Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 17:10

Keçmiş MTN generalı haqqında yeni qərar: 106 min dollar da təzminat ödəməlidir


Mövlam Şıxəliyev
Mövlam Şıxəliyev

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbsdə olan generalı, uzun müddət nazirliyin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Mövlam Şıxəliyevə qarşı 123 min dollarlıq iddia qaldırılıb. İddiaçı vaxtilə MTN-də həbsdə saxlanmış, hazırda baxılan işdə zərərçəkmiş kimi tanınanlardan biri - Ələddin Əliyevdir.

Ə.Əliyev 2013-cü ilin yanvarında brilyant daşları qaçaqmalçılıqla ölkəyə gətirməkdə ittiham edilərək həbs olunub. MTN-in istintaq təcridxanasında saxlanılan sahibkar 1 ay sonra buraxılıb. O iddia edir ki, azadlığa çıxmasından ötrü 106 min dollar pulunu alıblar. Öncə MTN-in binası yaxınlığında iki dəfəyə 100 min (hər dəfə 50 min olmaqla-red.) dollar pul verilib.

Zərərçəkmişin sözlərinə görə, sonradan ondan tələb edilən məbləği 110 minə qaldırıblar və ondan daha 10 min dollar istəyiblər. Ancaq son nəticədə aparıb Bakı Əyləncə Mərkəzində 6 min dollar da verib.

Ə.Əliyev deyir ki, ona qarşı qaçaqmalçılıq ittihamı saxta idi, həbs olunmasından məqsəd pulunu almaqdı. O iddia edir ki, üstəlik, 17 min dollarlıq brilyant daşlarını da götürüblər.

“Orada baş verənlər Mövlam Şıxəliyevin göstərişiylə həyata keçirilirdi. Onun hər şeydən xəbəri vardı”, - bunu söyləyən iddiaçı keçmiş MTN generalından ona dəymiş ziyanın ödənilməsini, 123 min dollarının geri qaytarılmasını tələb edir.

Sabiq MTN generalı həbsdən göndərdiyi ərizədə göstərib ki...

Sabiq MTN generalı isə bununla razılaşmır və həbsdən göndərdiyi ərizədə göstərib ki, bu adamı nə tanıyıb, nə də onun həbsinə, yaxud azadlığa buraxılmasına göstəriş verib. M.Şıxəliyevin sözlərinə görə, Ə.Əliyevi nazirliyə keçmiş müstəntiq Rövşən Hüseynov çağırıb, bütün məsələlər də onların arasında olub:

“Bakı Əyləncə Mərkəzində də Rövşən Hüseynovla görüşüb. Mən onu nə tanımışam, nə də ondan rüşvət almışam. Bu, məhkəmədə də sübuta yetirildi...”.

M.Şıxəliyev əlavə edib ki, onun haqqında Bakı Hərbi Məhkəməsində çıxarılmış hökmü qanunsuz sayır və bu barədə Ali Məhkəməyə şikayət verib.

Məhkəmə oktyabrın 28-də Ə.Əliyevin iddiasının 106 min dollarlıq hissəsini təmin edib. Belə nəticəyə gəlinib ki, o, 17 min dollarlıq brilyant daşlarla bağlı hissəni sübuta yetirməyib. Keçmiş MTN vəzifəlilərinə verildiyi iddia olunan 106 min dollara gəlincə, bu, Bakı Hərbi Məhkəməsinin hökmüylə də təsdiqlənib. Beləliklə, keçmiş MTN generalının üzərinə zərərçəkmiş Ə.Əliyevə 106 min dollar təzminat ödəmək öhdəliyi qolulub.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, M.Şıxəliyevin işi üzrə zərərçəkmiş qismində tanınan digər şəxslər də ona qarşı mülki qaydada iddia qaldırıblar.

Bakı Hərbi Məhkəməsində M.Şıxəliyev və onunla birlikdə mühakimə olunan daha 3 nəfər keçmiş MTN polkovnikinin işinə baxılan zaman da zərəçəkənlər dəymiş ziyanın ödənilməsi tələbiylə mülki iddia qaldırmışdılar. Amma hökm çıxarılanda mülki iddiaların az bölümü təmin edildi.

Müsavat başqanının oğlu həbs edildi
Gözlə

No media source currently available

0:00 0:03:14 0:00

Xatırlatma

Mövlam Şıxəliyev 2021-ci ilin aprelindən həbsdədir. Onunla mühakimə olunan üç nəfər keçmiş MTN polkovniki ötən il sentyabrın 21-də Bakı Hərbi Məhkəməsində hökm oxunarkən, məhkəmə zalında həbs edilib. Hökmə əsasən, Şıxəliyev 12 il, Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov 8 il azadlıqdan məhrum ediliblər.

Məhkəmə M.Şıxəliyevin general-mayor, digərlərinin də rütbə və təltiflərinin alınmasına da qərar verib. Bu il iyulun 24-də prezidentin sərəncamıyla onların rütbələri, bir sıra orden və medalları (“Vətənə xidmətə görə”, “Vətən uğrunda” və s.) alınıb.

Cinayət işində toplam 14 milyon 292 min manat rüşvətdən, hədə-qorxu ilə adamların 5 milyon 77 min manatının ələ keçirilməsindən söhbət gedir.

Sabiq MTN-çilərin heç biri bu ittihamları qəbul etmir, özlərini təqsirli bilmir və deyirlər ki, MTN-də bu işləri özbaşına edə bilməzdilər, axı istintaqa prosessual nəzarət orqanı – prokurorluq var. M.Şıxəliyev və digərləri bildiriblər ki, cinayət işi MTN-in İstintaq Baş İdarəsində başlansa da, qərarı Baş prokuror və onun birinci müavini verirdi. Cinayət işi başlamaq, şəxsin barəsində həbs qətimkan tədbiri seçmək üçün məhkəməyə təqdimat vermək və s. səlahiyyətlər ancaq prokurorluqdadır.

Onların sözlərinə görə, əgər ortada kiminsə qanunsuz həbsi varsa, buna görə prokurorluq, həbs qətimkan tədbiri seçən məhkəmə, saxta rəy verən ekspertiza da məsuliyyət daşımalıdır.

XS
SM
MD
LG