Keçid linkləri

2025, 30 Mart, bazar, Bakı vaxtı 23:53

Yeniyetmə yaşında ana olan uşağın hekayəsi: məhkəmə hansı əsasla şərti cəza kəsib?


16 yaşında ana olan, boşanan Arzu: '80 manatla necə dolanım?'
Gözlə

No media source currently available

0:00 0:04:34 0:00

16 yaşında ana olan, boşanan Arzu: '80 manatla necə dolanım?'

"Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə Ağcabədi rayonunda bir yeniyetmənin ana olmasıyla bağlı olayı ictimailəşdirib. Onun bildirdiyinə görə, yeni doğulan körpənin atası bu əməlinə görə cinayət məsuliyyətinə cəlb edilsə də, ona şərti cəza verilib.

Olayın təfərrüatları barədə AzadlıqRadiosunun əldə etdiyi bilgiyə görə, ana olan yeniyetmə 2010-cu ildə doğulub və bu il fevralın 18-də uşaq dünyaya gətirib.

Olayın üstü ötən ilin noyabrında onun hamiləliyə görə həkimə getməsiylə açılıb. Ardınca uşağın atası C.A. həbs edilib. Ona Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsiylə ittiham verilib.

24 yaşlı C.A. deyib ki, bir-birini seviblər və hər iki ailənin razılığıyla nişanlanıblar. O, aralarındakı münasibətin könüllü şəkildə baş verdiyini vurğulayıb. Qarşı tərəfin yetkinlik yaşına çatmadığını, onunla cinsi əlaqəyə görə özünün cinayət məsuliyyəti daşıdığını bilmədiyini də deyib.

"Hazırda da anamla birlikdə bizim evdə yaşayırlar"

Onun sözlərinə görə, nişanlısının hamilə olduğunu biləndən sonra ailələr razılaşıb, öz aralarında kiçik toy edərək qızı öz evlərinə gətiriblər. Ardınca qərar veriblər ki, nikah yaşı çatınca, evliliyi rəsmiləşdirərlər.

"Hazırda da anamla birlikdə bizim evdə yaşayırlar. Artıq uşağımız da dünyaya gəlib. Evin yeganə qazanc gətirəni mənəm. Himayəmdə iki qadın, bir körpə var. Xahiş edirəm, bunu nəzərə alın", - C.A. məhkəmədəki son sözündə belə deyib.

Zərərçəkmiş G.M. onun dediklərini təsdiqləyərək yeni doğulmuş uşaqlarının olmasının nəzərə alınmasını istəyib.

Qızın anası da dindirilib, o da bənzər ifadə verərək deyib ki, qızı yeni doğulmuş körpəsi ilə birlikdə uşağın atasıgilin evində yaşayır: "Şikayətçi deyiləm. Onun həbsdə qalmasının qızıma heç bir müsbət təsiri olmayacaq".

Məhkəmə ailənin maddi durumunu, zərərçəkmişin və yeni doğulan körpənin psixoloji durumunu diqqətə alaraq təqsirləndirilən şəxsə, 1 il sınaq müddəti olmaqla, 6 il şərti cəza kəsib.

'Azərbaycanda uşaq məcburi ərə verilir'
Gözlə

No media source currently available

0:00 0:12:00 0:00

"Loyal münasibət" nəticəsində törədilib

"Məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarında da görünür ki, C.A. tərəfindən törədilmiş cinayət əməli mental və sosial-iqtisadi problemin nəticəsi olmaqla həm onun, həm zərərçəkmişin, həm də onların valideynlərinin buna loyal münasibəti nəticəsində törədilib", - məhkəmənin hökmündə belə yazılıb.

Martın 12-də hökmdən sonra C.A. həbsdən buraxılıb.

K.Ağazadə iddia edir ki, ana olan yeniyetmənin valideyni ondan imtina etdiyindən o, körpəsinin atasıgildə yaşamaq məcburiyyətində qalıb: "Azyaşlının ailəsi qızdan imtina edib. Niyə? Bir zəhmət, gedin icra hakimiyyətinə, uşağınızın mənafeyini qorumaq üçün ərizə yazın, qız reabilitasiya keçsin".

Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin regional qrupundansa bildirilib ki, valideynlər Ağcabədi rayon Polis Şöbəsinə dəvət olunub, onlarla profilaktik söhbət aparılıb. Ardından G.M valideynlərinin himayəsinə təhvil verilib.

Ağcabədi rayon İcra Hakimiyyətinin yaydığı açıqlamada deyilir ki, olaydan 2024-cü ildən bəri xəbərdardırlar və qanunauyğun addımlar da atılır, tədbirlər görülür.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən də deyilib ki, bu hadisə ilə əlaqədar həm Ağcabədi rayon İcra Hakimiyyəti, həm də Daxili İşlər Nazirliyi ilə bir sıra addımlar atıb.

Azərbaycan qanunlarına görə, ölkədə nikah yaşı 18-dir. 2023-cü ildə bir il öncəylə müqayisədə 18 yaşınadək anaların doğduğu uşaqların sayı 269 nəfər azalaraq 1742 nəfər olub. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bildirib.

XS
SM
MD
LG