Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 04:57

Astarada MMC rəhbəri işıqlarının kəsildiyini, işlərinin dayandığını deyir


Rafiq Cəfərov
Rafiq Cəfərov

İşadamı, "FAR-EL" MMC-nin direktoru Rafiq Cəfərov "Azərişıq" ASC-dən şikayətçidir. İddia etməsinə görə, heç bir fakt ortaya qoymadan və xəbərdarlıq etmədən müəssisənin işığını kəsiblər: "Mənim beş hektar torpaq sahəm var. Həmin sahədə 10 min subtropik və digər meyvə ağacları əkilib. Hər il bələdiyyədən götürdüyüm dörd hektar sahədə çəltik əkirəm. Bu sahələr nasoslarla suvarılır. Su olmasa, ağaclar məhsuldarlıqdan düşər. Hər il tonlarla məhsul götürürəm. Əldə etdiyim qazancla işçilərimi saxlayıram".

"Akta möhür vurub qol çəkməli idim"

Onun vurğulamasına görə, "Azərişıq" ASC-nin ona təqdim etdiyi sənədlərdə borcla bağlı fakt yoxdur: "Guya, işçiləri tərəfindən akt bağlanıb. O aktı görməmişəm. Hər il "Azərişıq" ASC müəssisələrlə üzləşmə aktı tərtib etməlidir. Mən hüquqi şəxsəm, möhürüm var. Akta möhür vurub qol çəkməli idim. Onların verdiyi məlumatlarda göstərilir ki, 2004-cü ildə yaranmış borca görə 2015-ci ildə mənə xəbərdarlıq edilib. O vaxtları ASC-nin yerli qurumuna borcla bağlı müraciət etdim ki, sayğacı yoxlasınlar. Yoxladılar və dedilər ki, borcun yoxdur".

Onun deməsinə görə, bu ilin aprelində "FAR-EL" MMC-də smart-kart tipli sayğac quraşdırdıqdan sonra borcu yadına salıblar və tələb ediblər ki, ödəsin.

"19 ildən sonra məni yenə borclu çıxartdılar"

R.Cəfərov buna etiraz etdiyini söyləyir. O deyir ki, yenidən "Azərişıq" ASC-nin yerli qurumuna müraciət edib: "Orada mənə dedilər ki, bizlik bir şey yoxdur, ödəməlisən. 19 ildən sonra məni yenə borclu çıxartdılar. Xəbərim olmadan işığı kəsdilər. Necə olur ki, "Azərişıq" 5 manat borca görə işığı kəsir, mənim min manatdan yuxarı borcum olub, işığımı kəsməyiblər? Beləmi kənd təsərrüfatı inkişaf etdirilir?!".

Sahibkar məhkəməyə müraciət etməkdən başqa yolu qalmadığını deyir: "Müəssisənin işığını kəsiblər. İşlər dayanıb, ziyana gedirəm. Mən vergi və digər ödəmələr edirəm. Burada dövlət də itirir. Əgər günahkaramsa, pulu hissə-hissə ödəməyə hazıram. Gəlsinlər, sübut etsinlər. Özbaşınalıqdır. Boynuma zorla borc qoyurlar. Belə iş olar?! Hanı dəstək?! Problem ondadır ki, heç kim adamı dinləmir. Deyir, burda mənəm, Bağdadda kor xəlifə".

1 min 815 manat 14 qəpik...

Sahibkar problemin ədalətlə həll edilməsini vacib sayır. O, "Azərişıq" ASC-yə də rəsmi müraciət edib. Ona Müştəri xidmətləri idarəsinin rəisi Mahir Abdullayevin imzaladığı cavab məktubu da gəlib. Həmin məktubda vurğulanır ki, "80102201951 saylı kod üzrə abunə vərəqi təhlil olunub və "Azərişıq" ASC-nin fəaliyyəti dövrünə qədər istehlak edilmiş, lakin dəyəri ödənilməmiş 1815.14 manat məbləğində borcun olduğu müəyyən edilib". (Bu qurum 2006-cı ildə yaradılıb. Ona ölkə üzrə elektrik satışı səlahiyyəti daha sonra verilib)

"İşığını kəsməmişik"

Məsələ ilə bağlı Astara Elektrik Şəbəkəsindən isə bildirirlər ki, elektrikin kəsilməsi yeni qoyulmuş sayğacla bağlıdır: "İşığını kəsməmişik. Təzə sayğac qoyulub, smart-tipli sayğac. Gərək borcunu ödəyə ki, işığı yana. Pulunu vur, işlət. Ona borc barəsində izah verilib".

XS
SM
MD
LG