Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:20

Rusiya əsirləri dəyişir, 24 uşağı Ukraynaya qaytarır


Aprelin 10-da Ukraynaya qaytarılmış əsirlər
Aprelin 10-da Ukraynaya qaytarılmış əsirlər

Rusiya və Ukrayna aprelin 10-da növbəti əsir mübadiləsini həyata keçiriblər.

Rusiyaya 106, Ukraynaya 100 hərbi əsir qaytarılıb.

Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, 106 hərbi əsir hərbi nəqliyyat təyyarəsi ilə Moskvaya gətiriləcək.

Xəbərdə deyilir ki, onlar nazirliyin xəstəxanalarında müalicə və bərpadan keçəcəklər.

Ukrayna prezident administrasiyasının rəhbəri Andrey Yermak deyib ki, 100 ukraynalı əsir evlərinə qaytarılıb.

Onların arasında Ukrayna silahlı qüvvələrinin hərbçiləri, matroslar və Milli Qvardiyanın üzvləri var.

Yermakın sözlərinə görə qaytarılan hərbçilərdən bəziləri yaralı və xəstədir və onlara lazımi tibbi xidmət göstəriləcək.

Bu arada Ukraynanın Xerson vilayətinin hərbi administrasiyası bildirir ki, Rusiya hakimiyyət orqanlarının işğal olunmuş ərazilərdən qanunsuz apardığı 24 uşaq geri qaytarılıb.

Uşaqların qaytarılmasına Save Ukraine xeyriyyə fondunun könüllüləri kömək ediblər.

Aprelin 10-da Ukraynaya qaytarılan uşaqları Xerson hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin qarşılayıb.

Könüllülər danışırlar ki, bu, ən mürəkkəb əməliyyatlardan biri olub.

Məlumatda deyilir ki, “rusiyalılar uşaqların valideynlərini 13 saat ərzində dindiriblər və daha sonra onları propaqanda reportajında iştiraka məcbur ediblər”.

Aprelin 8-də Ukraynaya 31 uşaq qaytarılmışdı.

Save Ukraine fondunun icraçı direktoru Nikolay Kuleba deyib ki, bu, uşaqların xilası üçün keçirilən beşinci missiya idi.

Bundan əvvəl qaytarılan uşaqlar

Bundan əvvəl fond Xerson və Xarkov vilayətlərinin işğal olunmuş hissələrindən qanunsuz aparılmış 31 uşağı qaytara bilmişdi.

Rusiya tərəfi iddia edirdi ki, guya bu uşaqları ilhaq olunmuş Krımdakı yay düşərgəsinə aparıblar.

Uşaqlardan bəziləri onlara fiziki cəzaların verildiyini bildirirlər.

Ukrayna ombudsmanının məlumatına görə müharibə dövründə Ukraynadan Rusiyaya 16 min uşaq deportasiya olunub.

Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi Ukrayna əhalisinin, o cümlədən uşaqların qanunsuz deportasiyasına görə prezident Vladimir Putinin və Rusiya uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə orderlər verib.

Rusiya hökuməti iddia edir ki, uşaqlar onların atəşdən qorunması üçün evakuasiya olunublar.

Buna baxmayaraq bu uşaqlardan bəzilərinin Rusiyada övladlığa götürülməsinə dair məlumatlar var.

Bu, beynəlxalq konvensiyalara ziddir və hərbi cinayət sayılır.

XS
SM
MD
LG