Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 04:09

Ermənistanın xarici işlər naziri Türkiyəyə səfər edib


Ararat Mirzoyan və Mevlüt Cavuşoglu Ankarada birgə mətbuat konfransında
Ararat Mirzoyan və Mevlüt Cavuşoglu Ankarada birgə mətbuat konfransında

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib ki, Ermənistan Türkiyə ilə münasibətlərin tam tənzimlənməsinə can atır.

Mirzoyan bu bəyanatı fevralın 15-də Türkiyəyə səfəri əsnasında səsləndirib.

O Ankarada türkiyəli həmkarı Mevlüt Çavuşoğlu ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib:

“Ermənistanın regionda sülhün bərqərar olunmasına, Türkiyə ilə münasibətlərin tam normallaşmasına, diplomatik münasibətlərin bərpasına və Ermənistan-Türkiyə sərhədinin tam açılmasına can atmasını bir daha təsdiqləyirəm”.

Məsələlərin bəzi detalları

Mirzoyanın mediaya verdiyi açıqlamada bildirilir ki, onlar Çavuşoğlu ilə görüşdə məhz bu məsələlərin "bəzi detallarını" müzakirə ediblər.

Mirzoyan bunu da bildirib ki, Ani körpüsünün Türkiyə ilə birgə təmiri barəsində də razılaşma əldə olunub.

Bundan əvvəl Türkiyə, hələ 2020-ci ildə XI əsrə aid bu qədim körpünü təmir edəcəyini bildirmişdi.

Qədim İpək yolunun üstündə olan bu körpü hazırda demək olar dağılmış vəziyyətdədir.

Çavuşoğlu Azərbaycan məsələsini xatırladıb

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ararat Mirzoyan habelə Türkiyə hökumətinə, zəlzələ nəticəsində həlak olanların ailə üzvləri və yaxınlarına başsağlığı verib.

Xəbərdə deyilir ki, Çavuşoğlu Ermənistan xilasedicilərinin işini yüksək qiymətləndirdiyini və buna görə təşəkkürünü bildirib:

“Ermənistandan fəlakət zonasına 28 xilasedici gəlib. Onlar fevralın 8-dən fədakarcasına işləyirlər və Adıyamanda balaca qızın və bir gəncin həyatını xilas ediblər”.

Çavuşoğlu habelə Ermənistandan göndərilmiş 100 ton humanitar yardıma görə təşəkkür edib.

Türkiyə mediasının xəbərlərində deyilir ki, Mevlüt Çavuşoğlu Mirzoyanla söhbəti zamanı habelə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və hərtərəfli sülh müqaviləsinin imzalanması məsələlərinə dair fikirlərini bildirib:

"Bu üç ölkə (Türkiyə-Azərbaycan-Ermənistan) səmimi addımlar atsalar, Cənubi Qafqazda davamlı sülh və asayişi yarada bilərik. Cənubi Qafqazda davamlı sülh bu regionun iqtisadi inkişafı baxımından son dərəcə mühümdür”.

Bu, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Türkiyəyə ikinci səfəridir.

XS
SM
MD
LG