Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:33

Xoyda azərbaycanlı: 'Bir nəfər 3-4 çadır gətirdi, 7 ailə girdik bir çadıra'


Xoy zəlzələdən sonra. 29 yanvar 2023
Xoy zəlzələdən sonra. 29 yanvar 2023

"Zəlzələdən yuvamız dağılıb, bu havada çadırda qalırıq, nə kömək edirlər, nə də yardım istəməyimizə icazə verirlər. Zəlzələdən ölməyən ya soyuq havadan öləcək, ya da etirazlara görə öldürüləcək", – bu sözləri AzadlıqRadiosuna İranın Xoy şəhəri sakini olan azərbaycanlı qadın deyib.

Yanvarın 28-də İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində 5.9 bal gücündə zəlzələ baş verib. Daha öncə isə yanvarın 18-də zəlzələ olmuşdu.

Saniyələr içində dağılan həyatlar

Əyalətin Mənzil Fondunun başçısı Cəfər Bərzgərin məlumatına görə, təbiət hadisəsi 13 min 200 evə ziyan vurub. Həmin evlərin birində yaşamış 40-yaşlı qadın danışır ki, vəziyyətləri çıxılmazdır, gün keçdikcə də pisləşir. Onun sözlərinə görə, hökumət 18 yanvar zəlzələsindən sonra əhalini köçürməliydi, amma bunu etməyib.

"Bəzi qonşular, qohumlar könüllü getdi başqa ərazilərə, mənim gedəcək yerim yox idi, qaldım. Həmin vaxt evim bir az zərər görmüşdü. Ayın 28-də isə saniyələr içində həm evim dağıldı, həm həyatım. Ana-bacı, tanımadığım qız-gəlin, qardaş ilə qalmışıq çöldə. O gün bir nəfər 3-4 çadır gətirdi, 7 ailə girdik bir çadıra, istilik yox, xəstəlik bir yandan yayılır. Şəkər xəstəsiyəm, dərmanım yoxdur. Yemək yardımı edənlər var idi, o gün eşitdik ki, onlara da icazə vermirlər. Hər 10 nəfərdən 9-unun evi tanınmaz durumda, adamlar özü də xəstə-ac. Bizi zəlzələ öldürmədi, amma bu rejim öldürəcək", – deyən qadın həyat yoldaşı və qızının həbsdə olduğunu sözlərinə əlavə edir. "Biri öz günahı ilə getdi, qızım isə etiraz aksiyalarında saxlanıldı…".

İranda ötən ilin sentyabrında başlamış kütləvi etirazlarda 500-dən çox nümayişçinin öldürüldüyü, minlərlə adamın həbsə atıldığı bildirilir.

"Arvadım az qala boğulurdu"

Digər Xoy sakini, 8-yaşlı qızı və həyat yoldaşı ilə küçədə qalan ata da zəlzələdən sonra həyatlarının daha da çətinləşdiyini, dövlətin isə onlara biganə yanaşdığını bildirir: "Onsuz da soyuqdur, "plitka", "peç" tapa bilmirik. Tapdığımız isidicilər də öldürür. Eşitdiyimə görə, yüzdən çox adama qaz iyi pis təsir edib. Elə biri də arvadım idi, az qala boğulurdu. Ətrafda bir təcili yardım tapa bilmədik ki, kömək etsin. Qonşuluqda baytar var idi, ilk yardımı o etdi, indi yaxşıdır".

Agentliklər Xoyda yanvarın 29-dan bəri zəlzələdə zərər çəkənlərin çadırlarında təqribən 140 nəfərin qazdan zəhərləndiyini, azı iki nəfərin öldüyünü bildirib.

Siyahıya saldılar, amma….

Ata 8-yaşlı qızına verməyə yemək tapmadığını, dövlətin də köməyə gəlmədiyini vurğulayır: "Bakıdan yardım gələcəkdi, qoymadılar. Bizə bircə məmur da kömək etmir. Keçmiş məhbuslar pul göndərir, idmançılar yardım etməyə çalışır, dövlət isə susub. Sadəcə susub. Acından, soyuqdan ölək, sevinsinlər. Soyqırımını sevirlər...".

AzadlıqRadiosunun müsahibi danışır ki, əvvəlcə yardım vəd olunsa da, sonra səslərinə hay verən tapılmayıb. O, İran hakimiyyətinin zəlzələ qurbanlarını aldatdığını bildirir: "Bir ara siyahıyaalma aparıldı, sevindik ki, yardım ediləcək. Hakimiyyət isə bizi aldatdı, kömək göstərmədi. Hər yerə zəng edirik. Zənglərimizə cavab verən də yoxdur. Çox ağır vəziyyətdə yaşayırıq. Yaralılarımız var, baxan yoxdur. Ehtiyacımız olan şeyləri paylamağa qoymurlar".

Müsahibimiz soyuq hava şəraitinin də onların durumunu daha ağırlaşdırdığını söyləyir: "Soyuqdur, qrip baş alıb gedir. Dərman gətirən yoxdur. Heç olmaya, ölənlər üçün kəfən gətirərlər… Hakimiyyət vaqon sığınacağı versə idi, kaş. Həftəsonu havanın daha çox soyuyacağı gözlənilir".

Şallaq cəzası

O, video çəkib yaymaqla dünyaya səslərini çatdıra bilmədiklərindən gileylənir. "Çünki yaxın dostumuz "yalan yaydı" adı ilə cəzalandırıldı. Şallaq yeyəcək..", – deyən Xoy sakini hazırda da titrəyişlərin hiss olunduğunu, daha bir zəlzələ qorxusunun canlarına vəlvələ saldığını söyləyir.

İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində yanvarın 28-də zəlzələ nəticəsində 3 nəfər ölüb, mindən çox insan xəsarət alıb. Təbii fəlakətdən xeyli vaxt keçməsinə baxmayaraq, İran hökumətinin zəlzələ qurbanlarına heç bir yardım göstərmədiyi bildirilir. Bunu sosial şəbəkələrdə yayılan görüntülərdən görmək olur.

Bölgədə elektrikin kəsilməsi və qar yağması axtarış-xilasetmə işinə mənfi təsir göstərib. Evsiz qalan ailələrə müvəqqəti sığınacaq, istilik cihazları verilmədiyi deyilir.

XS
SM
MD
LG