Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:43

Lavrov danışır, Bakı susur…


Lavrov: 'Sülhməramlıların Laçın dəhlizindən silah daşınmadığını yoxlamaq hüququ var'
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

Lavrov: 'Sülhməramlıların Laçın dəhlizindən silah daşınmadığını yoxlamaq hüququ var'

Bugünlərdə Azərbaycan nümayəndəsi ilə Qarabağ nümayəndələri arasında görüş olduğu bildirilir. Bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov yanvarın 18-də mətbuat konfransında Laçın dəhlizində yaranmış vəziyyət barədə danışarkən bəhs edib: "Dünən, ya da srağagün Rusiya kontingenti komandanının iştirakı ilə Azərbaycan nümayəndəsi ilə Qarabağ nümayəndələri arasında görüş olub. Düşünürəm ki, bu məsələ ən yaxın vaxtda tənzimlənəcək".

Lavrov bu görüşün təfərrüatlarına toxunmayıb. Rəsmi Bakı və "Qarabağ nümayəndələri" adlandırılan digər tərəf də görüş barədə, hələlik, heç bir məlumat vermir...

Deputat: "İnanmıram ki…"

Amma deputat Elman Məmmədov həmin açıqlamanı "Turan"a belə şərh edib: "Təbii ki, Sergey Lavrov Rusiya kimi nəhəng imperiyanın xarici işlər naziridir və, yəqin ki, o, yalan danışmaz və məlumatlıdır. Yəqin ki, nəsə var, proses gedir, ancaq bu barədə ictimaiyyətə heç bir məlumat verilməyib".

E.Məmmədov
E.Məmmədov

Bununla belə, deputat qeyd edib ki, Prezident İlham Əliyev dəfələrlə separatçılarla heç bir danışığın mümkün olmadığını bildirib: "Çünki Ermənistan tərəfi bu məsələni hələ ATƏT-in Minsk qrupu fəaliyyətdə olan dövrlərdə ortaya atmışdı ki, Azərbaycan bu separatçı qurumla danışıqlar aparmalıdır. Ancaq biz o qurumu tanımırıq. Ona görə də inanmıram ki, bu separatçı qurumla biz rəsmi qaydada bir danışıq aparaq".

"Baxır orada kimlərlə danışıqlara gediblər"

Siyasi şərhçi Ərəstun Oruclu isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan tərəfi ilə Qarabağın erməni icması arasında söhbətlərin getməsi barədə əvvəl də danışılıb: "Təbii ki, "Rusiya sülhməramlıları" deyilən hərbi kontingentin və yaxud da Rusiya xüsusi xidmət orqanlarının nümayəndələrinin iştirakı olmadan bu, mümkün deyil".

Onun fikrincə, burada məqsəd yalnız Azərbaycanın son nəticədə nüfuzdan salınması ola bilər. Ekspertin sözlərinə görə, ikinci məsələ isə baxır orada kimlərlə danışıqlara gediblər: "Məsələn, orda hansısa real liderlə, yəni, xalqın içindən çıxmış nüfuzlu insanla danışığa gedilibsə, onu anlamaq olar. Amma separatçı rejimin nümayəndələri ilə danışıqlara gedirlərsə, bu, yanlışdır. Düşünürəm ki, böyük ehtimalla elə də var".

"Rusiyanın vasitəçiliyi ilə gedən bütün danışıqlardan…"

Ə.Oruclu Rusiya tərəfinin vasitəçiliyi ilə gedən bütün danışıqlardan heç bir müsbət nəticə gözləmir: "Rusiya tərəfi bu münaqişənin nizamlanmasında maraqlı deyil. İstər Qarabağ ermənilərinin Azərbaycana mövqeyi məsələsində, istər Ermənistan-Azərbaycan sülh prosesində Rusiya maraqlı olmadığı üçün o, yalnız prosesləri pozmaqla məşğul olacaq".

Ə.Oruclu
Ə.Oruclu

O hesab edir ki, vasitəçilərsiz görüş ən optimal variantdır: "İstər Ermənistanla, istər Qarabağdakı icmanın ağsaqqalları-separatçılarla yox - ilə birbaşa danışıqlar daha səmərəli olar. Amma, görünür, Azərbaycan tərəfi daha çox Rusiya vasitəçiliyinə üstünlük verir".

Prezidentin dedikləri və …

Prezident İlham Əliyev bundan əvvəl, ötən ilin noyabrında isə demişdi ki, əgər Ermənistan Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirsə, bu, alınmayacaq: "Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib".

Separatçı "Dağlıq Qarabağ Respublikasının dövlət naziri" Ruben Vardanyan isə, öz növbəsində, Əliyevin Qarabağ erməniləri ilə danışmağa hazır olması ilə bağlı bəyanatını alqışladığını açıqlamışdı. "Artsax (Qarabağ) bu prosesdə subyekt kimi çıxış etməlidir", - Vardanyan öz "Telegram" kanalında yazmışdı.

Laçın dəhlizində…

Ötən il dekabrın 12-dən Şuşa şəhəri yaxınlığında Laçın-Xankəndi yoluna toplaşıb özlərini eko-fəallar kimi təqdim edən Azərbaycan vətəndaşları növbəli aksiya keçirdirlər. Etirazçıların sözlərinə görə, onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar. Onlar Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirdilər. Rəsmi Bakı Qarabağdakı separatçı rejimi və Ermənistanı Azərbaycanın təbii sərvətlərini qanunsuz istismar etməkdə günahlandırıb.

Ermənistan tərəfi isə Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və humanitar böhran yaratmaqda ittiham edir. Vardanyan da deyib ki, "bu, ekoloji yox, siyasi məsələdir".

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG