Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:19

'Mədəni qırğın': Putinin də bitirdiyi Sankt-Peterburq universiteti yaddüşüncəli tələbələri qovur


Keçmiş müəllimin "ölkədə baş verənlərlə razılaşmayan hər kəsi metodik olaraq sıradan çıxarır" dediyi Sankt-Peterburq Dövlət Universitetinin məzunları
Keçmiş müəllimin "ölkədə baş verənlərlə razılaşmayan hər kəsi metodik olaraq sıradan çıxarır" dediyi Sankt-Peterburq Dövlət Universitetinin məzunları

AzadlıqRadiosunun əməkdaşı Robert Koulson (Robert Coalson) bu məqaləni hazırlarkən radionun Rusiyadakı müxbirlərinin materiallarına əsaslanıb. Həmin müxbirlərin güvənliyi üçün onların adları açıqlanmır.

Dilçi professor Svetlana Druqoveyko-Doljanskayanın Sankt-Peterburq Dövlət Universitetindəki (SPQU) 41 illik müəllimlik karyerası oktyabrın 13-də bitib. Universitetin redaktə və mətn tənqidçiliyinə dair magistr proqramını yaradan görkəmli alim "universitetdəki vəzifəyə uyğun olmayan …əxlaqsız davranışa" görə işdən çıxarılıb.

"Bu, siyasi və şəxsi motivlərə əsaslanan əsl mədəni qırğındır"

"Sokolovu işdən çıxararkən də eynilə bu üsuldan faydalanmışdılar", - professor CurrentTimeTV-yə belə deyib. Tarixçi Oleq Sokolov 2019-cu ilin noyabrında sevgilisi olan tələbəni qətlə yetirərək doğradığından həbs ediləndən sonra SPQU-dakı işindən azad edilmişdi.

Druqoveyko-Doljanskayanın "cinayət"i isə rəssam və musiqiçi Aleksandra Skoçilenkonun vəkillərinin xahişi ilə bəraətverici linqvistik təhlil yazmasından ibarətdir. Rusiya silahlı qüvvələri haqqında yanlış məlumat yaymaqda suçlanan Skoçilenko 10 ilədək həbs cəzasına məhkum edilə bilər.

"Siz doğrudan anlamırsınız ki, vəkillər üçün işləyəndə artıq yarıtmaz mütəxəssis olursunuz?" - universitetin etika komitəsinin sentyabrda keçirilən iclasında komitənin bir üzvü ona bu sualı verib.

Svetlana Druqoveyko-Doljanskaya
Svetlana Druqoveyko-Doljanskaya

Druqoveyko-Doljanskaya CurrentTimeTV-yə deyib ki, etika komitəsinin həmin iclasında universitetin bir neçə başqa müəllim və tələbəsi də qovulub. Ancaq onların qovulmasının səbəbi açıqlanmayıb. Hərçənd ictimaiyyətə açıq məlumatlar prezident Vladimir Putinin 1970-ci illərdə - KQB-də fəaliyyətə başlamazdan öncə bitirdiyi universitetin Ukraynaya hücum başlanmazdan öncə də fərqli fikirli insanları izlədiyini göstərir.

"Bu, siyasi və şəxsi motivlərə əsaslanan əsl mədəni qırğındır", - SPQU-nun ötən il oktyabrda işdən çıxarılmış keçmiş fəlsəfə müəllimi Denis Skopinin sözləridir. O, kütləvi hərbi səfərbərliyə etiraz aksiyasına qatıldığına görə 10 sutka həbsdə qalandan sonra universitetdən kənarlaşdırılıb. Skopin düşünür ki, bu təmizləməyə SPQU-nun rektoru, hakim Vahid Rusiya partiyasının funksioneri və Putinin elm və təhsil üzrə məşvərət şurasının üzvü Nikolay Kropaçov rəhbərlik edir. Kropaçov 2009-cu ildən bəri universitetin rektorudur.

"Bu universiteti… bir müharibə tərəfdarı idarə edir"

"Mən SPQU-da çalışmaq istəməzdim. Bu universiteti ölkədə baş verənlərlə razılaşmayan hər kəsi sistemli şəkildə məhv edən bir müharibə tərəfdarı idarə edir", - Skopin belə söyləyir.

Keçmiş fəlsəfə müəllimi Denis Skopin işdən çıxarıldıqdan sonra tələbələri ilə vidalaşır
Keçmiş fəlsəfə müəllimi Denis Skopin işdən çıxarıldıqdan sonra tələbələri ilə vidalaşır

Druqoveyko-Doljanskaya deyir ki, Ukraynaya qarşı müharibənin başlanmasından bəri SPQU-nun dilçilik fakültəsi çox sayda yüksəkixtisaslı müəllimini itirib. Onun sözlərinə görə, həmin müəllimlərdən bəzisi Rusiyanı tərk edib, bəzisi də ya başqa yerdə iş tapıb, ya da işdən çıxarılıb.

Tarix müəllimi Mixail Belousov mühazirə zamanı Ukraynaya hücumu Kremlin hər kəsdən tələb etdiyi kimi "xüsusi hərbi əməliyyat" yox, "müharibə" adlandırması üzündən işdən qovulub.

Daha öncə SPQU-dan kənarlaşdırılan tələbə Dmitri Kuzmin bu ilin sentyabrında yenidən - bu dəfə Qertsen adına Pedaqoji Universitetin tarix fakültəsindən qovulub. Bu da onu göstərir ki, siyasi motivli təqib və təmizləmələr təkcə SPQU-ya xas deyil. Kuzmin Sankt-Peterburqun mərkəzində, üzərində "Sizin və bizim azadlığımız üçün. Ukraynaya sülh. Rusiyaya azadlıq" ifadələri yazılmış bayraqla görüldüyündən universitetdən kənarlaşdırılıb.

Kuzmin AzadlıqRadiosuna deyib ki, onu Daxili İşlər Nazirliyinin Ekstremizm əleyhinə mərkəzinin Sankt-Peterburq üzrə direktoru Aleksey Şabanovun məktubu əsasında kənarlaşdırıblar: "Kənarlaşdırma əmrini rektor imzalayıb. Maraqlıdır ki, əmrdə səbəb göstərilməyib. Mən töhmət gözləyirdim", - Kuzminin sözləridir.

Sankt-Peterburq Dövlət Universiteti
Sankt-Peterburq Dövlət Universiteti

"Birdən-birə susmaq mümkün deyil"

Ötən ilin oktyabrında Putinin kütləvi səfərbərlik əmrinə etiraza görə işdən çıxarılan keçmiş fəlsəfə müəllimi Skopinin 21 həmkarı universitet rəhbərliyinə onun "yüksək peşəkar və şəxsi keyfiyyətləri", "həmkarları və tələbələri arasında …hörmətə sahib olması" haqda məktub yazıb. Universitetdəki son mühazirəsindən sonra isə tələbələri onu alqışlarla yola salıblar.

İndi Berlində yaşayan və dərsini onlayn deyən Skopin etiraz aksiyasına qatılmasına peşman olmadığını deyir: "Düşündüyümü söyləmək mənim üçün önəmlidir. Müharibədən əvvəl universitetdə bunu etmək mümkün idi. Azad danışmağa öyrəşmisənsə, birdən-birə susmaq mümkün deyil. Azadlıq olmayan universitet deqradasiyaya uğrayan və aşınan bir qurumdur. Azadlıq olmadan universitet həyatda qala bilməz", - Skopinin CurrentTimeTV-yə dediyi sözlərdir.

XS
SM
MD
LG