Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:30

Mişel Bakı ilə Qarabağ ermənilərinin dialoqunu 'həlledici' hesab edir


Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel

"Biz Ermənistanla Azərbaycan arasında danışıqların davam etdiyini görməkdən məmnunuq". ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin (Matthew Miller) mayın 30-da yaydığı bəyanatda belə deyilir.

"Dövlət katibi (Entoni) Blinkenin dediyi kimi, Cənubi Qafqazda sülhə nail olmaq mümkündür. Biz bu yaxınlarda baş nazir (Nikol) Paşinyanın sülhə sadiqliyini yüksək qiymətləndirdik və prezident (İlham) Əliyevin amnistiya ilə bağlı son açıqlamalarını alqışlayırıq", – bəyanatda vurğulanır.

"Ermənistan və Azərbaycan liderləri bu həftənin sonunda Kişinyovda avropalı tərəfdaşlarımızla görüşəcək. Ümid edirik ki, bu, məsələlərin zorakılıq yolu deyil, danışıqlar masası arxasında həlli yönündə məhsuldar addım olacaq. Aqressiv ritorika yalnız keçmişin zorakılığını möhkəmləndirə bilər; həm ictimai, həm də özəl yollarla konstruktiv dialoq isə sülh, fürsət və ümid yarada bilər. Birləşmiş Ştatlar davamlı və layiqli sülh sazişi bağlamaq üçün hər iki tərəfin səylərini dəstəkləməyə hazırdır", – Miller qeyd edir.

+++

“Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla Kişinyovda Ermənistan-Azərbaycan danışıqlarının davamını səbirsizliklə gözləyirəm”.

Bunu mayın 30-da özünün Twitter hesabındakı mikrobloqda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel yazıb.

Avropa İttifaqı Şurasının rəhbəri iki ölkənin bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanımasını, sərhədlərin delimitasiyasında irəliləyişi, habelə sərhədyanı bölgələrdə risklərin azaldılmasının mühümlüyünü bir daha vurğulayıb.

Mişel habelə yazıb ki, “Bakı ilə keçmiş DQMV-də yaşayan ermənilər arasında onların hüquqları və təhlükəsizliyinə dair dialoq həlledici əhəmiyyətə malikdir”.

Avropa İttifaqı Şurası rəhbərinin fikrincə “maksimalist mövqelərdən çəkinmək və dialoqa can atmaq” mühümdür:

“30 ildən çox davam etmiş münaqişədən sonra yaraların sağalmasına vaxt tələb olunur. Cəsarətli qərarlar zəruridir”.

Azərbaycan və Ermənistan liderləri iyunun 1-də Kişinyovda Avropa Siyasi İcmasının sammitində iştirak edəcəklər.

Burada İlham Əliyev və Nikol Paşinyan arasında Şarl Mişelin, habelə Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə beştərəfli görüşün keçirilməsi gözlənilir.

Bundan əvvəl Azərbaycanın Fransadakı səfiri bildirmişdi ki, Kişinyovda iki ölkə arasında sülh müqaviləsi imzalana bilər.

Yerevan isə bəyan etmişdi ki, sülh müqaviləsinin imzalanması bu görüşün gündəliyinə daxil edilməyib.

Baş nazir Nikol Paşinyan demişdi ki, Azərbaycan sülh müqaviləsi ilə bağlı Yerevanın son təkliflərinə hələ ki, cavab verməyib.

Avropa İttifaqı da bəyanat yayıb

Kişinyovda keçirilməsi planlaşdırılan görüşün ərəfəsində Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində son vaxtlar nəzərə çarpan fəallığı alqışlayan bəyanat verib.

Avropa İttifaqı Xarici Siyasət Xidmətinin bəyanatında tərəflərə sülh prosesinə ziyan vura biləcək bəyanatlardan çəkinmək tövsiyə olunur:

“Bu tarixi iləliləyişi saxlamaq və sülh prosesini, düşmən ritorika da daxil, təhlükə altında qoya biləcək addımlardan çəkinmək mühümdür”.

Bəyanatda xatırladılır ki, mayın 14-də Avropa İttifaqı Şurası prezidentinin vasitəçiliyi ilə Brüsseldə keçirilən danışıqlarda Azərbaycan və Ermənistanın liderləri diqqətlərini sərhəd məsələləri, kommunikasiyalar, humanitar məsələlər, habelə Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi kimi məsələlərə yönəldiblər.

Aİ bildirir ki, iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinə dəstək verilməsinə sadiq qalacaq.

Xatırlatma

Azərbaycan 2020-ci ildə, 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində (Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır. Amma, hələlik, tərəflər arasında sülh sazişi imzalanmayıb.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG