Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 10:01

Mişel-Paşinyan-Əliyev görüşü olmayacaq. Səbəbini Ararat Mirzoyan dedi


Aİ Şurasının prezidenti Şarl Mişel Ermənistan və Azərbaycan liderləri ilə Brüsseldə görüşür. 15 iyul 2023
Aİ Şurasının prezidenti Şarl Mişel Ermənistan və Azərbaycan liderləri ilə Brüsseldə görüşür. 15 iyul 2023

Tərəflər Moskvanın təklifinə də münasibət bildirməyiblər

Moskva münaqişənin tənzimlənməsi üçün Bakı və Yerevanla dialoqu davam etdirir, amma hələ ki əsaslı bir irəliləyiş yoxdur.

Bunu jurnalistlərə Rusiyanın Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hərəkətə gətirilməsi üçün Moskvanı meydan kimi təklif etməsinə tərəflərin münasibəti barədə suala cavab verərkən Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.

“Hələ ki heç nə yoxdur. Dəqiq anlaşma yoxdur. Kontaktlarımızı davam etdiririk”.

Oktyabrın 13-də MDB dövlət başçılarının Bişkekdə keçirilən sammitində Rusiya prezidenti Azərbaycan və Ermənistan liderlərinə sülh müqaviləsi danışıqları üçün Moskvanı platforma kimi təklif etmişdi.

***

Azərbaycan prezidenti Brüsselə - Mişel-Paşinyan-Əliyev görüşü üçün vaxt tapmayıb.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan AzadlıqRadiosunun erməni xidməti – Azatutyun-un sualına cavab verərkən deyib.

Azatutyun-un sualında deyilirdi ki, "əgər söhbət vaxt yoxluğundan gedirsə, görüşə getməyə kimin vaxtı olmayıb?".

Mirzoyan bu suala belə cavab verib: "Aydındır ki, Azərbaycan prezidentinin, çünki biz bu görüşə indi də hazırıq. Ümid edirəm ki, problem, həqiqətən də, konkret tarixlərdədir və ən yaxın vaxtda bu görüşün yeni tarixini razılaşdırmaq mümkün olacaq. Ermənistan Respublikası bu görüşdə iştirak etməyə hazırdır. Biz sülh gündəliyimizə əməl etməkdə davam edirik".

Azərbaycan XİN Ararat Mirzoyanın açıqlamasına münasibət bildirib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) öz növbəsində Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın səsləndirdiyi fikirlərə münasibət bildirib.

Açıqlamada onun “siyasi manipulyasiya” ilə məşğul olduğu qeyd edilir:

“Azərbaycanın planlaşdırılan Brüssel görüşünə getməyən tərəf olduğunu iddia edən nazir Mirzoyana xatırlatmaq istərdik ki, Ermənistandan fərqli olaraq, Azərbaycan sülh prosesinin irəliyə aparılması səylərinin daim önündə gedib. Ermənistan tərəfinin 30 ilə yaxın sülh prosesinə vurduğu zərbələrə baxmayaraq, ölkəmiz sülh prinsipləri, sülh müqaviləsi, kommunikasiyaların açılması, demarkasiya məsələsində əsas təşəbbüskar tərəf olub.”

Vurğulandığına görə, Ermənistan tərəfi sülh müqaviləsi üzrə danışıqların uğurla nəticələnməsinə imkan verməyib.

***

Bundan əvvəl xəbər verilmişdi ki, oktyabrın sonunda Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin görüşü olmayacaq.

Bu haqda Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar məlumat verib. O, görüşün baş tutmamasının səbəbi kimi vaxt çatışmazlığını göstərib.

"Məqsədimiz Qarabağ ermənilərinin öz evlərinə qayıtmasıdır. Əliyevin qatılmadığı Qranada görüşünün əhəmiyyətini vurğulayaraq hazırda Brüsseldə Paşinyan-Əliyev görüşünü təşkil etməyə çalışırıq", – deyən Klaar mümkün yeni tarixləri açıqlamayıb.

"Prosesin ləng getməsinə baxmayaraq, inanırıq ki, nəticədə sənəd imzalanacaq", – avropalı deputat vurğulayıb.

Oktyabrın 23-də Tehranda Türkiyə, İran, Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin "3+3" formatında (Gürcüstan görüşə qatılmayıb) görüşünə gəlincə, Klaar deyib ki, bu format problemləri həll etməsə də, faydalı ola bilər, "ziddiyyət yoxdur".

Oktyabrın sonunda Brüsseldə mümkün üçtərəfli görüşün anonsunu Aİ Şurasının prezidenti Ş.Mişel vermişdi. Ayın əvvəlində Qranada görüşünə isə prezident Əliyev qatılmayıb. Rəsmi Bakı görüşdə Türkiyənin də iştirakını istəmişdi. Bu təklifi Almaniya və Fransanın qəbul etmədiyi xəbər verilirdi.

Xatırlatma

1990-cı illərin əvvəllərində Ermənistan Azərbaycanın Qarabağ vilayətini və ətraf 7 rayonunu işğal edib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin ərazilərə, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Ancaq tərəflər sülh sazişi imzalamayıb, Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıb. Son illər sülh danışıqları Aİ, Rusiya və ABŞ-ın vasitəçiliyi ilə davam edib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" başlatdığını elan edib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər.

Bundan sonra erməni sakinlərin regiondan Ermənistana axını başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum özünü buraxdığını elan edib.

XS
SM
MD
LG