Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:22

Azərbaycanda qeydiyyat cəriməsi 30 manatdır... Almaniyada 50 min avro


Digər ölkələrdə yaşayış qeydiyyatını dəyişmək məsələsi daimi qüvvədədir.
Digər ölkələrdə yaşayış qeydiyyatını dəyişmək məsələsi daimi qüvvədədir.

"Qəbələdən Bakıya iş ilə bağlı köçmüşdüm, 1 il sonra qaldığım evdə qeydiyyatsız olduğuma görə cərimələdilər. Niyə hər şəhərdə ayrı qeydiyyata düşmək tələbi qoyulur ki? İndi də ölkədən xaricə getmək istəyirəm, gözləyirəm bu mənasız qərar ləğv edilsin, cərimə silinsin", – bu sözləri AzadlıqRadiosuna S.İ. deyir.

Qapını cərimə döyür

Həmsöhbətimiz Bakının Bakıxanov qəsəbəsində yaşayır. 2020-ci ildə Bakıya köçən S.İ. tam bir il qeydiyyat ilə bağlı problem yaşamayıb. Lakin 2021-ci ilin sonlarında özünü Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı kimi təqdim edən şəxslər məhəllədə oğurluq hadisəsi baş verdiyi üçün onun mənzilinə yaxınlaşıblar.

"Açandan sonra polis olduqlarını bildim və söhbət əsnasında kirayədə qaldığımı öyrəndilər. Qeydiyyat sənədi tələb etdilər, olmadığını bildirəndə isə 30 manat cərimə yazdılar. Həyət evində qalırdım deyə, ev yiyəsi də söhbətin üstünə gəlib çıxdı. Əməkdaşlar onu da bir az məzəmmət etdikdən sonra ev sahibi "evin sənədini ala bilmirəm, o ki qaldı kirayə oturanları qeydiyyata salım" deyə şikayətləndi. Ev sahibinə hər hansı cərimə yazılmadı, mənə yazılan cəriməni isə hələ ki ödəmək fikrim yoxdur", – deyə o bildirib.

Cərimə yazılan günə kimi qanundan xəbərsiz olduğunu deyən vətəndaş "daha sonra polisin üzərinə qeydiyyata düşmək istədim, alınmadı, bu günə kimi də qeydiyyatsız qalmağa məcburam" söyləyir.

"Əvvəllər bir neçə xarici ölkədə olmuşam, 3-4 il Polşada yaşamışam, orada nəinki vətəndaşlara, heç qeyri-vətəndaşlara da belə absurd problem yaşatmırlar", – o qeyd edir.

AzadlıqRadiosu xarici ölkələrdə yaşayış yerinə qeydiyyat məsələsini araşdırıb.

Qonşu dövlətlərində vəziyyət oxşardır

Rusiya Federasiyasında yaşayış yerinin qeydiyyatı məcburidir. Belə ki, Rusiya vətəndaşları, xarici vətəndaşlar və ya vətəndaşlığı olmayan şəxslər üçün ayrıca reyestrlər mövcuddur, hər ikisi Daxili İşlər Nazirliyinin şöbəsi olan Miqrasiya Məsələləri üzrə Baş İdarə tərəfindən həyata keçirilir. Rusiya vətəndaşlarının daimi yaşayış yeri 7 gün ərzində, müvəqqəti yaşayış yeri isə 90 gündən artıq bir yerdə qaldıqdan sonra qeydiyyata alınmalıdır. Yaşayış icazəsi olan əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər 7 gün müddətində daimi yaşayış yeri üzrə qeydiyyatdan keçməlidirlər. Vaxtında qeydiyyatdan keçməyən Rusiya vətəndaşları 2 min-2 min 500 rubl (120-140 manat), xarici vətəndaşlar isə 2 min-5 min rubl (120-300 manat) məbləğində cərimələnə bilər.

Türkiyədə yaşamış Emilya Aktaş deyir ki, eyni mexanizm illərdir ki, orada da tətbiq edilir. Belə ki, bir şəhərdən digərinə gedən şəxsin yaşayış yeri dəyişikliyi qanuni şəkildə bəyan edilməlidir.

