Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:55

Sərhəddə hərbçilər qarşılıqlı azad edilib


Azərbaycanlı hərbçilər Hüseyn Axundov və Aqşin Bəbirov əsirlikdən azad olunublar
Azərbaycanlı hərbçilər Hüseyn Axundov və Aqşin Bəbirov əsirlikdən azad olunublar

Azərbaycan və Ermənistan saxladıqları hərbçiləri qarşılıqlı şəkildə azad ediblər.

Hərbçilərin dəyişdirilməsi dekabrın 13-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində baş tutub.

Ermənistan tərəfindən Azərbaycanın iki hərbi qulluqçusu - Hüseyn AxundovAqşin Bəbirov azad olunub.

Azərbaycan tərəfi isə erməniəsilli 32 şəxsi qarşı tərəfə təhvil verib.

Azərbaycan bu il aprelin 9-da Şahbuz rayonunun (Naxçıvan) Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən iki hərbçisinin itkin düşdüyünü açıqlamışdı. Sonradan onların Ermənistanda həbs olunduğu bildirilib.

Avropa İttifaqı əsirlərin azad edilməsini alqışlayır

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel (Charles Michel) razılaşmanı Ermənistan-Azərbaycan münasibətlərində "böyük dönüş" adlandırıb.

"Özəlliklə saxlananların buraxılmasını və siyasi dialoqda misilsiz açılımı alqışlayırıq. Tərəflər arasında ikitərəfli dialoqun qurulması və dərinləşdirilməsi Aİ-nin rəhbərliyi ilə Brüssel prosesinin əsas hədəfidir: bugünkü proqres vacib addımdır", - Mişel X platformasında yazıb.

O, liderləri sülh sazişini mümkün qədər tez yekunlaşdırmağa çağırıb.

Azərbaycan 32, Ermənistan iki hərbçini azad edir

Azərbaycan və Ermənistanın rəsmi qurumları bir-birlərinin ərazisində saxladıqları hərbi qulluqçularının azad edilməsi ilə bağlı razılığa gəliblər.

Bu barədə Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayıb.

"Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir. Ermənistan Respublikası, öz növbəsində, humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq iki azərbaycanlı hərbçini azad edir", - məlumatda bildirilir.

Habelə vurğulanır ki, Azərbaycan və Ermənistan yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər.

Ermənistana qaytarılması nəzərdə tutulan 32 nəfərdən 26-sı 2020-ci ilin dekabrında Hadrut istiqamətində, qalan altı nəfər isə müxtəlif vaxtlarda sərhəddə saxlanan şəxslərdir.

Məlumata görə, 32 nəfərlik siyahıya separatçıların rəhbərləri Araik Arutunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan kimi şəxslər daxil deyil.

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG