Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:56

Türkmənistanda yaşayan müstəqil jurnalist: 'Məni susdura bilməzlər'


Soltan Açilova
Soltan Açilova

Türkmənistan rəsmiləri müstəqil jurnalist Soltan Açilovanı İsveçrəyə insan haqları müdafiəçilərinin tədbirinə buraxmayıblar. Ancaq jurnalist avtoritar hökumətin onu susdura bilməyəcəyini deyir.

"İşimi davam etdirəcəyəm – daha çox işləyəcəyəm. Nə qədər canım sağdır, məni susdura bilməyəcəklər", – Açilova noyabrın 20-də AzadlıqRadiosuna deyib.

Açilovanın sözlərinə görə, Aşqabad Beynəlxalq Aeroportunda onu başdan-ayağa yoxlayıb və aşağılayıblar. 74 yaşlı jurnalisti və qızını etibarlı pasportları, vizaları və biletləri olmağına baxmayaraq, noyabrın 17-də təyyarəyə minməyə qoymayıblar.

AzadlıqRadiosunun müxbiri Farangiz Nacibullah yazır ki, Açilova Türkmənistanda avtoritar hökuməti açıq tənqid edən yeganə jurnalistdir. O, noyabrın 21-də İsveçrədə hüquq müdafiəçiləri üçün Martin Ennals Mükafatının təqdimatı mərasiminə qatılmalı idi.

Açilova 2021-ci ildə bu qurumun illik mükafatının üç finalçısından biri idi, ancaq onda da koronavirus pandemiyası məhdudiyyətlərinə görə səfər edə bilməmişdi.

Aeroportda baş verənlər

Jurnalist deyir ki, aeroport rəsmiləri ondan və qızından iki dəfə skanerdən keçməyi tələb ediblər, əşyalarını diqqətlə yoxlayıblar, əl çantalarını, çətirlərini, hətta Açilovanın əl ağacını dəfələrlə rentgen qurğularından keçiriblər.

"Sonra məni təpədən-dırnağa yoxladılar, əllərini bütün bədənimdə gəzdirdilər. Daha sonra pasport nəzarətində uzun müddət saxladılar. Məmur pasportlarımızı qaytarıb dedi ki, maşın onları oxuya bilməyib, çünki sənədləri kifli yerdə saxlamısız", – jurnalist AzadlıqRadiosuna danışıb.

Açilova pasport nəzarəti məmurunu onun sənədinin səhifələrinə nəm salfetlə qəsdən ziyan vurmaqda ittiham edib.

"Məmurlar hər şeyi öncədən təşkil etmişdi. Bilirdim ki, məni xaricə getməyə qoymayacaqlar", – o söyləyib.

Açilovaya hökumətin təzyiqi tanış məsələdir. O, vaxtilə AzadlıqRadiosunun müxbiri olub, hazırda Vyanada yerləşən "Xronika Turkmenistana" (Türkmənistan Xronikası) müxalif xəbər vebsaytı ilə əməkdaşlıq edir.

Soltan Açilova Aşqabadda hücum zamanı aldığı xəsarəti göstərir.
Soltan Açilova Aşqabadda hücum zamanı aldığı xəsarəti göstərir.

Tənqidçi jurnalistin üzləşdikləri

Açilova indiyədək saxlanıb, şifahi təhdidlər, fiziki hücumlarla üzləşib. Özü və tərəfdarları bütün bunları onun işinə görə hökumətin təzyiqi sayır. Qohumlarının çoxu da təhdid olunub.

Rəsmi Aşqabad heç bir tənqidə dözümlü yanaşmır, hökumət azad medianı boğub, müxalifət fəalları mühacirətə üz tutub. Ölkədə bütün böyük sosial media və mesajlaşma tətbiqləri bloklanıb, vətəndaşlar dünyanın qalan hissəsindən virtual təcrid olunub.

Açilova 2018-ci ildə mülki geyimlilər tərəfindən qısa müddətə saxlanılıb, onun kamerasından fotolar silinib. Jurnalist deyir ki, onu narkotik ittihamları ilə saxlamaqla hədələyiblər.

Bundan az sonra Açilova Aşqabadda avtobusdan düşəndə naməlum şəxslər tərəfindən döyülüb.

2019-cu ildə jurnalisti Tbilisidə beynəlxalq seminara getməyə qoymayıblar, təyyarəyə minməsinin qarşısı alınıb.

Türkmənistan hakimiyyəti tənqid olunur

Aeroportdakı son insident isə Türkmənistan rəsmilərinin ünvanına yeni tənqidlərə yol açıb.

"Soltan Açilovanın Cenevrəyə @martinennals mükafatını almaq məqsədilə səfərini önləməklə Türkmənistan hökuməti öz nüfuzuna Açilovanın xaricdə deyəcəyindən daha çox ziyan vurur. Türkmənistanın səhvini düzəltməsi və Açilovanın səfərinə icazə verməsindən ötrü çox gec deyil", – "Human Rights Watch"un Avropa və Orta Asiya bölümünün direktor müavini Reyçel Denber (Rachel Denber) yazır.

Norveç Helsinki Komitəsinin aparıcı müşaviri İvar Deyl (Ivar Dale) insidenti "hiddət doğuran" adlandırıb, Türkmənistanın öz vətəndaşlarının hüquqlarını pozmasını pisləyib.

"Türkmənistan öz vətəndaşlarının xaricə getməsini fəal şəkildə əngəlləyən azsaylı ölkələrdən biridir. Onlar hətta Türkiyədən xahiş ediblər ki, türkmənlər üçün viza rejimi tətbiq etsin. Bunun əvəzində Türkmənistan pasportunun durumunu yaxşılaşdırmağa çalışa bilərdilər. İnanılmazdır", – o yazır.

Martin Ennals Fondundan AzadlıqRadiosuna deyilib ki, jurnalistin səyahət edə bilməsi üzərində işləyirlər və vəziyyətə dair heç bir şərh verməyəcəklər.

XS
SM
MD
LG