"Bu bildiriş müddəti təxminən 20 gündür. Bu müddət ərzində bildiriş verilməzsə, 285 TL (26 manat) cərimə tətbiq ediləcək. Bu cəzadan yayınmaq üçün saxta ünvan təqdim edilərsə, vətəndaşa 5 min 958 TL (535 manat) cərimə yazılacaq. Mənim də cəriməm var idi, bu yaxınlarda ödədim. "Köç idarəsi" adlanan quruma yaxınlaşıb sənədləri təqdim etmək lazımdır. Ümumilikdə, Türkiyədə bu məsələyə daha ciddi və həssas yanaşılır. Sən tələbə, ya da dövlət işçisisənsə, qaçış yolun yoxdur, qeydiyyat şərtdir", – Aktaş deyir.

500 min sənədsiz evlə bağlı qərar gözlənir
Gözlə

No media source currently available

0:00 0:03:38 0:00

Ermənistanda da vəziyyət bənzərdir. Bütün Ermənistan vətəndaşlarının qeydiyyat ünvanı olmalıdır. Qeydiyyat üçün yaşayış obyektinə mülkiyyət və ya icarə haqqında şəhadətnamə və ya mülkiyyətçinin qeydiyyata alınmasına dair sənəd gərəklidir. Əgər bu sənədlərdən heç biri mövcud deyilsə, vətəndaş yerli polisdən faktiki yoxlama aparmağı (adətən iki həftəyə qədər vaxt aparır) və sözügedən ünvanda həqiqətən yaşadığınızı təsdiqləməyi tələb edə bilər. İctimaiyyətə açıq məlumatlarda bu məsələ ilə bağlı cərimə, cəza isə göstərilməyib.

Digər postsovet ölkələrindən Qazaxıstanda 5 iş günü müddətində yaşadığı yeri dəyişmək haqda məlumat verməyən şəxslər 50 manata kimi cərimələnir. Burada da nəzarət hüquq-mühafizə qurumları tərəfindən aparılır. Əgər, ümumiyyətlə, heç bir yerdə qeydiyyat olmayan vətəndaşlar aşkarlanarsa, onlar 100 manata kimi cərimə edilə bilər.

Yaşayış yerinin qeydiyyatı öhdəliyi Ukrayna ərazisində daimi və ya müvəqqəti yaşayan əcnəbilərə, eləcə də öz vətəndaşlarına şamil edilir. Bu şəxslər yeni faktiki yaşayış yerinə gəldikdən sonra ölkədə leqallaşma haqqında sənədləri almalı və 30 gün ərzində qeydiyyatdan keçməlidirlər. 30 gün ərzində yaşayış müddəti üçün qeydiyyat müraciəti etmədikdə qeydiyyat orqanının əməkdaşı və ya digər orqanlar inzibati protokol tərtib edirlər. Bu, Ukrayna İnzibati Xətalar Məcəlləsinin 197-ci maddəsinə uyğun tətbiq olunur. Xarici vətəndaşlar üçün yaşayış yerinin qeydiyyatı olmaması 1 min 700-dən (77 manat) 5 min 100 (232) qrivna cərimə deməkdir.

Almaniyada

Uzun illərdir Almaniyada yaşayan, Azərbaycanda miqrasiya məsələləri ilə məşğul olmuş Əlövsət Əliyev deyir ki, inkişaf etmiş bütün ölkələrdə yaşayış yeri üzrə qeydiyyat mövcuddur, ancaq Azərbaycandakı sistemdən tam fərqlidir.

"Məsələn, Almaniya vətəndaşları yaşayış yerini dəyişdirirsə, 2 həftə ərzində yeni ünvana qeydiyyata alınmalıdırlar. Almaniyada yaşayış yerini zəruri edən şərtlər var. Əvvəla, şəxsin qeydiyyata alınması nəticəsində hansı şəhərdə nə qədər əhalinin yaşaması haqqında statistika formalaşır və ona uyğun dövlət siyasəti müəyyən edilir. Həmçinin, şəxsin qeydiyyata alındığı ünvana uyğun gəlir vergiləri müəyyən edilir, sosial, sığorta və sair zəruri öhdəliklər ünvana uyğunlaşdırılır. Almaniyanın yaşayış yeri üzrə qeydiyyat A4 formatında bir vərəqə doldurulmaqla başa çatır və bütün ailə üzvləri haqqında həmin sənəddə qeydlər yazılır", – Əliyev bildirir.

Qanunvericiliyə əsasən, qeydiyyat orqanı dərhal vəsiqədə ünvan dəyişikliyini qeydə alır və onu təqdim edən şəxsə qaytarır. Qeydiyyat üçün dövlət rüsumu tələb olunmur. Bununla da bütün prosedur başa çatır.

