Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:10

Mobil telefona və ya kompüterə daha çox pul ödəməyə hazır olun


Təkcə dəyəri 800 dollaradək olan və şəxsi istifadədən ötrü gətirilən mobil cihazlara gömrük rüsumu ödənməyəcək.
Təkcə dəyəri 800 dollaradək olan və şəxsi istifadədən ötrü gətirilən mobil cihazlara gömrük rüsumu ödənməyəcək.

Azərbaycanda bir çox məhsullar kimi, elektronika malları da digər ölkələrlə müqayisədə daha bahadır. Elə bu üzdən, xaricə yolu düşənlər ilk növbədə ya yeni telefon, ya da kompüter almağı düşünür. Belə məhsulların Azərbaycanda daha baha olması ənənəvi səbəblərdən qaynaqlanır, axı buranın biznes ortamında rəqabət bir o qədər gəlişməyib. Özəlliklə böyük dövriyyələrin olduğu sahələrdə yalnız bir neçə şirkətin ölkədə satış aparmaq şansı var. Rəqabət yetərsizliyi, eləcə də çox vaxt bu şirkətlərin məmurlara bağlı olması onların məhsulu baha satmasına və daha çox gəlir götürməsinə imkan verir.

Hökumətin tətbiq etdiyi limitlər

Özəlliklə elektronika məhsulları bazarında bir məqam ayrıca diqqət çəkir: Hökumət vaxtaşırı bu sahədə ölkədəki böyük şəbəkələrdən kənar məhsul əldə edilməsini çətinləşdirir. Məsələn, 2020-ci ildən bəri Azərbaycanda fiziki şəxslərin ayboyu poçtla aldığı və ya özü ilə ölkəyə rüsumsuz keçirə bildiyi mallara tətbiq edilən limit azaldılıb. Vətəndaşlar ay boyunca maksimum 300 dollar (510 manat) dəyərində məhsulu xaricdən ölkəyə gətirə bilərlər. Bu limiti aşanlar vergi ödəmək məcburiyyətində qalırlar. 2020-ci ilədək həmin limit 1000 dollar (1700 manat) idi. O vaxt Azərbaycan sakinləri xarici ölkələrdən elektronika məhsulları sifariş edə bilirdilər. Ancaq 300 dollarlıq limit bunun önünü kəsir. Ona görə də 2020-ci ildən bəri vətəndaşları xarici ölkələrdən, əsasən, paltar sifariş verməklə yetinir.

Ancaq unutmaq olmaz ki, tətbiq edilən limit azaldılsa da, fiziki şəxslərin ölkəyə gətirtdiyi məhsulların dəyəri artmaqdadır. DSK-nın açıqladığı göstəricilərə görə, ötən il Azərbaycanda fiziki şəxslər 1 milyard 424 milyon dollar dəyərində məhsul idxal edib. Bu, ölkənin toplam idxalının 10 faizi deməkdir. Müqayisə üçün, cəmi dörd il öncə - 2018-ci ildə fiziki şəxslərin idxalının həcmi 686 milyon dollar idi. Deməli, dörd il içində fiziki şəxslərin xaricdən aldığı məhsulların dəyəri iki dəfədən çox artıb. 2018-ci ildə fiziki şəxslərin toplam idxalda payı cəmi 6 faizə yaxın idi.

Bu qədər qısa müddətdə fiziki şəxslərin xaricdən daha çox məhsul almağa başlaması, əsasən, iki səbəblə bağlıdır. Bunlardan birincisi, son zamanlar ölkədə karqo şirkətlərinin sayca artmasıdır. Onlarca karqo şirkəti, Türkiyə başda olmaqla, dünyanın müxtəlif ölkələrindən Azərbaycana məhsul çatdırmaq xidməti təklif edir. Bu sektorda rəqabətin nisbətən daha yüksək olması daşıma qiymətlərini də insanlar üçün sərfəli edir. Hətta əlavə daşıma xərcləri olsa da, eyni məhsulu Azərbaycandan deyil, digər ölkədən almaq vətəndaşlara daha ucuz başa gəlir. Xaricdən mal alışının artmasına təkan verən digər bir amilsə ölkə əhalisi arasında bank kartlarından və nağdsız ödənişlərdən istifadənin artmasıdır. Mərkəzi Bankın məlumatına görə, 2018-2022-ci illərdə Azərbaycanda bank kartları ilə aparılan əməliyyatların həcmi 18 milyard manatdan 58 milyard manata yüksəlib.

Xaricdən telefon almaq çətinləşir

Hökumətin fevralın 15-dən tətbiqinə hazırlaşdığı daha bir qayda da xaricdən telefon alışını çətinləşdirəcək. Həmin vaxtdan başlayaraq Azərbaycan ərazisinə daxil olacaq istənilən mobil telefon Dövlət Gömrük Komitəsinin rəsmi saytında bəyan edilməlidir. Bununla bağlı "Telekommunikasiya haqqında" Qanuna dəyişiklik edilib. Qeydiyyatdan yayınmaq məqsədilə mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsi və ya surətköçürülmə xidmətlərinin göstərilməsi qadağandır. İnzibati Xətalar Məcəlləsindəki dəyişikliklərə əsasən, İMEİ nömrəsinin dəyişdirilməsi və yaxud surətinin köçürülməsinə görə fiziki şəxslər 300-400 manat, vəzifəli şəxslər 1000-1500 manat, hüquqi şəxslərsə 3000-4000 manat məbləğində cərimələnəcək. Fevralın 15-dən fiziki şəxslərin səfər zamanı, eləcə də poçtla ölkəyə gətirdikləri mobil telefonlar gömrük orqanlarında bəyan edilməzsə, onların İMEİ nömrəsi qeydiyyata alınmayacaq.

Ekspertlərin fikrincə, bu yenilik mobil telefon gətirib satan kiçik mağazalara daha böyük zərbə vuracaq. Birbaşa brendlərlə çalışan, rəsmi, orta və böyük sahibkarlıq subyektlərininsə işi daha da yaxşılaşacaq. Qanuna görə, təkcə dəyəri 800 dollaradək olan və şəxsi istifadədən ötrü gətirilən mobil cihazlara gömrük rüsumu ödənməyəcək. Dəyəri həmin məbləği aşan mobil telefon gətirənlər bu məbləğdən artıq hissə üçün 36 faizlik gömrük ödənişi etməlidir.

DSK-nın açıqladığı göstəricilərə görə, ötən il boyunca Azərbaycanda mobil telefon qiymətləri ortalama 32 faiz bahalaşıb.

XS
SM
MD
LG