Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:59

Müstəntiq intihara cəhd olayında rüşvətdə təqsirləndirilir


Müstəntiq (Foto illüstrasiya)
Müstəntiq (Foto illüstrasiya)

Qaradağ Rayon Prokurorluğunun müstəntiqi Emin Seyidov hazırda özü məhkəmə qarşısındadır. O, rüşvət ittihamı ilə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Seyidov həbsdə deyil, istintaq dövründə olduğu kimi, məhkəmə prosesinin sonuna qədər də barəsində başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib.

İki ildən sonra məsuliyyətə cəlb olunub

Seyidov 2017-ci ildə prokurorluqda işə başlayıb. 2020-ci ildən Qaradağ Rayon Prokurorluğunun müstəntiqi vəzifəsində çalışıb. O, 2022-ci ildə vəzifəsindən azad edilərək cinayət məsuliyyətinə cəlb olunub.

Seyidov intihara cəhd hadisəsində rüşvət tələb etməkdə təqsirləndirilir. 2021-ci ildə özünə xəsarət yetirərək canına qəsd edən Gülşad Mirzəyeva Qaradağ Rayon Prokurorluğunda ifadəsində üç nəfərdən şikayətçi olub. Mirzəyeva sözügedən üç nəfərin onu intihar həddinə çatdırdığını iddia edib.

Sözügedən məsələ ilə bağlı araşdırmalar da prokurorluğun müstəntiqi Seyidovun icraatında olub.

30 min manatdan 10 minə düşüb

İndi Seyidov haqqında cinayət işində iddia olunur ki, müstəntiq o zaman istintaqı aparanda Elçin Nağdəliyev, Emin Oruczadə və Sərxan Quliyev adlı həmin üç nəfərdən 30 min manat pul tələb edib. Əks halda, CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacaqlarını deyib. Danışıqlardan sonra məbləğ öncə 15, sonda isə 10 min manata düşüb.

Seyidov istintaqda özünü təqsirli bilsə də, məhkəmədə fərqli ifadə verib. Bildirib ki, istintaqdakı ifadəsi həqiqətəuyğun deyil. O, ittihama münasibət bildirərkən özünü təqsirli bilmədiyini deyib. Barəsindəki iddiaları da şər-böhtan adlandırıb.

Seyidovla bağlı məhkəmə araşdırmaları davam edir.

XS
SM
MD
LG