Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 04:25

Evlərin sənədləşdirilməsinə kim mane olur. Cərimələnənlər var


Sulutəpədə SOCAR-ın Mühafizə xidməti evləri sökür
Gözlə

No media source currently available

0:00 0:04:33 0:00

Sulutəpədə SOCAR-ın mühafizə xidməti evləri sökür (Arxiv. 2011)

"23 ildir yaşadığımız evi, əkib-becərdiyimiz torpağı sənədləşdirə bilmirik. Dövlət qurumları isə bir-birinin üstünə atır", – bu sözləri AzadlıqRadiosuna Bakı sakini Yaqut Abbasova deyir.

Sənədi tapılmayan ev

Yaqut Abbasova 2000-ci ildə Bakının Xəzər rayonunun Binə qəsəbəsində 10 sotdan çox torpaqda fərdi ev tikib. Evin bütün kommunalı öz adlarına olsa da, Abbasova illərdir evini sənədləşdirə bilmir. Deyir ki, əvvəlcə qurumlar məsuliyyəti bir-birinin üzərinə atıb, son illərdə isə eşitdikləri tək cavab "Arxiv İdarəsində bu ərazi barədə sənəd tapılmır" olub.

"23 il əvvəl torpaq alıb, ikimərtəbəli ev tikmişik. Binə qeydiyyatındayıq. Uşaqlarım burada məktəb oxuyub, sənədlərini Bakıda alıb, yaşayış və qeydiyyat ünvanı da Bakıyadır. Belə olduğu halda, evi sənədləşdirmək asan olmalı idi. Torpağa çıxarış ala bilmədik. Gah dedilər ki, kənd təsərrüfatı təyinatlı torpaqlardır. Belə olarsa, torpağın təyinatı dəyişməli idi, buna da Nazirlər Kabineti baxır deyə, əlimizi üzmüşdük. Sonra Bakı Ərazi İdarəsindən şəxslər dedi ki, arxiv sənədi tapılmalıdır. Arxiv İdarəsinə müraciət etdik, oradan da sənədi tapıb çıxaran olmadı. Bələdiyyə icra hakimiyyətinin üstünə atır, idarələr də bir-birini günahkar çıxarır. Arada qalan bizik. İndi də deyirlər ki, Arxiv İdarəsini məhkəməyə verib sənədi tələb edin. Bu problemlər artıq illərdir dəyişmədən ətrafımızda dövr edir", – o, təəssüflənərək deyib.

Nə gələn var, nə gedən

Şərti adı Murad Abbasov olan sakin isə Bakının Sabunçu rayonunda 12 ildir evinə sənəd ala bilmir. O, "bürokratik əngəllər yaradırlar, səbəb nədir başa düşmürəm" deyir.

"2011-ci ildə bələdiyyədən torpaq almışam. İllərdir ki, aldığım torpağın rüsumunu ödəyirəm. Texniki sənədim, evimin çertyoju da var. Qapımın ağzında balaca mağazam var. Oranın da VÖEN hesabı, vergi məsələləri öz adımadır və qaydasındadır. Amma heç kim qeydiyyata almır. O vaxt tikinti aparanda gəldilər, "şirinlik" istədilər, təşkil etdik, çıxıb getdilər. Bütün kommunal xərclər də ləngidilmədən ödənilir. Ancaq nə gələn, nə baxan var. Evimin sənədləşdirilməsi ilə bağlı bələdiyyəyə, kənd icra qurumuna dəfələrlə müraciət etmişəm. Onların bugünə kimi bir cavabı olub ki, "biz sənəd verə bilmərik". Heç bir səbəb göstərilmir", –Abbasov AzadlıqRadiosuna "saqqız kimi uzanan" bu problemdən danışır.

500 min sənədsiz evlə bağlı qərar gözlənir
Gözlə

No media source currently available

0:00 0:03:38 0:00

Eyni dərd, müxtəlif regionlar

Sumqayıtda yaşayan Zeynalovlar ailəsi isə evlərini satmaq istəyirlər, alıcılar isə sənədsiz evə yaxın düşmür. Zeynalovlar da 25 il öncə burada tikintisi iki ildən bir az artıq müddətə başa gələn evini hələ də sənədləşdirə bilməməkdən gileylidir. "İlham Əliyev o vaxt "sənədləşəcək" deyəndə inandıq, amma yalan çıxdı", –ailə üzvləri əllərini artıq sənəd işlərindən üzdüklərini vurğulayırlar.

