Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:28

Bəxtiyar Hacıyev  şəxsi həyatı ilə bağlı yayılan məlumatlardan danışıb


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

İctimai fəal Bəxtiyar Hacıyev martın 7-də Penitensiar Xidmətin müalicə müəssisəsindən 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

O, təcridxanada ümumi kamerada saxlanılır.

Bu barədə Azadlıq Radiosuna bugün, martın 9-da onunla görüşən vəkil Rövşanə Rəhimli bildirib.

Vəkil Hacıyevin səhhəti ilə bağlı danışarkən deyib ki, o, hazırda reabilitasiya dövründədir, səhhəti yaxşılaşmağa doğru gedir, çəkisində artım var.

Bu il yanvarın 9-da Bəxtiyar Hacıyev həbsinə etiraz olaraq aclığa başladığını açıqlamışdı və bu aksiyanın 51 gün davam etdiyi bildirilmişdi.

Müdafiə tərəfi onun 50 gündən çox çəkən aclıq aksiyası nəticəsində ciddi çəki itirdiyini və səhhətinin ağırlaşdığını deyirdi.

Bəxtiyar Hacıyevin yazışmalarında adı keçən xanımlar danışır
Gözlə

No media source currently available

0:00 0:06:46 0:00

Bir müddət öncə (onda aclığın davam etdiyi bildirilirdi) sosial şəbəkələrdə Bəxtiyar Hacıyevin şəxsi fotoşəkilləri və yazışmalar yayıldı.

Orada onun bir sıra xanımlarla əlaqəsindən bəhs edilirdi. Bununla bağlı vəkil deyib ki, Hacıyev onun şəxsi həyatı ilə bağlı yayılan məlumatların çoxunun saxta olduğunu söyləyib:

"O, nə baş verdiyini tam başa düşə bilmir. Bununla bağlı çox böyük narahatçılıq, stress keçirir. O, məyusluq hissi keçirir. Deyir ki, bu tamam doğru olmayan hərəkətdir. Hacıyev belə başa düşür ki, bunlar, yəni yazışmalar, digər materiallar on il bundan əvvələ aiddir. Orada çox mütləq şəkildə montajlar və əlavələr var. O, bunu ilkin olaraq Pegasus-la (peqasus casus proqramı - red.) əlaqələndirdi, yəni Pegasus vasitəsilə götürüldüyünü güman edir".

Rəhimli bildirir ki, yayılan materiallarla bağlı vəkillər iş aparır:

"Güman edirəm ki, yaxın zamanda müsbət nəticələr əldə edəcəyik".

Vəkillər yayılan materialların araşdırılması ilə bağlı hüquq-mühafizə orqanlarına, o cümlədən prokurorluğa müraciət edib.

Vəkilin bu açıqlamasına, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

İndiyədək rəsmi qurumlar Hacıyevin şəxsi məlumatlarını sosial şəbəkədə kimlərin yaydıqları haqqında suala dəqiq cavab verməyib.

DİN təkzib edirdi

Martın 1-də Daxili İşlər Nazirliyi Bəxtiyar Hacıyevin şəxsi məlumatlarının yayılmasında istintaq orqanının əlinin olması ilə bağlı iddiaları təkzib etmişdi.

"O, vəkili ilə birgə məhkəməyə aparılıb, məhkəmə qərarından sonra Bakı İstintaq Təcridxanasına köçürülüb. Onun şəxsi əşyalarına baxılması və yaxud köçürülməsi ilə bağlı iddiaları qəti olaraq təkzib edirik" - deyə Daxili İşlər Nazirliynin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirmişdi.

"Müdafiə Xətti" hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov isə bildirmişdi ki, rəsmi qurumlar həbsdə olan vətəndaşın şəxsi məlumatının yayılmasının qarşısını almaq üçün araşdırmaya başlamalıdır.

Xatırlatma

Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.

Sonradan müstəntiqin vəsatəti əsasında həbs-qətimkan tədbiri aprelin 28-dək uzadılıb.

O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir.

Bu ittihama səbəb olan insident daha öncə böhtan iddiası ilə bağlı fəala qarşı açılmış cinayət işi üzrə məhkəmədə baş verib.

Hacıyev fevralın 10-da Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin müalicə müəssisəsinə köçürülmüşdü.

Harvard Universitetinin məzunu olan Hacıyev 2011-ci ilin martında da həbs edilmişdi. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi.

Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.

O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilirdi.

XS
SM
MD
LG