Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:19

'Ərim məni qaçıranda 13 yaşım vardı. Həyətdə uşaqlarla top oynayırdım'


Nigar
Nigar

"16 yaşım vardı, səkkiz aylıq hamilə idim. Ərim evə gec gəldi, halsız idi, soruşdum nə olub? Elə bil, dinməyimi gözləyirdi. Bunu soruşan kimi vurdu məni. Gözü dönmüşdü, məni uzatdı yatağa, ayaqlarımı dəmir çarpayının aralarına keçirdi, kəməri ilə vururdu, dayanmırdı. Meyitimi xəstəxanaya çatdırdılar. Sonrası yadımda deyil".

Nigar (ad şərtidir) 14 il əvvəl yaşadığı hadisəni gözüdolu xatırlayır. Uzaqda dayanan 15 yaşlı qızına işarə edərək deyir: "Ərim məni qaçıranda ondan da balaca idim, 13 yaşım vardı. Həyətdə uşaqlarla top oynayırdım. Görmüşdüm oğlanı, açıqcası, xoşuma da gəlmişdi, bəyənmişdim, amma 13 yaşındakı uşaq ağlımla...".

"12 yaşımda süpürgəçi işləyirdim"

Nigar iki qızı ilə birgə Balaxanıda yarıuçuq evlərin birinə sığınıb. Qamışların arxasında itib qalan, gözdən-könüldən iraq bu evin qapısını illərdir döyən yoxdur. Nigar 12 ildir qızlarını burada təkbaşına böyüdür. O, məktəbə üçüncü sinfədək gedə bildiyini, ta uşaqlıqdan əzab-əziyyətə öyrəşdiyini deyir: "Ailədə dörd bacı, dörd qardaş olmuşuq. İstənməyən övlad olmuşam, anam, bətnindəki məndən gec xəbər tutub. Ona görə də, nə anamdan, nə də atamdan sevgi görmüşəm. Eləcə özüm-özümü böyütmüşəm, hətta pulumu da özüm qazanmışam. 12 yaşımda süpürgəçi işləyirdim, evlərə təmizliyə gedirdim. Süpürgəmin çubuğu özümdən böyük idi".

Nigar elə işdən evə qayıtdığı günlərin birində yan məhəllədəki oğlan onu görüb, bəyənib. Hətta Nigargilə bir neçə dəfə elçi də göndərib, amma yaşı az olduğundan valideynləri qızlarını nişanlamaq istəməyiblər.

Ondan 7 yaş böyük olan oğlan onu qaçıracağı ilə bağlı elə uşağın özünə xəbər göndərib, amma o, razılaşmadığını deyir: "Axır bir gün uşaqlarla həyətdə top oynadığım vaxt qaçırdı məni. O qədər ani oldu ki, heç nə edə bilmədim. Qucağına alıb maşına qoydu, sürətlə uzaqlaşdıq. Qışqırırdım, ağlayırdım. Günlərlə özümə gələ bilmədim. Amma nə olsun? Hər şey üçün çox gec idi".

'14 yaşımda tanımadığım adam mənə elçi gəldi' - Sürəyyanın hekayəti
Gözlə

No media source currently available

0:00 0:04:27 0:00

"Dörd ay sonra bildim ki, oğlan evli imiş"

Nigar danışır ki, bir neçə dəfə evdən qaçıb, hər dəfə oğlan onu yarıyoldan evə qaytarıb. Həm də onun gedəcək yeri də qalmayıbmış, ailəsi artıq ondan imtina edib..: "Evlənsəm də, özümü uşaq kimi hiss edirdim. Ərim işə gedəndə çıxırdım uşaqlarla top oynayırdım, özüm üçün həyətdə yelləncək qururdum. Dörd ay sonra bildim ki, oğlan evli imiş. Evin divarlarında uşaq şəkilləri görürdüm, hər dəfə soruşurdum ki, bəs bu uşaq kimdir? Deyirdi, bacımın oğludur. Sən demə, öz uşağı imiş. Evli olduğunu biləndən sonra ata evinə qayıtdım. Hərçənd ailəmlə də danışmırdıq, küsülü idik. Amma oğlan rahat buraxmadı məni, hər gün gəldi, yalvar-yaxar elədi, axırda da ailəm geri qaytardı".

Azərbaycan qanunlarına görə, ölkədə nikah yaşı 18-dir. Ancaq Ailə Məcəlləsində bir istisna da var – üzrlü səbəblər olduqda müvafiq icra hakimiyyəti nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Nigarın dediyinə görə, ilk vaxtlarda əri onunla yaxşı davranırmış. Böyük qızı dünyaya gələndə sonra isə ərinin davranışları dəyişməyə başlayır. Deyir, əri səhər tezdən qapını arxadan bağlayıb gedirmiş, o isə evdə yeməyə quru çörək də tapmırmış: "Hətta elə olub ki, acından ürəyim də gedib. Oturub için-için ağlayırdım. Heç vaxt unutmaram, ikinci uşağa hamilə idim, səkkiz aylıq idi. Sərxoş gəlmişdi evə, məni çox möhkəm döydü. Bədənim şişib nə boyda olmuşdu. O boyda geniş paltarı əynimdən qayçı ilə çıxarmışdılar. 10 gün reanimasiyada qaldım. Uşaq da doğuldu, üç gün sonra öldü... Mən ondan şikayətçi olmadım, xəstəxanadan çıxıb evə qayıtdım. Dedim, bir uşağım var. Uşaqla məni kim qəbul edəcək? Geri qayıtsaydım, min dənə söz danışacaqdılar, ona görə başımı aşağı saldım, oturdum evimdə".

