Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:57

Paşinyan: 'Ermənistan özünə yeni tərəfdaşlar axtarır'


Nikol Paşinyan
Nikol Paşinyan

Moskva özəlliklə Azərbaycan Qarabağa nəzarəti bərpa edəndə öz müttəfiqlik öhdəliklərini yerinə yetirmədiyi üçün Ermənistan yeni tərəfdaşlar axtarır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan "The Wall Street Journal" (WSJ) qəzetinə müsahibəsində deyib.

"Bu situasiyadan sonra biz belə bir qərar verdik ki, təhlükəsizlik sahəsində münasibətlərimizi şaxələndirməliyik. İndi bunu etməyə çalışırıq", – deyən Paşinyan əlavə edib ki, bu səbəbdən hazırda Rusiya hərbi bazasının Ermənistanda qalmasının hər hansı üstünlüyünü görmür.

Ancaq onu da qeyd edib ki, Yerevan Ermənistandan Rusiya hərbi bazalarının çıxarılması tələblərini müzakirə etmir.

Moskvanın bəyanatlarından narahatdırmı

WSJ yazır ki, Ermənistanın düşdüyü mürəkkəb vəziyyət ABŞ və Qərb müttəfiqlərini getdikcə daha çox narahat edir.

Ermənistan Rusiya prezidenti Vladimir Putinin mümkün həbsinə yol açan "Roma statutu" adlı sənədi ratifikasiya edəndən sonra Moskva Yerevanı açıq tənqid və təhdid etməyə başlayıb. Paşinyan isə Avropa Parlamentində çıxışında Ermənistanın və Qarabağ ermənilərinin təhlükəsizliyi məsələsində Rusiyanın fəaliyyətsizliyini tənqid edib.

Paşinyan belə bəyanatlardan narahatdırmı və Moskvanın onu hakimiyyətdən kənarlaşdıracağından çəkinirmi? Bu suala cavabında Ermənistan baş naziri hiddətini gizlətməyib.

"Belə yanaşma bir çox qaydaları pozur - bir-birinin daxili işlərinə qarışmamaqdan tutmuş, diplomatik korrektlik qaydalarına qədər", – o bildirib.

Paşinyan sülh sazişi ilə bağlı nikbindir

Oktyabrın 25-də yayılan məlumata görə, oktyabrın sonunda Brüssel görüşü baş tutmayacaq və Yerevan bu görüşdən Azərbaycanın imtina etdiyini iddia edib. Azərbaycan XİN isə Ermənistanı siyasi manipulyasiyada suçlayıb.

N.Paşinyan isə yaxın aylarda Azərbaycanla sülh sazişinin imzalanacağı məsələsində nikbinliyini saxladığını vurğulayıb.

"Regionun gələcəyi uzun müddət qapalı qalmış sərhədlərin və ticarət yollarının açılması ilə nəticələnməlidir. Ermənistanın suverenliyinə hörmət etməklə, Türkiyə və Azərbaycanı birləşdirən yollar da buraya daxildir. Təhlükəsizlik təkcə orduların deyil, həm də regional sülhün köməyi ilə əldə olunmalıdır", – o söyləyib.

Xatırlatma

1990-cı illərin əvvəllərində Ermənistan Azərbaycanın Qarabağ vilayətini və ətraf 7 rayonunu işğal edib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin ərazilərə, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Tərəflər sülh sazişi imzalamayıb. Son illər sülh danışıqları Aİ, Rusiya və ABŞ-ın vasitəçiliyi ilə davam edib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" başlatdığını elan edib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər.

Bundan sonra erməni sakinlərin regiondan Ermənistana axını başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum özünü buraxdığını elan edib.

XS
SM
MD
LG