azərbaycanda rəsmi iş icazəsi ilə çalışan əcnəbilərin ölkələr üzrə sayı

Ölkə

İşçi sayı

1

Türkiyə

4 min 504

2

Böyük Britaniya

616

3

Hindistan

387

4

Rusiya

225

5

Filippin

214

6

İran

178

7

Gürcüstan

152

8

Ukrayna

138

9

ABŞ

95

10

Qazaxıstan

82

Tikinti sektoruna böyük axın var

DSK-nın rəqəmləri Azərbaycanda çalışan əcnəbilərin sektorlar üzrə sayını da görməyə imkan verir. Son bir ildə ölkədə çalışan əcnəbi sayındakı artım, əsasən, tikinti sektoru ilə bağlıdır. Belə ki, 2020-ci ildə Azərbaycanda tikinti sektorunda rəsmi iş icazəsi ilə çalışan əcnəbi ölkə vətəndaşlarının sayı 1 min 544 nəfər idi. Bir il ərzində bu rəqəm 2.6 dəfəyə yaxın artıb və təxminən 4 minə bərabər olub. Tikinti sektoru həm də ölkədə əcnəbi şəxslərin ən çox çalışdığı sahədir. Hazırda ölkədə rəsmi iş icazəsi ilə çalışan əcnəbilərin 52 faizi məhz tikinti sektorundadır.

Əcnəbilər mədənçıxarma sənayesində də çalışırlar

Tikinti sektorundan sonra Azərbaycanda xaricilərin ən çox çalışdığı sahə mədənçıxarma sənayesidir. Bu sektorda 988 əcnəbi çalışır və həmin rəqəm son illər onların sayının ardıcıl şəkildə azaldığını göstərir. Mədənçıxarma sənayesində çalışan xarici ölkə vətəndaşlarının sayı ilk dəfə ötən il min nəfərdən aşağı düşüb. Son iki ildə bu sektordakı əcnəbi sayı təxminən iki dəfə azalıb.

Ölkədə xarici vətəndaşların ən çox çalışdığı üçüncü sektorsa emal sənayesidir. Bu sahədə 543 əcnəbi fəaliyyət göstərir. Turizm sahəsində də son iki ildə əcnəbi vətəndaşların say artımı diqqət çəkir. 2019-cu ildə bu sektorda cəmi 200 əcnəbi vətəndaş çalışırdı. 2021-ci ildə bu rəqəm 397-ə çatıb. Daşınmaz əmlak sektorunda çalışan əcnəbi sayında da ötən il ciddi artım qeydə alınıb. 2020-ci ilədək bu sektordakı əcnəbi sayı 10 nəfərdən az idi, ancaq ötən il birdən-birə 50 nəfərə yüksəlib. Ticarət (311 nəfər) və təhsil (307 nəfər) sektorlarında çalışan əcnəbilərin sayı isə 300 nəfəri aşır.

XS
SM
MD
LG