Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:35

Tofiq Yaqublu azadlıqda


Tofiq Yaqublu azadlığa çıxıb, qızı Nigar Həzi onu qarşılayır, 22 yanvar 2023
Tofiq Yaqublu azadlığa çıxıb, qızı Nigar Həzi onu qarşılayır, 22 yanvar 2023

Yanvarın 22-də bir aylıq həbs müddəti başa çatan Tofiq Yaqublu müalicə olunduğu xəstəxanadan evə buraxılıb. Onun ilk olaraq Müsavat partiyasının qərargahında aclıq aksiyası keçirənlərlə görüşdüyü bildirilir.

T. Yaqublu dekabrın 23-də Bakının mərkəzində ictimai fəal B.Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyasında saxlanıb. Həmin gün Səbail Rayon Məhkəməsi onu xırda xuliqanlıq və polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edib.

Bir müddət sonra saxlanma şəraitinə etiraz olaraq aclıq aksiyasına başladığını bildirib və sonra xəstəxanaya köçürülüb. Elə yanvarın 22-də də o, xəstəxanadan azadlığa buraxılıb.

Bir aylıq həbsdən sonra Tofiq Yaqublu azadlığa çıxıb
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00

Tofiq Yaqublunun saxlanma şəraiti ilə bağlı səsləndirdiyi fikirlərə Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb. Bununla belə Daxili İşlər Nazirliyindən saxlanma yerinde qidanın keyfiyyətsiz olması ilə bağlı fikirləri rədd ediblər

Həkimlə görüşən Tofiq Yaqublunun aclığı yenə davam etdirdiyi bildirilir

Yanvarın 14-də həkim Adil Qeybulla Tofiq Yaqublu ilə görüşüb. Qızı Nigar Həzinin dediyinə görə, həkim aclıq aksiyasını hələ də davam etdirən atasının vəziyyətinin stabil ağır olaraq qaldığını bildirib.

"Həkim qeyd etdi ki, nəticələrdə ciddi problem çıxmasa belə aclıq bu minvalla davam etsə, səhhətində geridönməz hallar baş verəcək və dərin izlər buraxacaq"-Nigar Həzi qeyd edir.

Onun dediyinə görə, atası qida və hər hansı ilkin tibbi müdaxilə və sistem köçürülməsindən də imtina edib.

Hələki Tofiq Yaqublunun müalicə olunduğu xəstəxanadan onun səhhəti ilə bağlı hər hansı məlumat almaq mümkün olmayıb.

***

Adil Qeybulla yenə Tofiq Yaqublu ilə görüşüb

İnzibati qaydada həbs olunan, 7 gündür aclıq aksiyası keçirdiyi bildirilən və yanvarın 11-də Məlikov adına 6 saylı Xəstəxanaya yerləşdirilən Müsavat üzvü Tofiq Yaqublunun vəziyyətinin sabitləşdiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna yanvarın 12-də ona baş çəkən həkim Adil Qeybulla danışıb. Onun sözlərinə görə, T.Yaqublu aclığa uyğun müəyyən çəki itirib: "Amma onun yaşı və həbsdən əvvəl edilmiş əməliyyatdan (öd kisəsindən əməliyyat olunub-red.) tam reabilitasiya olunmaması öz təsirini göstərir".

Həkim bildirib ki, dünən, yanvarın 11-də xəstəxanada müalicə tədbirləri görülüb: "Bunun nəticəsində o, özünü nisbətən yaxşı hiss edir. Amma bununla yanaşı, sadaladığım məsələləri nəzərə alsaq, onun aclıq aksiyasına vaxtında son qoyulsa, yaxşı olardı".

Bu fikirlərə, hələlik, Azərbaycanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

Vəkil xəstəxanada Tofiq Yaqublu ilə görüşüb

Yanvarın 11-də axşam saatlarında vəkil Aqil Layıc xəstəxanada Tofiq Yaqublu ilə görüşüb.

Vəkilin sözlərinə görə, Yaqublu vəziyyətinin kritik olmasına baxmayaraq aclıq aksiyasını dayandırmayıb:

"Tofiq Yaqubluya qida əlavəsi olmayan sistem köçürüblər. Bu sistem qanın durulması üçün köçürülüb.".

Vəkilin sözlərinə görə, Yaqublunun yanına həkim Adil Qeybulla da buraxılıb.

Bu açıqlamaya, hələlik, sözü gedən xəstəxanadan və rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Tofiq Yaqublu xəstəxanaya aparılıb

Tofiq Yaqublunun xəstəxanaya aparıldığı bildirilir. Bu barədə onun qızı Nigar Həzi məlumat verib.

Onun deməsinə görə, Tofiq Yaqublu Bİnəqədi rayonunda yerləşən 6 saylı Məlikov adına xəstəxanaya yerləşdirilib.

