Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:53

Britaniyanın keçmiş baş naziri Devid Kemeron xarici işlər naziri oldu


Devid Kemeron
Devid Kemeron

Britaniyanın baş naziri Rişi Sunak noyabrın 13-də daxili işlər naziri Suella Bravermanı vəzifəsindən azad edib.

Onun yerinə xarici işlər naziri Ceyms Kleverli təyin olunub. Keçmiş baş nazir Devid Kemeron isə xarici işlər naziri təyin edilib.

Kemeron Britaniya parlamentinin üzvü deyil və buna görə onun Lordlar Palatasına mandat alacağı gözlənilir.

Bu, Kemerona xarici işlər naziri postunu tutmaq imkanı verəcək.

Braverman istefaya Britaniya polisinin Fələstinə dəstək aksiyaları zamanı fəaliyyətini tənqid edəndən sonra göndərilib.

Bravermanın məqaləsi

Braverman noyabrın 8-də Thre Times qəzetində dərc etdirdiyi məqalədə polisin hərəkətlərini “ikili standart” adlandırıb.

Keçmiş nazirin sözlərinə görə polis bəzi aksiyalarda iştirakçılara qarşı sərt, digər aksiyalarda, o cümlədən Fələstinə dəstək aksiyalarında daha yumşaq davranır. Braverman əlavə etmişdi ki, ola bilsin, bu, polisin tənqiddən çəkinməsinə görədir.

Nazir habelə qeyd etmişdi ki, Fələstinə dəstək aksiyalarının bir sıra təşkilatçıları ABŞ və Avropa İttifaqında terrorçu təşkilat hesab edilən HƏMAS radikal qruplaşması ilə əlaqəlidir.

Britaniya mediası yazır ki, xanım Braverman Times qəzetində dərc etdirdiyi məqalənin mətnini nazirliklə razılaşdırmayıb. Baş nazir Sunakın ofisi məqaləyə düzəlişlərin edilməsini istəsə də, bu istəyə məhəl qoyulmayıb.

Bu, Bravermanın daxili işlər naziri vəzifəsindən ikinci istefasıdır. O ilk dəfə bu vəzifəyə Britaniyanın keçmiş baş naziri Liz Trass tərəfindən ötən ilin sentyabrında təyin edilmiş və az sonra isterfaya göndərilmişdi. Buna səbəb nazirin ev kompüterindən rəsmi sənəd göndərməsi idi.

Lakin o yeni baş nazir Rişi Sunakın kabinetində yenidən vəzifəsinə qaytarılmışdı.

Kemeronun tarixçəsi

Devid Kemeronun 57 yaşı var. O 2005-2016-cı illərdə Mühafizəkar Partiyasının lideri olub.

Kemeron 2010-cu ildə, 43 yaşında 1812-ci ildən bəri ölkənin ən cavan baş naziri olub.

Kemeron 2014-cü ildə baş nazir olarkən Rusiyanın qatı tənqidçisi idi. O habelə Britaniyanın Avropa İttifaqından çıxmasına dair referendum keçirib.

Kemeron referendumda Avropa İttifaqı təırəfdarlarının qalib gələcəyini gözləyirdi, lakin ölkə 2016-cı ildə bloku tərk etməli oldu.

Bu referendumdan sonra Kemeron ölkəni və Mühafizəkar Partiyanı parçalamaqda ittiham olunurdu. Kemeron 2016-cı ildə istefa vermiş, onun yerini Tereza Mey tutmuşdu.

Ceyms Kleverlinin 54 yaşı var. O baş nazir Liz Trassın hökumətində ötən ilin sentyabrında xarici işlər naziri təyin olunmuşdu. Kleverli ölkənin ilk qaradərili xarici işlər naziri idi. O Rişi Sunakın hökumətində vəzifəsində qalmışdı.

XS
SM
MD
LG