Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:46

'Ərimi harada gizlədim?'


Rusiya-Monqolustan sərhədi
Rusiya-Monqolustan sərhədi

Rusiyanın bəzi regionlarında kişilər avtobuslardan endirilir, həyat yoldaşları, anaları, bacıları ağlayaraq onlara əl edir. Bəzi başqa bölgələrdə isə kişilər özlərini döyüşə hazırladıqlarını deyirlər. Qazaxıstan, Gürcüstan və Monqolustanla sərhədlərdə qonşu Rusiyanı tərk etməyə çalışanların maşınlarının uzun növbələr yaratdığı bildirilir.

Prezident Vladimir Putinin sentyabrın 21-də öncədən yazılmış televiziya müraciətində "qismən" səfərbərlik elan etməsi artıq yeddi aydır davam edən müharibənin gedişində dönüş yaratmaq məqsədi daşıyır.

Putinin əmri qısa zaman ərzində Rusiya cəmiyyətinin içərisində də dəyişiklik əlamətləri yaratmağa başlayıb. Özü də bu, nəsillərlə görünməmiş dəyişiklikdir.

300 min, yoxsa...

Müdafiə naziri Sergey Şoyqu səfərbərlik sayəsində döyüş meydanına 300 min əlavə adam çıxarıla biləcəyini deyib. Qərb rəsmiləri Rusiyanın döyüşlərdə artıq 70 min – 80 min canlı qüvvə itirdiyini bildirirlər.

Səfərbərliyin yaratdığı effektin həcmini görəndə 300 min rəqəminin əslində gözdən pərdə asmaq üçün səsləndirildiyini, daha çox insanın hədəfə alındığını ehtimal etmək olar.

Rusiyada nəşri dayandırıldıqdan sonra xaricdə çıxmağa başlayan “Novaya Gazeta Europe” qəzeti sentyabrın 22-də Purinin əmrindəki gizli bənddə 1 milyonadək adamın orduya çağırılmasının nəzərdə tutulduğunu bildirib. Qəzet bu xəbəri prezident administrasiyasının anonim bir rəsmisinə istinadən verib.

Rusiyadakı azərbaycanlılar səfərbərlik haqda: ‘Böyük narahatıq var’
Gözlə

No media source currently available

0:00 0:15:56 0:00

“Meduza” saytı isə adı çəkilməyən, “federal nazirlərdən birinə yaxın olan” bir dövlət rəsmisinə istinadən gizli planda 1,2 milyon adamın səfərbərliyə cəlbinin nəzərdə tutulduğunu bildirir.

Putinin əmrindən sonrakı iki gün ərzində Rusiyada səfərbərlik tədbirləri haqda yayılan xəbərlərin sayı-hesabı yoxdur.

"Başqa kimi göndərsinlər?”

Sakit okean sahilindəki Primorye regionunda polis maşınlarının ucqar bir kəndin küçələrində səsucaldıcılarla səfərbərlik idarələrinin yerini və kişilərin özləri ilə gətirməli olduğu sənədləri sadaladığı görüntülənib.

Gəmiqayırma kompleksləri ilə tanınan Bolşoy Kamen adlı sənaye şəhərində isə orduya yazılanlar səhər saat 9 olmamış səfərbərlik idarəsinin qarşısında növbəyə düzülüblər.

Videoda bir kişi "Başqa kimi göndərsinlər?” – deyə sual edir.

“Yaşlıları? Uşaqları? Qadınları? Bizi göndərməyib kimi göndərsinlər?” – o deyir.

Yakutiyada çox sayda kişinin avtobus və təyyarələrə doluşduğu görüntülənib. Respublikanın cənub-şərqində yerləşən bir ucqar kənddə isə səsucaldıcılarla sovet dövrünün məşhur “Katyuşa” mahnısı səsləndirilir.

Şimali Qafqazda yerləşən Kabarda-Balkariyada isə kütlə səfərbərlik rəisi ilə mübahisə edir. Rəis öz oğlunun “xoşbəxt bir təsadüf sayəsində” döyüşə getməyəcəyini deyəndə kütlə çox qəzəblənir.

