Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:39

BMT komissarlığı Ukrayna əsirlərinin Rusiya hərbçiləri tərəfindən edamlarını təsdiq edib


BMT-nin İnsan Haqları Ali Komissarlığı 2023-cü ilin dekabrından 2024-cü ilin fevralınadək müddətdə Ukrayna hərbçilərinin edam olunması ilə bağlı 7 halı təsdiq edib.

Komissarlığın monitorinq missiyası Rusiya əsirliyindən yenicə azad olunmuş 60 Ukrayna hərbçisi ilə söhbətlər aparıb.

Onların hamısı kişi cinsindən olanlardır və əsirlikdə iki həftədən az qala iki ilədək qalıblar.

Onların söhbətləri bundan əvvəl sənədləşdirilmiş işgəncə, qeyri-insani davranış və ya alçaldıcı rəftara dair faktları bir daha təsdiq edib.

Bu da qeyd olunur ki, BMT komissarlığı hesabat dövründə 32 Ukrayna hərbçisinin edamı ilə bağlı 12 hal barədə məlumat alıb.

Monitorinq komissiyası 7 Ukrayna hərbçisinin qətli ilə bağlı 3 halı təsdiq edib.

Minaları təmizləməyə məcbur ediblər

Belə hallardan biri hətta videoya düşüb. Bu videoda bir qrup Rusiya əsgəri diz üstdə və əlləri boyunlarının arxasında olan üç ukraynalı hərbçinin arxasında dayanıb.

Bir neçə saniyədən sonra Rusiya hərbçilərinin silahlarından tüstü qalxır. Bundan sonra ukraynalı əsirlər yerə yıxılırlar.

Bundan sonra isə Rusiya hərbçilərindən biri yaxınlaşaraq yıxılanlardan birinin kürəyinə atəş açır.

Bu yaxınlarda azad olunmuş ukraynalı hərbçi bildirib ki, bu hadisə 2023-cü ilin dekabrında, Zaporojye vilayətinin Rabotino kəndi yaxınlığında baş verib. Keçmiş əsir bunu da deyib ki, öldürülənlər onunla bir bölmədən olublar.

Şahidin missiyaya danışdığı ikinci hal isə 2024-cü ilin yanvarında baş verib. O vaxt iki Ukrayna hərbçisini onlar əsir düşəndən sonra güllələyiblər. Daha bir ukraynalı hərbçi isə minaya düşərək ölüb. Ona ərazini minalardan təmizləmək əmr olunmuşdu.

Dindirmə zamanı güllələmə

Üçüncü halda isə söhbət iddia olunduğuna görə dindirmə zamanı öldürülmüş hərbçilərdən gedir.

Şahidin sözlərinə görə dekabrın 18-də iki ukraynalı hərbçi əsir düşmüşdülər. Gecə evlərdən birinin zirzəmisində onları dindirmişdilər.

Sorğu-sual zamanı iddia olunduğuna görə Rusiya hərbçisi guya “aydın danışmadığına” görə Ukrayna hərbi əsirinin ayağına atəş açmışdı. Lakin bundan az sonra elə həmin hərbçi əsirin kürəyinə iki dəfə atəş açmışdı.

Söhbət edilmiş 60 keçmiş hərbi əsirdən 58-i Rusiya əsirliyində onunla qəddar rəftar edildiyindən və işgəncə verilməsindən danışıb.

Keçmiş əsirlərin sözlərinə görə ən geniş yayılmış işgəncə növü döymə, elektrik cərəyanına verilmə, edam hədələri və edamın imitasiyası idi.

Rus poeziyası işgəncə növü kimi

Ukraynalılardan biri 2023-cü ilin noyabrında Zaporojyedə əsir düşdüyünü deyib. Onu şəxsi evin tövləsində dindirirmişlər. Onun sözlərinə görə onlar onun üzünə ayaqları ilə zərbələr endirirdilər. Onun qabırğasını sındırmış və polietilen torba ilə boğmuşdular. Əsiri edamla və qulağının kəsilməsi ilə hədələmişdilər.

Ukraynalı hərbi əsirlərin dediyinə görə Rusiya həbsxanalarında onları döyür, elektroşoker tətbiq edir, ağrı verən çətin pozalarda uzun müddət dayanmağa, şaxtalı havada ayaqyalın gəzməyə məcbur edirdilər.

Bundan başqa onları rus vətənpərvərlik mahnıları və Rusiya himnini oxumağa, rus poeziyasını və təbliğat materiallarını öyrənməyə, heyvanları təqlid etməyə, heyvan səsləri çıxarmağa məcbur edirdilər.

Müsahibə alınmış 60 ukraynalı əsirdən 39-u Rusiya Penitensiar xidmətinin əməkdaşları tərəfindən cinsi zorakılığa məruz qaldırdığını və ya polis dəyənəyi ilə cinsi zorakılıqla hədələndiyini bildirib.

Ukraynalı əsirlərdən biri deyib ki, ona elektrik cərəyanı ilə işgəncə verir, xayasını kəsməklə hədələyirdilər.

XS
SM
MD
LG