Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:41

Vəkillər AbzasMedia-çıların işində təqsirsizlik prezumpsiyasının pozulduğunu deyirlər


Vəkil Fariz Namazlı
Vəkil Fariz Namazlı

“AbzasMedia”nın həbsdə olan rəhbərliyi - baş redaktor Sevinc Abbasova (Vaqifqızı), direktor Ülvi Həsənli və layihə koordinatoru Məhəmməd Kekalovun xarici donorlarla əməkdaşlığı haqda yayılan materiallarla əlaqədar məhkəməyə şikayət verilib. Vəkillərin fikrincə, bir sıra sayt və telekanallarda o materialları yayımlamaqla həm adları çəkilən şəxslərin təqsirsizlik prezumpsiyası hüququ pozulub, həm də istintaq sirri yayılıb.

Sözügedən videoda Ülvi Həsənlinin küçədə gedərkən və bankomatın qarşısında çəkilmiş görüntüləri, “AbzasMedia” ilə müxtəlif təşkilatlar arasında bağlandığı iddia olunan müqavilələr, bank sənədləri və s. nümayiş etdirilib.

“Yuxarıda qeyd etdiyimiz şəxslər təxribatlar törətmək və digər qanunsuz niyyətlərini reallaşdırmaq üçün “demokratik inkişafa dəstək vermək” adı altında xeyli sayda donor təşkilatı ilə yaxın əlaqələr quraraq, gizli əməkdaşlıq ediblər”, - bu cümlə də sözügedən materialdandır.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, noyabrın 27-də Bakı Apellyasiya Məhkəməsində Ü.Həsənli və S.Vaqifqızı haqqında həbs qərarından verilmiş şikayətə baxılanda vəkillər bu məsələni də qaldırıblar. Məhkəməyə bununla əlaqədar əlavə şikayət təqdim edilib və bildirilib ki, apellyasiya şikayəti veriləndən sonra – noyabrın 25-26-da müxtəlif media orqanlarında sözügedən material yayımlanıb. Bu üzdən, istintaq sirrinin yayılması və təqsirsizlik prezumpsiyasının pozulmasıyla əlaqədar əlavə şikayət verilir.

Vəkillər vurğulayıblar ki, istintaqın əlində olan sənədlərin mediada nümayiş etdirilməsi onların qəsdən ötürüldüyünü deməyə əsas verir. Məqsəd də “AbzasMedia” rəhbərliyini cəmiyyətə cinayətkar kimi tanıtmaqdır.

Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasa “AbzasMedia” ilə bağlı cinayət işinin istintaqını aparan müstəntiq də qatılıb. Vəkillərin istintaq sirri və təqsirsizlik prezumpsiyası hüququyla bağlı şikayətinə nə müstəntiq münasibət bildirib, nə də hakimlər. Sonda hakimlər yalnız həbs qərarının qüvvədə saxlandığını elan ediblər.

“Təqsirsizlik prezumpsiyası hüququnda subyekt dövlət orqanıdır”

Avropa İnsan Haqları Məhkəməsi təqsirsizlik prezumpsiyası hüququnun pozulmasına görə bir neçə dəfə Azərbaycanı cərimələyib. Məhkəmə bunu İnsan Haqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 6-cı (ədalətli mühakimə hüququ) maddəsinin pozuntusu sayıb.

Məsələn, keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyev, jurnalistlər Xədicə İsmayılova, Əvəz Zeynallı və başqa işlərdə hökumət istintaq altında olan şəxslərin öncədən cəmiyyətə cinayətkar kimi təqdim olunmasına görə sonradan Avropa Məhkəməsinin qərarı əsasında onlara kompensasiya ödəmək məcburiyyətində qalıb.

“AbzasMedia”çıların vəkilləri də Avropa Məhkəməsinə şikayət etmək niyyətindədirlər.

S.Vaqifqızının vəkili Fariz Namazlı AzadlıqRadiosuna bildirib ki, başqa işlərdən fərqli olaraq, təqsirsizlik prezumpsiyası hüququnun pozulmasıyla əlaqədar ölkədaxili bütün məhkəmə instansiyalarını keçməyə ehtiyac yoxdur:

“Əvəz Zeynallının işində Azərbaycan hökuməti bildirmişdi ki, təqsirsizlik prezumpsiyası şikayəti ilə əlaqədar ölkədaxili hüquqi müdafiə vasitələri tükəndirilməyib. Avropa Məhkəməsi isə bu arqumenti qəbul etməmişdi, çünki bununla bağlı ayrıca şikayət mexanizmi nəzərdə tutulmayıb”.

Vəkil əlavə edib ki, təqsirsizlik prezumpsiyasının pozulmasına səbəb olan materiallar mediada yayımlansa da, bu pozuntuya görə dövlət qurumları məsuliyyət daşıyır.

F.Namazlının sözlərinə görə, belə materialların yayımında media böhtan, şərəf və ləyaqətin alçaldılması, işgüzar nüfuza zərbə, şəxsi həyata müdaxilə kimi əməllərdə ittiham oluna bilər. Təqsirsizlik prezumpsiyası hüququnda isə subyekt dövlət orqanıdır.

XS
SM
MD
LG