ABŞ Rusiyaya sanksiyalardan yan keçməkdə kömək etdiyinə görə Türkiyəyə qarşı tədbirlər görməyə hazırlaşır.
Bu barədə məlumatı mənbələrə istinadla The Wall Street Journal qəzeti verib.
Mənbənin sözlərinə görə Vaşinqton Ankaranı Kremlə qarşı qoyulmuş məhdudiyyətlərə əməl etməyə vadar etməyə çalışır, digər tərəfdən NATO müttəfiqi olan Türkiyənin özünün sanksiyalara tuş gələ biləcəyini bildirir.
The Wall Street Journal yazır ki, ABŞ administrasiyasının nümayəndələri Türkiyə hökuməti ilə bu məsələyə görə daimi əlaqədədirlər.
Ankara bundan əvvəl bildirmişdi ki, Rusiyaya onun Ukraynaya qarşı təcavüzünə görə qoyulmuş sanksiyaları pozmaq niyyətində deyil.
Bununla belə Ankara Moskvaya qarşı qoyulmuş məhdudiyyətlərə qoşulmayıb.
Qırğızıstan şirkətlərinə sanksiyalar qoyulub
Ötən həftə The Washington Post yazmışdı ki, ABŞ Moskvaya ikili təyinatlı malları, o cümlədən Çin istehsallı dronları ötürdüyünə görə Qırğızıstana təzyiq göstərməyi planlaşdırır.
Qırğızıstan hökuməti bütün ittihamları rədd edir və ABŞ və Avropa İttifaqını ixraca nəzarətə dair məsləhətləşmələr aparmağa çağırır.
Birləşmiş Ştatlar Qırğızıstanın RMDD də daxil 4 şirkətini artıq sanksiya siyahısına daxil edib.
ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir ki, 2022-ci ilin martında yaradılmış bu şirkətlər elektron və kommunikasiya avadanlığının, habelə bunlar üçün komplektləşdirici hissələrin satışı ilə məşğul olur:
"RMDD şirkəti yaradıldığı andan bəri Rusiyaya, o cümlədən Rusiya müdafiə müəssisələrini elektronika ilə təchiz edən firmalara fəal şəkildə ikili təyinatlı mallar satır”.
ABŞ Maliyyə Nazirliyi Qırğızıstan şirkətlərinin müştəriləri olan Rusiya şirkətlərini də sanksiya siyahısına salıb.
WP açıq sənədlərə istinadla yazırdı ki, bu il Qırğızıstandan Rusiyaya ixracın həcmi 2022-ci illə müqayisədə 250 faiz artıb.
Mart ayında Avropa İttifaqının sanksiyalar üzrə xüsusi səfiri Deyvid O'Sallivan Qazaxıstana və Mərkəzi Asiyanın Rusiyanın iqtisadi və siyasi nüfuz dairəsinə daxil başqa ölkələrinə Moskvaya sanksiyalardan yayınmaqda kömək etməmək çağırışı etmişdi.