Krım tatarları

Rusiyanın 2014-cü ildə Ukraynadan qopararaq ilhaq etdiyi Krımın Simferopol şəhərində isə səfərbərlik idarəsinin qarşısında iri növbənin görüntüləndiyi “YouTube” videosu var. Onların çoxunun Krım tatarları olduğu iddia edilir. Rusiyanın Krımı ilhaq etməsinə qarşı çıxan Krım tatarları dəfələrlə Rusiya rəsmilərinin təzyiqinə məruz qalıblar.

Ukrayna hökumətinin işğal olunmuş yarımada üzrə nümayəndəsi Tamila Taşeva öz “Facebook” postunda Krımın tatar kəndlərində azı min çağırış vərəqəsinin paylandığını bildirib.

O həmçinin tatarların çoxluq təşkil etdiyi bölgələrdə məktəb və bazarlarda “reyd”lərin keçirildiyini, kişilərin “maşınlara doldurulduğunu” da bildirib. “Əlinizdən gələni edin, səfərbər olunmamaq üçün qanini və qanunsuz olan bütün üsullardan istifadə edin”, – o yazıb.

Günün sualı

Rusiyanın mərkəzi hissəsində yerləşən Çuvaşiyada “WhatsApp”, “Viber” və “Telegram” kimi platformalarda qəfildən yaranan onlarla çat otağında insanlar qorxu içində səfərbərlikdən yayınmağın yollarını müzakirə edirlər.

"Mənim çevrəmdə dost-tanış ancaq bir məsələni müzakirə edir: ərimi harada gizlədim?”, – Olqa adlı bir qadın AzadlıqRadiosunun Tatar-başqırd Xidmətinə aid “Idel.Realities” saytına müsahibəsində deyib.

Kazanda yaşayan bir kişi isə radionun Tatar-başqırd xidmətinə əvvəllər Rusiya ordusunun hərbi kəşfiyyatında xidmət etdiyini, indi də çağrıla biləcəyini, lakin Ukraynaya müdaxilənin mənasız olduğunu deyib. “Yayda vəziyyət gərginləşəndə ölkəni tərk etmək haqda düşündüm. Ancaq yaxınlarım, dostlarım buradadır, vətənim buradır, ona görə də qaldım. Düşünmürəm ki, insanlar nə baş verdiyini anlayır. Heç kim baş verənləri dayandırmağa çalışmır”, – o deyir.

Qaçanlar

Putinin əmrindən sonra bir neçə etirazın baş qaldırdığı Moskvada yerli xəbər saytları saxlanaraq polis maşınlarına doldurulan etirazçılara yerindəcə çağırış vərəqələri paylandığını bildiriblər.

Sentyabrın 22-də Gürcüstanla Rusiyanın Şimali Qafqaz regionunu birləşdirən Verxniy Lars adlı əsas magistral yolda avtomobillər və yük maşınlarının yaratdığı 6 kilometrlik növbə qeydə alınıb.

Ukraynanın uğurlu əkshücumunun ardınca Kremlin tam səfərbərlik elan edəcəyi ilə bağlı gözləntilər səsləndirildi. Ancaq hərbi təhlilçilər Rusiyanın hərbi təlim və səfərbərlik sisteminin bu qədər çox sayda insan axınının öhdəsindən gəlməyə hazır olmadığını deyirlər.

“Müqaviləli əsgərlər”

Ekspertlər yeni səfərbər olunan əsgərlərin təlim və təchizatla təmin edilərək döyüş zonasına çatdırılması üçün aylarla vaxt lazım olduğunu deyirlər. Bu müddət ərzində Ukrayna qüvvələri Luhansk və ya Xerson bölgəsinə yeni əkshücumlar təşkil edə bilərlər.

Yeni toplanan heyətin bir hissəsinin “müqaviləli əsgərlərdən” ibarət olacağı da istisna edilmir. Onların arasında xidmət müddətini yeni tamamlayan çağırışçılar da ola bilər, könüllü qısamüddətli müqavilə bağlayanlar da.

Ancaq Vaşinqtonda fəaliyyət göstərən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Avropa Proqramının direktoru Maks Berqmann bir şərhində yazır ki, bu, əhval-ruhiyyə və intizam baxımından ciddi problemlərə gətirib çıxara bilər.

"Putin üçün həyati əhəmiyyətli təhlükə ondan ibarətdir ki, qərarının effekti olarsa, müharibəni daha çox rusiyalının evinə daşıyacaq. Müharibələr yalnız bir nöqtəyə qədər populyar olur”, – o yazıb.

XS
SM
MD
LG