Qızlar buna görə erkən ərə gedir: Şəmkirdən reportaj
Gözlə

No media source currently available

0:00 0:05:07 0:00

Erkən ana olmaq

Nigar erkən yaşda ana olmaqdan danışır. Deyir, böyük qızı doğulana qədər özünü uşaq kimi hiss edirmiş, amma ana olandan sonra həyatı tamamilə dəyişir: "Ana olmaq çox gözəl hissdir. Fatoş doğulanda elə bildim, bütün həyatım dəyişdi. Ona qədər ölməyi də istəmişəm... Qızım doğulandan sonra yaşamağa səbəbim oldu. Ana olanda 15 yaşım vardı, o qədər anlayışsız idim ki, uşağa necə toxunacağımı bilmirdim. O qədər balaca idi ki... elə bilirdim, toxunsam, qolları, ayaqları qırılacaq".

Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycanda 122 min 846 uşaq dünyaya gəlib ki, onlardan 2 min 11 nəfər yeni doğulan uşağın anası yetkinlik yaşına çatmamış 15-17 yaşlı qızlardır.

15-17 yaşarası ana olanlardan 120 nəfər ikinci dəfə uşaq doğub. Bu yaşlarda daha 11 nəfərsə artıq üçüncü dəfə ana olub. Erkən yaşda ana olanların 32 faizi şəhərlərdə, 68 faizi kəndlərdə yaşayır.

"Qızlarımı əsla tez evləndirmərəm"

Nigar da 17 yaşında ikinci dəfə ana olur. Başı iki uşağa qarışan Nigar sonradan xəbər tutur ki, aylarla evə gəlməyən həyat yoldaşı qonşuluqda yaşayan başqa bir qızı qaçırıb. Elə bu hadisədən sonra o, iki qızını da götürüb ata evinə qayıdır. Onun sözlərinə görə, qaçırılmasından, erkən evliliyindən qonum-qonşunun məlumatı olsa da, nə polis, nə icra hakimiyyəti xəbər tutub. Nigar deyir, rəsmi nikahı olmadığından uşaqlarına heç aliment də ala bilmir: "Ailəm məni çöldə qoydu, bir həftə mən uşaqlarla çöldə yatdım. Küləkdə, yağışda. Evsiz qaldıq, çöllərdə qaldıq. Bir adam əlimizdən tutub qaldırmadı. Uşaqları qoyub işə gedirdim, balaca idilər. Gəlib görürdüm ki, əli yanıb, qolu yanıb. Elə günlərimiz olub ki, gözləmişəm, kimsə qapısına çörək assın, gedib onu götürüm, uşaqlara gətirim. Bir dəfə güclü qar yağdı. Evdə nə qaz var, nə işıq var, nə odun. Qar elə yağmışdı ki, evin pəncərəsi aşıb içəri düşmüşdü, uşaq qarın altında qalmışdı. Səhər-səhər durub onu qarın altdan çıxaranda uşaq donmuşdu. İndi o dövrü cəhənnəm kimi xatırlayıram".

16 yaşında ana olan, boşanan Arzu: '80 manatla necə dolanım?'
Gözlə

No media source currently available

0:00 0:04:34 0:00

Nigar indi evlərə gündəlik təmizliklərə getməklə, arabir də qızları ilə dəmir yığıb satmaqla evi dolandırır. Dediyinə görə, kasıb yaşasa da, ən azından azaddır və qızları ilə xoşbəxtdir: "Qızlarımı əsla tez evləndirmərəm, böyük qızı gözəllik salonuna qoyacağam, əlinin sənəti olsun, balaca isə oxumaq istəyir. Gücüm çatan qədər çalışacağam ki, onlar öz ayaqlarının üstündə dursunlar, xoşbəxt olsunlar".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bir neçə il öncə BMT-nin Uşaq Fondu ilə birgə apardığı tədqiqatda Azərbaycanda erkən nikahların səbəbləri araşdırılıb. Bəlli olub ki, erkən nikah bağlayan qadınların 37.4 faizi öz istəyi ilə, 25.9 faizi valideynlərinin təzyiqi altında, 10.7 faizi ailədə maddi durumun çətinliyi üzündən, 7.9 faizi ərinin varlı olduğuna, 6.4 faizi qaçırıldığına və 1.6 faizi hamilə qaldığına görə erkən nikaha daxil olub.

XS
SM
MD
LG