Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 08:22

Qazaxıstan səfərbərlikdən qaçmış FSB zabitini deportasiya edib


Arxiv fotosu
Arxiv fotosu

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Ukraynadakı müharibədən ötrü səfərbərlikdən Qazaxıstana qaçan zabiti geri qaytarılıb. Bu haqda onun həyat yoldaşı məlumat yayıb.

Yekaterina Jilinanın dediyinə görə, 36 yaşlı mayor Mixail Jilin Astanadan çıxarılıb. O, həyat yoldaşına zəng edərək Qazaxıstanın şimal-şərqindəki Semey şəhərində olduğunu, rəsmi orqanların onu Rusiya ilə sərhədə aparmağa hazırlaşdığını söyləyib.

Rusiya Prezidenti Vladimir Putin sentyabrda Ukraynada müharibədə qüvvə sayını artırmaq üçün səfərbərlik elan edib. Bu zaman Jilin həyat yoldaşı və övladlarını Qazaxıstana göndərə bilib.

Özü isə FSB zabiti olaraq qanunsuz sərhədi keçib, çünki ölkədən çıxmasına icazə verilməyib. Qazaxıstanda siyasi sığınacaq üçün müraciət etsə də, rədd cavabı alaraq həbs edilib.

Qərardan apellyasiya şikayətinə dekabrın 28-də baxılıb, rədd olunub. Abay regional məhkəməsi dərhal deportasiya qərarı çıxarıb.

Konvensiyanın pozulması

Qazaxıstan İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Beynəlxalq Bürosunun direktoru Yevgeni Jovits Jilin deportasiya olunduğunu təsdiqləyib. Jovits deyib ki, bu qərar Qazaxıstanın üzv olduğu qaçqınların statusu üzrə konvensiyanı pozur.

Həmin konvensiya qaçqınların statusu müəyyənləşdirilənə qədər onların məcburi qaytarılmasını qadağan edir.

“Burada nüanslar var. Mahiyyətcə isə Qaçqınların Statusu üzrə Konvensiyanı pozur”, – Jovits vurğulayıb.

Onun sözlərinə görə, Jilinin ikinci məhkəməsi keçirilməmiş deportasiya qərarı verilib. Bundan başqa, BMT-nin İnsan hüquqları komitəsinə müraciət kimi xüsusi prosedurlar da var.

Jovits inanır ki, Jilinin Rusiyaya ekstradisiyası üçün Qazaxıstana təzyiq göstərilib və bunu “kədərli vəziyyət” adlandırıb. O, Jilinin “sadəcə ölmək üçün təhvil verildiyini” söyləyib.

Jovits bu insidentin Qazaxıstanın imicinə “çox pis” təsir göstərəcəyini deyib, ancaq onu da əlavə edib ki, görünür, Qazaxıstan hakimiyyəti “Rusiya ilə münaqişənin xeyli ciddi olmasına inanır”.

İki maddə ilə axtarışa verilib

Jilin FSB-nin Sibir Federal Dairəsində çalışıb, Putinin regionlarla kommunikasiyası üçün cavabdehlik daşıyıb.

Sentyabrın 21-də səfərbərlik elan ediləndən sonra Jilin və ailəsi ölkədən çıxmağa qərar verib. O, sentyabrın 26-də Abay vilayətində sərhədçilər tərəfindən saxlanıb. Rusiya isə Jilini fərarilik və sərhədi qanunsuz keçmə maddələri üzrə beynəlxalq axtarışa verib.

Qazaxıstanın Daxili işlər naziri Marat Axmetjanov sentyabrda deyirdi ki, Astana səfərbərlikdən yayınmağa görə beynəlxalq axtarış siyahısına salınmış rusiyalıları ekstradisiya edəcək.

XS
SM
MD
LG