Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:54

'Azərxalça' işi: Ali Məhkəmədən 30 milyonluq əmlakla bağlı yeni qərar


Prezident İ.Əliyev və V.Muradov "Azərxalça" ASC-nin Şəmkir filialının açılışında. 2017
Prezident İ.Əliyev və V.Muradov "Azərxalça" ASC-nin Şəmkir filialının açılışında. 2017

"Azərxalça" ASC-nin keçmiş rəhbəri, həbsdən ev dustaqlığına buraxılandan beş gün sonra vəfat edən Vidadi Muradovun ailə üzvləri ölümündən sonra da olsa, ona bəraət verilməsi və əmlaklarının geri qaytarılmasını tələb edirlər. Hüquqi varisi kimi, həyat yoldaşı Rəhilə Muradova onun təqsirli bilinməsi və 30 milyon manatlıq əmlakın müsadirəsi haqda hökmdən yuxarı instansiya məhkəmələrinə şikayət verib.

Müsadirə olunan əmlakların bir hissəsi onun oğlu Aydın Muradovun, həmçinin Xaqani Talıbov, Kamran Məcidov adlı qohumlarının mülkiyyətində olduğuna görə onlar da hökmdən şikayətçidirlər.

Bakı Apellyasiya Məhkəməsi mərhum Muradov haqqında hökmü qüvvədə saxlasa da, Ali Məhkəmə onun qərarını ləğv edib.

Əmlaklarla bağlı hissə yenidən araşdırılacaq

"Azərxalça"nın sabiq rəhbərinin təqsirli olub-olmaması və əmlaklarla bağlı məsələyə oktyabrın 12-də Ali Məhkəmədə Əziz Seyidovun sədrlik etdiyi hakimlər kollegiyası baxıb. Onlar belə nəticəyə gəlib ki, mərhum Muradovun təqsirli sayılması hissəsində aşağı instansiya məhkəmələrinin hökm və qərarları əsaslıdır. Amma 30 milyonluq əmlakın müsadirəsi məsələsinə yenidən baxılmalıdır. Ona görə də bu hissədə hökmün yenidən araşdırılması üçün Muradovun işini təkrar apellyasiya məhkəməsinə qaytarıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Muradov 21 milyonluq mənimsəmə, 640 min 922 manat vergidən yayınma və başqa əməllərdə suçlu sayılsa da, ölümü ilə əlaqədar onun barəsində cinayət işinə xitam verilib.

Dövlət Vergi Xidməti məhkəmədə mülki iddia qaldırmışdı ki, 640 min 922 manat borc ödənsin. Bu mülki iddia da təmin olunmuş, müsadirə olunmuş əmlakın hərracda satışından əldə olunan vəsaitin bir hissəsinin vergi borcunun ödənilməsinə yönləndirilməsinə qərar verilib.

19 milyonluq daşınmaz əmlak...

Muradov tutulanda onun özünün və qohumlarının adına olan, ümumi dəyəri 30 milyon 587 min manatlıq əmlakın üzərinə həbs qoyulmuşdu. Bunlardan 19 milyon 145 min manatı daşınmaz əmlaklar, o cümlədən evlər, obyektlər, qalan təxminən 11.5 milyon manatı isə Muradovun şirkətinin – "Azər-İlmə" MMC-nin səhm payları və aktivləri idi.

Bakı Ağır Cinayətlər Məhkəməsi paytaxtın Həsən Əliyev küçəsində yerləşən bir ev istisna olmaqla, üzərində həbs olan qalan bütün əmlakın müsadirə olunmasına qərar verib.

Muradovun vəkili isə deyir ki, o, müsadirə olunan əmlakların böyük bir hissəsini "Azərxalça" ASC-nin sədri olmamışdan əvvəl əldə edib. Yəni, ittihamlara aidiyyəti yoxdur. Bir hissəsi də övladı Aydın Muradov və başqa qohumunun əmlaklarıdır.

Xatırlatma

21 milyon 673 min manatlıq mənimsəmə, 640 min manat vergidən yayınma kimi əməllərdə suçlanan Vidadi Muradov 2021-ci ilin yanvarında həbs olunub. Onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilən Muradov noyabrın 1-də ev dustaqlığına buraxılıb. Noyabrın 5-də isə vəfat edib.

Cinayət işinin materiallarında iddia olunur ki, Muradov öz şirkəti "Azər-İlmə" MMC-nin Bakıda yerləşən inzibati binasını dövlət şirkəti olan "Azərxalça" ASC üçün bazar qiymətlərindən daha yüksək qiymətə icarəyə götürüb. "Azərxalça"nın pulu - xalça istehsalı üçün ip alınması məqsədilə nəzərdə tutulan vəsait formal olaraq müxtəlif şirkətlərin hesabına köçürülüb. Həmin şirkətlərin rəhbərləri köçürülmüş vəsaiti hesabdan çıxarıb nağdlaşdırandan sonra geri qaytarıblar.

Bundan əlavə, "Azərxalça"nın ölkənin müxtəlif bölgələrində 23 müəssisəsinin tikintisi zamanı qiymətlərin şişirdilməsi, daha ucuz və keyfiyyətsiz materiallarla işlərin görülməsi nəticəsində də külli miqdarda yeyintinin olduğu bildirilir.

Məhkəmədə dindirilən şahid ifadələrindən məlum olub ki, bu sahəyə heç bir aidiyyəti olmayan adamların adına şirkətlər açılıb və həmin şirkətlər "Azərxalça"nın tenderlərində qalib elan edilərək hesablarına külli miqdarda vəsaitlər köçürülüb. Sonradan həmin vəsaitlər geri qaytarılıb.

Muradova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 213.3 (vergiləri ödəməkdən yayınma- xüsusilə külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

Onun oğlu Cavid Muradov Bakının öncə Səbail rayonunun polis rəisi olub. Hazırda isə Sabunçu rayon Polis İdarəsinin rəisidir.

XS
SM
MD
LG