Əliyev Almaniyada qeydiyyatsız yaşama hallarına qarşı mübarizənin yetərincə sərt olduğunu da qeyd edir. "Lakin bu mübarizə qeydiyyatsız yaşayan şəxsdən daha çox, evində qeydiyyatsız adam saxlayanlara yönəlib. Belə ki, Almaniyada evində kimisə qeydiyyatsız saxlayan şəxs üçün 50 min avroya qədər cərimə nəzərdə tutulur", - o bildirib.

Bakıda vaqon evlər
Gözlə
Embed

No media source currently available

0:00 0:02:50 0:00

İtaliyada

İtaliyaya daxil olduqdan sonra 8 gün ərzində yerli poçt şöbəsinə, sonra isə polis qərargahına yaşayış icazəsi (permesso di soggiorno) üçün müraciət etməlisiniz. Yaşayış icazəsi bu ölkədə qanuni olaraq 3 aydan çox yaşamağa imkan verir. Ölkənin bir hissəsindən digərinə gedəndə də qeydiyyat üçün müraciət öhdəliyi var. Məsələn, Viçenzaya başqa bir bələdiyyədən və ya xaricdən köçən vətəndaşlar köçdükləri tarixdən 20 gün ərzində yaşayış yerinin dəyişdirilməsi bəyannaməsini Yaşayış Statistika İdarəsinə təqdim etməlidirlər. Əmlakı qeyri-qanuni olaraq, yəni sənədlər olmadan zəbt edənlər mülkiyyət ilə bağlı hər hansı xidmətə qoşula bilmir.

Çox ölkələrdən fərqli olaraq, bəyan edilən yaşayış yeri dövlət rəsmiləri tərəfindən fiziki olaraq yoxlanılır, yəni məmurlar birbaşa cərimə üçün deyil, qeydiyyat üçün mənzillərə yaxınlaşa bilər.

Avstriyada

Avstriyada mənzildə məskunlaşan hər kəs məsul qeydiyyat orqanında, eləcə də eyni evdə yaşayan bütün şəxslər, o cümlədən yetkinlik yaşına çatmayanlar da qeydiyyatdan keçməyə borcludur.

Əsas yaşayış yerinə qeydiyyata alınandan sonra qeydiyyata alan orqan yeni yaşayış yerinin qeydiyyatı ilə eyni vaxtda köhnə yaşayış yerinin qeydiyyatını ləğv edir.

Şəxs yalnız faktiki yaşadığı yerdə qeydiyyatda ola bilər. Yaşayış yeri üzrə qeydiyyata alınmadan yaşamaq qanunsuzdur və cəzalandırılır.

Qeydiyyatdan keçmək üçün qanunla müəyyən edilmiş öhdəliyi yerinə yetirməyən hər kəs ilk dəfə 726 avroya qədər cərimə (təkrar hallarda 2180 avroya qədər) cəzalandırılır.

Belçikada

Belçikada ünvan dəyişikliyi baş verəndən sonra 8 gün ərzində bələdiyyəyə bildirilməlidir. Bələdiyyə yeni ünvana polis və ya bələdiyyə əməkdaşı göndərməklə ünvan dəyişikliyini yoxlayır. Yaşayış yerinin dəyişdirilməsi təsdiqləndikdə bu, bələdiyyə və dövlət reyestrlərində qeydiyyata alınır.

Belçikaya gəldikdən sonra üç ay ərzində qeydiyyat şəhadətnaməsi və ya yaşayış icazəsi üçün müraciət etməsəniz, bələdiyyə 200 avro məbləğində inzibati cərimə tətbiq edə bilər. Şəhərlərarası dəyişiklik ilə əlaqədar isə onlayn, yaxud da bələdiyyəyə yaxınlaşaraq 8 gün ərzində məlumat verməlisiniz. Polisin ünvanınızı yoxlamaq üçün bir ay vaxtı var, bundan sonra bələdiyyə orqanlarının ünvan dəyişikliyinə baxmasına daha 2-4 həftə vaxt lazım olur. Daha sonra yaşayış icazənizi yeniləməkdən ötrü poçta dəvət olunacaqsınız. Əgər qeydiyyat sənədinizi vaxtında təqdim etməsəniz, bələdiyyə 161 avro cərimələyəcək.

Asiyada

Çində "Hukou" sistemi sakinlərin qeydiyyatı və vətəndaşlıq qeydiyyatı üçün istifadə olunur. Bu sistem imperiya dövründən miras qalıb. Həmçinin, yaşayış evini dəyişən Çin vətəndaşları bu barədə bir şəhərdən digərinə girişdə müvafiq idarəyə bildirməlidir.