"Bizim digərlərindən fərqli olaraq arxiv sənədimiz var idi. Aparıb sənədi verirsən, deyirlər, bir ay gözlə. Vaxt tamamlanır, gedirsən sənədi almağa, onda da deyirlər, "get indi də başqa sənəd gətir". O qədər gedib-gəlirsən ki, axırda peşman olursan bu işə girişməyə. Bizdən özəlləşdirməyə aidiyyəti olmayan sənədlər tələb olunur. Bu lazımsız sənədləri toplamağa aylarla vaxt itir. Bir sözlə, bir-birinin üstünə atırlar, məlum olur ki, pul istəyirlər. Pulumuz da yoxdur, onsuz da səfalət içində yaşayırıq. Birdə ki, pulu məmura yedirdəsi deyilik ki...", – Zeynalovlar ailəsi problemlərini AzadlıqRadiosu ilə bölüşür.

Gəncə, Quba, Şamaxı, Şəki və digər regionlarda da eyni problemlə üzləşənlər illərdir dərdlərinə çarə tapa bilmədiklərini söyləyirlər.

Prezidentin tapşırıqları və....

Müxtəlif illərdə Azərbaycan Prezidenti İlham Əliyev paytaxt və regionlarda qeydiyyatsız evlərin sənədləşdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarına xüsusi tapşırıq verilib. Hələ 2010-cu ildə prezident qeydiyyatsız evlərin sənədləşdirilməsi məsələsini qaldırıb. 2012-ci ilin iyununda Əliyev müxtəlif torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərə görə komissiya yaradılması haqqında sərəncam imzalayıb. 2014-cü ildə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) dörd kateqoriya üzrə siyahının hazırlanaraq Nazirlər Kabinetinə təqdim edildiyini bildirib. 2019-cu ildə BŞİH-nin yeni təyin edilən başçısı Eldar Əzizov müvafiq komissiyanın işlədiyini, "sənədsiz evlər məsələsi bütün ölkə üzrə birdəfəlik öz həllini tapacağını" deyirdi.

İqtisadiyyat Nazirliyi 2015-ci ilin yanvarından 2021-ci ilin sentyabrınadək yüz mindən artıq evin sənədləşdirildiyini açıqlayıb. 2022-ci ildə isə Azərbaycan ərazisində 49 min 371 fərdi yaşayış evi, 94 min 510 mənzil üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb. Bu məlumatı AzadlıqRadiosu Əmlak Məsələləri Dövlət Xidmətindən alıb.

Beləliklə, indiyədək 250 min civarında evin sənədləşdirildiyini söyləmək olar.

'Xutor' sakinləri evlərinin sökülməsinə etiraz edir
Gözlə

No media source currently available

0:00 0:04:52 0:00

...Reallıq

Ekspertlər isə zənn edir ki, rəsmilərin açıqladığı rəqəmlər mövcud rəqəmlərin heç yarısı deyil. Təkcə Bakı şəhərində 500 minə yaxın sənədsiz evin olduğu bildirilir. İqtisadçı Fərid Abbasov sənədsiz evlərin əksəriyyətinin Bakı və Abşeron ərazisində olduğunu deyir.

"Azərbaycanda regionlarda azı 200 min mənzilin sənədləşdirilməsinə ehtiyac var. Rəsmi statistikaya görə, ölkədə 2 milyon mənzil var, buna da yalnız uçota alınan mənzillər daxildir. Lakin sənədsiz evlərin sayını demək mümkün olmasa da, biz kommunallar ilə təxmini say müəyyən edirik. Hazırda ölkədə elektrik enerjisi verilən mənzillərin sayı 3 milyona yaxındır. Bu o deməkdir ki, ölkədəki mənzillərin təxminən 20 faizi rəsmi qeydiyyatda deyil. Bu sıraya həm qanuni sənədlər əsasında tikilən, amma mülkiyyət sənədi almayan mənzillər, həm də qanunsuz tikililər daxildir. Əgər bu gün paytaxtda 400 mindən çox sənədsiz tikili mövcuddursa, onların əksəriyyəti fərdi yaşayış evləridir. Onların qeydiyyatsız olması ildə dövlət büdcəsinin külli miqdarda vəsaitdən kənarda qalması deməkdir. Belə ki, onlar sənədləşdirilib əmlak vergisinə cəlb olunsalar, bu vəsait bələdiyyənin, eləcə də dövlət büdcəsinin formalaşmasına təsir edərdi", –iqtisadçı AzadlıqRadiosuna deyib.

Bakı və onun ətrafında sənədləşmə aparılmadan tikilən fərdi evlərin sayı yüz minlərlədir. 2000-ci illərdə müxtəlif mənbələr Bakı ətrafında 700 mindən yuxarı belə evin inşa olunduğunu bildirib. Bundan əlavə, Bakı kəndlərində sovet dövründən tikilmiş evlərin çoxunun da kupçası yoxdur.