Tofiq Yaqublunun inzibati həbs müddəti 11 gün sonra, yanvarın 22-də başa çatmalıdır.

"O müalicəsini tam xəstəxanada davam etdirəcək, yoxsa yenidən Saxlanılma Mərkəzinə qaytarılacaq" sualına cavab olaraq, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Turan"a bildirilib ki, yanvarın 11-də həkim Adil Qeybulla İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzinə gedərək Tofiq Yaqublu ilə görüşüb:

"Həkimin məsləhəti ilə Yaqublu ətraflı müayinə olunması üçün xəstəxanaya köçürülüb. Tibbi müayinənin nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək."

Tofiq Yaqublunun xəstəxanaya köçürülməsi istənilirdi

İnzibati qaydada 30 gün həbs edilən və 7-ci gündür aclıq aksiyası keçirdiyi bildirilən Müsavat üzvü Tofiq Yaqublunun xəstəxanaya köçürülməsi istənilir.

Bu barədə yanvarın 11-də T.Yaqublu ilə görüşən həkim Adil Qeybulla AzadlıqRadiosuna danışıb. Onun sözlərinə görə, T.Yaqublunun qan təzyiqi 80/60-a düşüb, başgicəllənmələri var, özünü halsız hiss edir. "Hazırda onun xəstəxanaya köçürülməsinə çalışırıq", - o bildirib.

Bu deyilənlərlə bağlı, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Dövlət Departamenti Yaqublu və Hacıyevi 'operativ qaydada' azad etməyə çağırır

Yanvarın 9-da ABŞ Dövlət Departamentinin təmsilçisi hazırda Azərbaycanda həbsdə olan hökumət tənqidçiləri Tofiq Yaqublu və Bəxtiyar Hacıyevin həbsinə münasibət bildirib.

"Biz Bəxtiyar Hacıyevin, Tofiq Yaqublunun həbsindən və saxlanılmasından dərin narahatlıq hissi keçiririk", - Dövlət Departamentinin nümayəndəsi Ned Prays (Ned Price) gündəlik brifinqdə "Turan"ın sualına cavabda bildirib.

"Hakimiyyəti onları operativ qaydada azad etməyə çağırırıq", - o, sözünə davam edib.

Yaqublu və Hacıyev hazırda həbsdə aclıq aksiyası keçirdikləri bildirilir.

Prays deyib ki, ABŞ əvvəlki kimi insan hüquqları və əsas azadlıqlara hörmətin təşviqinə sadiqdir: "Biz bir daha hökuməti öz vətəndaşlarının hüquqlarına, o cümlədən baxışlarını dinc şəkildə ifadə etmək hüququna hörmət etməyə çağırırıq".

ABŞ Dövlət Departamentinin təmsilçisi bundan əvvəl də ictimai fəal B.Hacıyev ilə bağlı oxşar çağırışlarını dilə gətirmişdi.

N.Praysın bu açıqlamarına, hələlik, Azərbaycanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, ölkədə fundamental azadlıqların qorunduğunu iddia edirlər.

Müsavat qərargahında aksiya…

Daxili İşlər Nazirliyinin (DİN) İnzibati Qaydada Həbs Olununlanların Saxlanma Məntəqəsində verilən yeməyin keyfiyyətinin artırılması tələbi ilə artıq beşinci gündür aclıq aksiyası keçirdiyi bildirilən Müsavat üzvü Tofiq Yaqubluya dəstəyin genişləndiyi deyilir. Onun başlatdığı aclıq aksiyasına qoşulan şəxslərin sayının artdığı bildirilir.

Yanvarın 9-da Müsavat Partiyasının qərargahında yeddi nəfər T.Yaqublunun müdafiəsi məqsədilə aclığa başladıqlarını açıqlayıblar. Onlar Müsavat üzvü Əziz Məmiyev, AXCP üzvləri Babək Həsənov, Əlizamin Salayev, Tofiq Məmmədov, Ceyhun Novruzov, Sakit Məhəmmədli Əlizamin Kazımlıdır.

T. Yaqublunun xanımı Maya Yaqublu da ərinə dəstək məqsədilə artıq dörd gündür aclıq aksiyası keçirdiyini vurğulayır.

Xatırlatma

T.Yaqublu dekabrın 23-də Bakının mərkəzində ictimai fəal B.Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyasında saxlanıb. Həmin gün Səbail Rayon Məhkəməsi onu xırda xuliqanlıq və polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edib.

Yaqublu buna qədər müxtəlif ittihamlarla (iğtişaş yaratmaq, xuliqanlıq və s.) bir çox dəfə həbsdə olub. O, ittihamları qurama sayıb.

B.Hacıyev də ötən il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs edilib. Fəal xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Amma ittihamı qəbul etmir.

XS
SM
MD
LG