Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:30

Mirziyoyev yenidən prezident seçilir


Şavkat Mirziyoyev səs verir
Şavkat Mirziyoyev səs verir

Şavkat Mirziyoyev üçüncü müddətə Özbəkistan prezidenti seçilib. İyulun 9-da keçirilmiş növbədənkənar seçkinin nəticəsi öncədən bəlli sayılırdı.

Ölkənin Mərkəzi Seçki Komissiyası (MSK)iyulun 10-da ilkin nəticələrə əsasən Mirziyoyevin səslərin 87.1 faizini yığdığını açıqlayıb.

MSK-nın bildirdiyinə görə, Özbəkistanın 19.6 milyon qeydiyyatdan keçmiş seçicisinin 80 faizə yaxını səsverməyə gedib.

+++

Özbəkistanın Mərkəzi Seçki Komissiyası növbədənkənar prezident seçkisini baş tutmuş elan edib. Hazırkı prezident Şavkat Mirziyoyevin bu repressiv Orta Asiya ölkəsinə üçüncü dönəm prezidentlik edəcəyi gözlənir.

Komissiyanın məlumatına görə, qeydiyyatda keçmiş seçicilərin 70 faizə yaxını (19.2 milyon seçicidən 13.4 milyon nəfər) iyulun 9-u axşamadək səs verib. Səsvermənin etibarlı sayılması üçün tələb olunan seçici iştiraklılığı 33 faizdir.

65-yaşlı, gülümsəyən Mirziyoyevin iyulun 9-da səhər paytaxt Daşkənddə səs verərkən dövlət mediasında görüntülənib.

Konstitusiya referendumu

Rəsmi nəticələrin nə vaxt açıqlanacağı bəlli deyil.

ATƏT-in beynəlxalq müşahidəçiləri iyulun 10-da mətbuat konfransı keçirəcək, seçki prosesi haqda hesabatlarını açıqlayacaqlar.

Seçki kampaniyası vaxtı Mirziyoyevə qarşı üç formal namizəd əsasən sakit davranıblar.

Bu ilin əvvəlində konstitusiya referendumu keçirən Mirziyoyev prezidentlik müddətini beş ildən yeddi ilə qaldırıb, daha iki dönəm prezident olmağın yolunu açıb. Yəni o 2037-ci iləcən hakimiyyətdə qala bilər.

“İndiki prezidentin qələbə çalacağı aydın məsələdir. Digər namizədlərin heç biri tanınmayıb, populyar olmayıblar”, – özbəkistanlı siyasi ekspert Farxod Talipov seçkidən öncə “AFP” agentliyinə deyib.

13 il baş nazirlikdən sonra...

Mirziyoyev 2016-cı ildə, uzun müddət ölkəni idarə etmiş avtokratik lider İslam Karimovun ölümündən sonra prezident postuna keçib. O, prezidentlikdən öncə 13 il baş nazir vəzifəsində olub.

Hakimiyyətinin ilk illərində islahatlar həyata keçirən Mirziyoyev alqışlanıb, potensial dəyişikliyə nikbinlik yaradıb. Ancaq o, sonradan geri addım atıb ki, bir çox təhlilçilər də bunu Karimov administrasiyasından tanış, repressiv əlamət sayırlar.

Mirziyoyev pambıq tarlalarında məcburi əməyi ləğv edib, ölkəni turizm və investisiyaya açıb, məhdud media azadlıqlarına imkan verib.

Ancaq tənqidçilər 2022-ci ilin iyulunda Qaraqalpaqıstanda azlıqların etirazının yatırdılmasına diqqət çəkir, bu addımın ölkə liderinin milli birlik və islahat vədlərini sarsıtdığını deyirlər.

Opponentlər

Ölkənin 35 milyon əhalisindən 20 milyona yaxınının səsvermə hüququ var. Təbii qazla zəngin Özbəkistan təlatümlü regionda yerləşir, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanla sərhəddir.

Mirziyoyevin rəsmi opponentləri keçmiş təhsil naziri, keçmiş yüksək vəzifəli meşə industriyası rəsmisi və Özbəkistan Senatından çıxmış bir hakimdir. Onlar mayda başlanan kampaniyada sükutlarını qoruyublar.

Ancaq bir opponent seçkiyə buraxılmayıb. Keçmiş universitet rektorundan rejimin opponentinə çevrilmiş Xidirnazar Allaqulov deyir ki, rəsmilər onun siyasi partiya yaratmaq cəhdinin qarşısını dəfələrlə, bəzən də zorakılıqla alıblar.

“32 illik müstəqillik dövründə siyasi arenamızda rəqabət olmayıb. İstəmirlər olsun. Ədalət istəmirlər. Hüququnu aliliyini istəmirlər”, – 67-yaşlı Allaqulov AzadlıqRadiosuna telefonla müsahibədə deyib.

XS
SM
MD
LG