Ötən ilin əvvəlində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən (ƏMDX) bildirib ki, Azərbaycanda sənədsiz evlərin sənədləşdirilməsinə dair yeni qanunvericilik aktı hazırlanacaq. Üstündən bir il keçsə də, ortada nə qanun var, nə də qanun haqda başqa informasiya. ƏMDX qeydiyyatsız evlərin siyahıya salınması haqda təkliflərini də prezidentə təqdim etməli idi. Amma indiyədək bu barədə də məlumat açıqlanmayıb.

'Burda ev tikmək qanunsuz idisə, torpaq niyə verilirdi?'
Gözlə

No media source currently available

0:00 0:03:41 0:00

Evlərin sənədləşməməsində maraqlı qüvvələr

Əmlak məsələləri üzrə ekspert, eləcə də ev alqı-satqısı ilə məşğul olan Renat Nağıyev AzadlıqRadiosuna deyir ki, sənədsiz evlərin bir qismi öz təyinatına uyğun olmayan torpaqlarda, müvafiq qoruma zolaqlarında, yüksəkgərginlikli xətlərin altında tikilib. O, həmin evlərə sənədlərin verilməsini müşkül sayır və sənədləşmənin yubanma səbəblərini sadalayır.

"İlk səbəb yaşayış yerlərinin ilkin qeydiyyatının olmamasıdır, torpaq ayırma ilə bağlı sənədlər tapılmır. İkinci məsələ qanunsuz evlərin müvafiq qaydada inşa olunmamasıdır. Məsələn, yüksəkgərginlikli xətlərinin üstündə tikilib, ya da xüsusi qorunma ərazisində inşa edilib. Üçüncü səbəb bəzi torpaq sahələrinin kənd təsərrüfatı üçün ayrılması ilə bağlıdır. Yəni, fərdi yaşayış evləri kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilib. Onların sənədləşdirilməsi, ümumiyyətlə, problem yaradır, çünki bununla bağlı Nazirlər Kabineti qərar verməlidir. İlk iki səbəb ilə bağlı icra hakimiyyətləri işə qarışa bilər, onlar isə müdaxilə etmir. Səbəb isə gəlir mənbəyi kimi görməkləridir", – deyən mütəxəssis bəzi hakimiyyətdaxili qrupların bu işə çox ciddi müqavimət göstərdiyini və prosesin də buna görə uzandığını iddia edir.

"İnsanlar mülkiyyət hüququ qazansa, bu bəzi məmurların əmlak artırma istəklərini ciddi əngəlləyə bilər. Sənədsiz evlərin sökülməsi, vətəndaşı aldadıb əlindən almaq asandır. Bəzən heç məhkəmə qərarı olmadan belə bu addımları ata bilirlər. Amma ev sənədli olduqda bu proses uzun çəkir və mülkiyyətçinin üstünlükləri olur. Belə ki, məmurlar, inşaat şirkətləri prezidentin tapşırıqlarını yubadaraq öz əmlaklarını artırır. Bəzən inşaat şirkətləri gəlir ki, mənə sənədsiz ev göstər. Gedib ucuz qiymətə alıb, qazanırlar", – o, əlavə edir.

Bakıda vaqon evlər
Gözlə
Embed

No media source currently available

0:00 0:02:50 0:00

Fərdi yaşayış evlərinin dövlət qeydiyyatına alınması xidməti vətəndaşın istəyindən asılı olaraq maksimum 10 iş günü ərzində göstərilə bilər. Çıxarışın verilməsi üçün tələb olunan dövlət rüsumu 30 manatdır.

Çıxarışlar almaqda yaşanan problemlər fonunda isə ötən ildən kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilən evlərin sahiblərinin cərimələnməsinə başlanıb. ƏMDX-dən o da bildirilib ki, 2015-ci ildən 2022-ci ilə qədər inzibati tənbeh tədbiri kimi 609 protokol tərtib edilib. Cərimə məbləği 500 manatdan 5 min manata kimi dəyişir.

Ya qovulmaq, ya sənədi almaq

Elə Binədə evini sənədləşdirə bilməyən Yaqut Abbasova da bir gün özünün də cərimələnəcəyi, ya da qanunsuz şəkildə öz evindən qovulacağından qorxur: "500 manat böyük puldur bizim üçün. Sabah desələr ki, torpağın təyinatı uyğun deyil, cərimə yazılacaq. Ya da başqa qərarı əsas gətirib cərimə yazacaqlar. Ya da bir "qoçu" gələcək, torpaqları alacaq, qalacağıq yerdə. Dövlət qurumlarından hər şey gözləyirik. Amma ümidimiz ölməyib. Bu yaxınlarda yenidən ərizə yazıb, müraciət ünvaladıq. Heç olmasa, bu dəfə sənədi ala bilək".

XS
SM
MD
LG