Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:31

'Baku Steel Company'nin rəhbəri: 'Pulları göndərdiyim adam elə səviyyədədir ki...'


Rasim Məmmədov
Rasim Məmmədov

“Baku Steel Company” MMC - poladəritmə zavodunun iki ilə yaxındır həbsdə olan keçmiş rəhbəri Rasim Məmmədovla şirkətdə onun birinci müavini olmuş Çingiz Həsənov bir-birini ittiham edir.

Onlar orta məktəbdə birlikdə təhsil alıblar, dost olublar, 2009-cu ildən də “Baku Steel Company”də birlikdə işləyiblər. Həsənov öncə şirkətdə maliyyə direktoru, sonradan birinci müavin olub.

Yeyinti nəticəsində “Baku Steel Company”ə 185 milyon manat ziyan vurmaqda ittiham olunanan Məmmədovdan sonra Həsənovu da həbs ediblər. O, 8 ay Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlansa da, sonradan azadlığa buraxılıb. Amma barəsində cinayət təqibi davam edir.

13 milyon manatlıq kəsir

Həsənovun istintaqa ifadəsində “Baku Steel Company”də armatur satışı, metal alışı zamanı qiymətlərin şişirdilməsi, qeyri-rəsmi xərcləmələr haqda fikirlər yer alıb. O bildirib ki, bütün bunlar Məmmədovun rəhbərliyi və göstərişiylə həyata keçirilirdi. Ondan icazəsiz heç bir əməliyyat aparılmırdı.

Həsənov məhkəmədə də “Baku Steel Company”də 13 milyon manatlıq kəsirə görə Məmmədovu ittiham edib:

“Sənə 50 dəfə demişdim ki, bu kəsir məsələsini həll elə, başımız ağrıyacaq... Sən dost olsaydın, qoymazdın ki, nə dostların düşsün həbsxanaya, nə də özün...”

Həsənov iddia edib ki, şirkətdən Məmmədova qeyri-rəsmi şəkildə verilən milyonlarla vəsait onun zavodlar, evlər almasına və başqa xərclərinə yönəlib.

“Yəni o pullar hara lazımdırsa, gedib çatıb”

Keçmiş dostu və birinci müavininin danışıq tərzi Məmmədovu narazı salıb. O bildirib ki, onun adına yazılan milyonların əslində hara, kimlərə getdiyi məlumdur. Sadəcə, o adamın adını çəkmirlər:

“Mən elə bilirdim ki, biz dost olmuşuq, sən demə, dost olmamışıq. Düzdür, o vəsaitlər mənim adıma yazılıb, amma mən götürməmişəm. Biz indi o adamların adlarını çəkmirik. O pullar göndərilib. Şirkətdə aşağıda polislər vardı, pulu aparıb təhvil verirdi. Zəng gəlirdi ki, “aldım”, ondan sonra öz dəftərçəmdə qeyd eləmişəm. Yəni o pullar hara lazımdırsa, gedib çatıb...”

Bu cavabdan sonra Həsənov ona təklif edib ki, pulları verdiyi şəxs hər kimdirsə, ona xəbər göndərsin, gətirib qaytarsın. Bu təklifə Məmmədovun cavabı belə olub:

“O adam elə səviyyədədir ki, ona bu sözü demək olmur da...”

Məmmədov vurğulayıb ki, başqasına göndərilən vəsaitləri onun ayağına mənimsəmə kimi yazıblar. Onun sözlərinə görə, özünə aidiyyəti olmayan mənimsəməyə görə istintaq dövründə bir sıra əmlakları satılıb, 22 milyon ödənilib.

Ofşor şirkətlər

Şahid Həsənovun sözlərinə görə, Məmmədov “Baku Steel Company”nin rəhbəri ola-ola onun üç şirkəti vardı.

“Baku Steel Company”nin istehsal etdiyi armaturlar bu şirkətlərə endirimli qiymətlə verilir, həmin şirkətlər də onu bazar qiymətinə satıb.

O, əlavə edib ki, xarici ölkələrə satış üçün Məmmədovun ofşor şirkətləri vardı, onların vasitəsilə əməliyyatlar həyata keçirilirdi.

Məhkəmədə o da məlum olub ki, keçmiş zavod rəhbərinin Azərbaycandakı daşınmaz əmlaklarıyla yanaşı, Türkiyədə də evləri var.

Bu iş üzrə ilk məhkəmə iclasında təqsirləndirilən Məmmədov bildirmişdi ki, 2011-ci ildə “Baku Steel Company” ilə bağlı Prezident Administrasiyasının o zamankı direktoru Ramiz Mehdiyev və Prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovla üçlükdə aralarında razılaşma olub. O, razılaşmanın detallarını açıqlamamışdı.

O, zavoddan maaş alıb-almaması haqda sualı cavablandırarkən isə bildirmişdi ki, onun konkret maaşı olmayıb. Gəlirlər üç nəfər arasında bölünüb, o da öz payını götürüb.

Məhkəmədə Bəylər Əyyubovun adını çəkən işadamının vəkili niyə tutuldu?
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

Xatırlatma

1976-cı il təvəllüdlü Rasim Məmmədov “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur.

Cinayət işində söhbət 185 milyon manatlıq mənimsəmə və israfetmədən gedir.

Məmmədova CM-in 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və başqa maddələrilə ittiham verilib. Bu maddələr üzrə cinayət qanunvericiliyində 14 ilə qədər həbs cəzası nəzərdə tutulub. O, özünü təqsirli bilmir.

XS
SM
MD
LG