Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 16:30

Həbsdəki MTN-çilər arasında qalmaqal: 'Biz düşmənik, ona nifrət edirəm'


MTN bölündü...
Gözlə
Embed

No media source currently available

0:00 0:02:45 0:00

MTN bölündü... (2015)

Həbsdə olan keçmiş Milli Təklüləsizlik Nazirliyinin (MTN) yüksək vəzifəli şəxsləri arasında dekabrın 27-də məhkəmədə qalmaqal yaşanıb. Olay Bakı Apellyasiya Məhkəməsində sabiq MTN generalı, uzun illər nazirliyin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Mövlam Şıxəliyev ilə vaxtilə onun tabeliyində çalışmış polkovnik, İbtidai istintaq idarəsinin rəis müavini olmuş Yasin Məmmədov arasında baş verib.

"Mövlam Şıxəliyev mənə nifrət edir, mən də ona. Həmişə münasibətlərimiz gərgin olub, rütbə, ev almağa qoymayıb. Mənim ona vəzifəsinə görə hörmətim olub. Bu gün bu adamla məni necə birləşdirmək olar?", – Məmmədov birlikdə mühakimə olunduğu generalın ünvanına belə deyib.

Onlarla yanaşı, eyni dövrdə çalışan daha iki MTN polkovniki - sabiq şöbə rəisi Vüsal Ələkbərov və rəis müavini Sahib Ələkbərov da mühakimə olunur.

"Əgər cinayət eləmişdimsə..."

Polkovnik Məmmədov iddia edib ki, keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovla da heç vaxt ünsiyyətdə olmayıb, zərərçəkmiş kimi tanınan şəxslərdən pul almayıb. Bu adamların ona pul verməsi haqda niyə ifadə verdiklərini isə bilmir.

MTN DTX-ya çevriləndən sonra da Məmmədov 6 il orada işləyib. Baxmayaraq ki, hələ 2015-ci ildə həbs olunan və vətəndaşlardan hədə-qorxu ilə pul, əmlak tələb etməkdə təqsirləndirilən sabiq MTN vəzifəliləri ilə bağlı cinayət işində onun adı keçirdi. Zərərçəkmiş qismində tanınan şəxslər ifadələrində onu ittiham edirdilər. O, həmin dövrdə şahid qismində dindirilmiş, DTX-da işində qalmışdı.

Hələ o zaman mətbuatda Məmmədovun işini davam etdirməsi onun Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədovun qardaşı olması ilə əlaqələndirilirdi.

Özü isə məhkəmədə belə deyib: "2015-ci ilə qədər MTN-in yaratdığı neqativ halları aradan qaldırmaq üçün gecə-gündüz işdə yatmışam. O haqsızlığı, ədalətsizliyi aradan qaldırmaq üçün canımı qurban vermişəm. O neqativ halları mən aradan qaldırmışam. Əgər cinayət eləmişdimsə, 2015-ci ildən 2021-ci ilə qədər DTX-da necə işləmişəm?".

Zərərçəkmişlərin narahatlığı

Şıxəliyev keçmiş işçisinin onunla bağlı dediklərinə qısa cavab verib: "Mən bununla necə işbirliyində olub, rüşvət ala bilərdim ki, mənə belə ittiham veriblər?".

MTN-də saxta ittihamla tutulub, ailələrindən külli miqdarda pul alınandan sonra azadlığa buraxıldığı iddia olunan zərərçəkmişlər Şıxəliyevlə Məmmədovu eyni şüşə kabinədə saxlamamağı hakimlərə tövsiyə ediblər. Onlar insident baş verə biləcəyini istisna etməyiblər.

Sabiq MTN-çilərin məhkəməsində növbəti dəfə keçmiş Baş prokuror Zakir Qaralov və onun birinci müavini Rüstəm Usubovun dindirilməsi məsələsi qaldırılıb. Həm zərərçəkənlər bunu istəyib, həm də sabiq MTN-çilər. Lakin hakimlər yenə "yox" deyib.

Keçmiş polkovniklər ev dustaqlığına buraxılmalarını xahiş etsələr də, bu məsələdə də rədd cavabı alıblar.

Xatırlatma

Mövlam Şıxəliyev 2021-ci ilin aprelindən həbsdədir. Sentyabrın 21-də Bakı Hərbi Məhkəməsində ona və vaxtilə MTN-də tabeliyində çalışmış daha üç polkovnikə -keçmiş şöbə rəisləri Yasin Məmmədov Vüsal Ələkbərov, rəis müavini Sahib Ələkbərova hökm oxunub. Hökmə əsasən, Şıxəliyev 12 il, Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib. Şıxəliyevdən başqa digər üç nəfər həbsdə deyildi. Onlar hökm oxunanda məhkəmə zalından həbs olunublar.

Məhkəmə həmçinin Şıxəliyevin general-mayor, digərlərinin polkovnik rütbəsi və bir sıra başqa təltiflərinin alınmasına qərar verib.

Cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən, hədə-qorxu ilə adamların 5 milyon 77 min manatının ələ keçirilməsindən söhbət gedir. Sabiq MTN-çilərin heç biri bu ittihamları qəbul etmir, özlərini təqsirli bilmirlər. Deyirlər ki, MTN-də bu işləri özbaşına edə bilməzdilər, çünki istintaqa prosessual nəzarət orqanı var – prokurorluq. Şıxəliyev və digərləri bildirib ki, cinayət işi MTN-in İstintaq Baş İdarəsində başlansa da, qərarı baş prokuror və onun birinci müavini verirdi. Cinayət işi başlamaq, şəxsin barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat vermək və s. səlahiyyətlər ancaq prokurorluqdadır. Onlar bildirib ki, əgər ortada kiminsə qanunsuz həbs olunması varsa, buna görə prokurorluq, həbs-qətimkan tədbiri seçən məhkəmə, saxta rəy verən ekspertiza da məsuliyyət daşımalıdır.

Şıxəliyev və onunla birlikdə təqsirləndirilən şəxslərin adları zaman-zaman bir sıra ictimai-siyasi fəalların həbsində hallanıb.

XS
SM
MD
LG