Pakistanda NADRA[33] sistemi pakistanlı ailələri, rayon şurası isə ayrı-ayrı sakinləri qeydiyyata salmaq üçün istifadə olunur. Əcnəbilər Pakistanda əcnəbilərin qeydiyyatı üçün qanunlara uyğun olaraq 90 gün ərzində qeydiyyatdan keçməlidirlər.

"Polisdə qeydiyyata düşmək də çətinləşib"

Hüquqşünas Elmir Səfərov AzadlıqRadiosuna deyir ki, digər ölkələrdə yaşayış qeydiyyatını dəyişmək məsələsi daimi qüvvədədir. O, Azərbaycanda 1997-ci ildən qüvvədə olan, ara-sıra gündəmə gələn bu qanunun müsbət tərəflərindən danışır, cinayətkar və təqsirkarların axtarılması, tapılması prosesinə dəstək verdiyini, insanların təhlükəsizliyi təmin etdiyini vurğulayır.

"Lakin uzun müddət tətbiq olunmadığı üçün unudulub. Avropa ölkələrində bununla bağlı cərimələnənlərin sayı çox aşağıdır. Çünki insanlar özlərini düşünüb qeydiyyata düşürlər. Hətta mən Türkiyədə olanda da orada xarici vətəndaşların da müvəqqəti qeydiyyat üçün tələsdiyini görürdüm. Amerika kimi bəzi dövlətlərdə bu məcburi olmasa da, orada maarifçilik nöqteyi-nəzərdən insanlar bundan istifadə edir. Azərbaycanda isə nəinki təbliğat, cərimə sistemi ilə insanları qanundan uzaqlaşdırırlar. Bu gün polisdə qeydiyyata düşmək də çətinləşib. Son 20 gündə 10 nəfər bununla bağlı mənə irad bildirib", – Səfərov deyib.

DİN bu yaxınlarda məlumat yayaraq bildirib ki, yaşayış yerindən kənarda 60 gündən artıq qalmaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 iş günü ərzində polisə məlumat verməlidir. Əks halda, inzibati məsuliyyətə cəlb olunaraq xəbərdarlıq ediləcək və 30 manat cərimələnəcək. Qurum yaşayış yeri üzrə qeydiyyatı zəruri edən səbəblər kimi hərbi səfərbərlik, sosial müavinət, evlənmə, boşanma və digər məsələlərlə əlaqədar müraciətlərə baxılarkən vətəndaşı tapmağın çətinliklərini göstərir.

Altı aylıq minimum maaş qədər olan cərimə - Azərbaycanda belədir, bəs Gürcüstanda?
Gözlə

No media source currently available

0:00 0:05:06 0:00

Hüquqşünas təklifi

Hüquqşünas Səfərov isə təklif edir ki, bələdiyyələr, yaxud da yerli icra orqanlarının birində şöbə yaradılsın, şöbə əməkdaşları evləri tək-tək gəzib, qeydiyyatsız şəxsləri proses haqda məlumatlandırsın. O, evlərin çoxunun sənədinin olmaması səbəbindən vətəndaşlara güzəşt müddəti verilməsini vacib sayır.

Polisin yaşadığı yerə qeydiyyatı olmayan vətəndaşları cərimələməyə başlaması 2 aya yaxındır ki, sosial şəbəkələrdə geniş müzakirə olunur. Çünki hazırda rayon qeydiyyatında olub paytaxtda yaşayan, işləyən xeyli sayda vətəndaş var. Onlar ya qohumlarının, ya da kirayə yaşadıqları mənzilə qeydiyyata düşməlidir. Lakin kirayə verilən mənzil sahiblərinin heç də hamısı vətəndaşla kirayə müqaviləsi bağlamağa maraqlı deyil.

AzadlıqRadiosu bu günə kimi neçə nəfərin cərimələndiyini öyrənə bilməyib.

S.İ. deyir ki, qeydiyyat prosesinin asanlaşdırılacağı, haqsız hesab etdiyi cərimənin isə ləğv ediləcəyi günü gözləyir. O bir daha 30 manat cərimələnmək istəmir, günlərini səksəkə içində keçirdiyini söyləyir: "Ya gərək rayona qayıdaq, ya da yalvaraq ki, sənədli ev çıxsın qabağımıza. Fəhləlik ilə ailə saxlayan adamlara güzəşt edilsin, proses asan olsun ki, cərimələr belimizə yığılmasın".

XS
SM
MD
LG