Keçid linkləri

2024, 11 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:44

BMT: İranın bomba hazırlamasına uranın əldə edilməsi 'aylar deyil, həftələr çəkər'


Rafael Mariano Qrossi
Rafael Mariano Qrossi

Beynəlxalq Atom Enerjisi Agentliyi bildirib ki, İranın nüvə bombası hazırlamasına yetərli sayılacaq qədər zənginləşdirilmiş uran əldə etməsi üçün bir neçə aya deyil, yalnız bir neçə həftəyə ehtiyacı var.

Agentliyin rəhbəri Rafael Mariano Qrossi "Deutsche Welle"yə müsahibəsində deyib ki, İranın nüvə müəssisələrinə hücum etmək çıxış yolu deyil.

"Düzdür, bu o demək deyil ki, bu zaman dilimində İran nüvə silahı əldə edəcək. Funksional nüvə başlığından ötrü, bölünə bilən material öz yerində, bir çox başqa şey də gərəkdir", - yenə Qrossinin sözləridir.

"Spekulyasiya məsələsi"

O vurğulayıb ki, İranın nüvə hədəfləri spekulyasiya məsələsidir. Qrossi İranın uranı zənginləşdirmə fəaliyyətini, habelə onun BMT müfəttişlərinə nüvə müəssisələrinə zəruri çıxış imkanı verməməsini də tənqid edib.

Agentlik rəhbəri İranın nüvə proqramı ilə bağlı hələ də çözülməmiş məsələlərin qaldığını söyləyib. Bu məsələlərdən biri də heç gözlənilməyən yerlərdə uran izlərinin aşkar edilməsidir.

"Bunların hamısını bir yerə toplayanda, təbii ki, çoxlu sualla üzləşirsən", - yenə Qrossi belə deyib və IAEA nümayəndə heyətinin tezliklə İrana yollanacağını bildirib.

Qrossinin bu açıqlaması İsraillə İran arasında münasibətlərin gərildiyi və hər iki ölkəni açıq savaş təhlükəsi ilə üz-üzə qoyduğu dövrə təsadüf edir. İsrail Suriyada İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) generallarını öldürəndən sonra İran İsrail üzərinə raket və dron hücumu gerçəkləşdirmişdi. Baş verənlər fonunda dünya ictimaiyyəti İranın nüvə müəssisələrinə İsrailin hücum edə biləcəyindən rahatsızdır.

"Nüvə silahları, nüvə silahı atılması, nüvə silahlarının əldə edilməsi haqda söhbətlərin adiləşdirilməsi çox acınacaqlıdır", - Qrossi belə deyib.

Ayətullah Əli Xamenei və Ayətullah Ruhullah Xomeyninin posteri İran dövlət televiziyasının Nətənzdəkı obyekt kimi təsvir etdiyi yerdə sentrifuqalar yanında görünür.
Ayətullah Əli Xamenei və Ayətullah Ruhullah Xomeyninin posteri İran dövlət televiziyasının Nətənzdəkı obyekt kimi təsvir etdiyi yerdə sentrifuqalar yanında görünür.

Xameneinin fətvası var

"The Times of Israel" qəzeti yazır ki, İranın Ali dini rəhbəri Ayətulla Əli Xamenei 2000-ci illərin əvvəllərində nüvə silahlarının hazırlanmasını yasaqlayan fətva verib və bu hərəkətin İslamın ruhuna zidd olduğunu söyləyib. Ancaq İran nüvə silahı əldə etməyə çalışdığını dansa da, İsrail və Qərb ölkənin 2003-cü ilədək aktiv nüvə silahı proqramının olduğuna inanır.

Qrossi fevralda İranın 60 faiz təmizliyə çatanadək uranı zənginləşdirməyə davam etdirdiyini bildirib. Bu göstərici kommersiya ehtiyaclarını aşır və onu nüvə silahına gərəkli 90 faizlik təmizlikdən yalnız bir kiçik texniki addım ayırır.

İran öz nüvə proqramının, sadəcə, mülki ehtiyaclar üçün nəzərdə tutulduğunu iddia edir və sözügedən fətvanı səbəb göstərir. Ancaq mütəxəssislər bu səviyyəyədək zənginləşdirilmiş uranın hər hansı mülki tətbiqinin olmadığını deyirlər. İran daha öncələr də Qərblə münasibətləri gərilərkən əzələ gücü göstərməkdən ötrü nüvə fəaliyyətini artırması ilə tanınır.

İsrail və digərləri İranı qadağalara məhəl qoymadan nüvə silahı əldə etməyə çalışmaqda suçlayır, ona qarşı sanksiya və gərəkərsə, hərbi güc tətbiqi üçün lobbiçilik edir.

Bu yaxınlarda İİKK-nın bir yüksək rütbəli zabiti İranın öz nüvə siyasətinə yenidən göz ata biləcəyi barədə xəbərdarlıq edib. Ancaq ötən həftə İranın Xarici İşlər Nazirliyi nüvə silahlarının ölkənin doktrinasında yeri olmadığını bildirib.

İki ölkə arasında aprelin ilk yarısında artan gərginlik hazırda nisbətən azalmış kimi görünür.

İsrail İranın aprelin 13-də gerçəkləşdirdiyi raket və dron hücumuna cavab olaraq aprelin 19-da İsfahan yaxınlığındakı hava bazasını vuraraq radar müdafiə sistemini zədələdiyini bildirib. İran İsraillə hər hansı əlaqənin tapılmadığını deyərək hücumun önəmini azaltmağa çalışıb.

Nətənz uran zənginləşdirmə zavodunda sentrifuqa maşınları
Nətənz uran zənginləşdirmə zavodunda sentrifuqa maşınları

Mesaj budur ki…

"The New York Times"a istinad edən "The Times of Israel" bu radar sisteminin İranın gizli Nətənz nüvə müəssisəsini qoruduğunu yazır. Bu gizli zavodun yerin altında və dərində yerləşdiyi düşünülür. Hücumun İsrailin İrana mesajı olduğu bildirilir. Mesaj ondan ibarətdir ki, İsrail hiss etdirmədən daha çox və daha dağıdıcı zərbələr endirə bilər.

2015-ci ildə İranla dünya gücləri arasında imzalanan nüvə sazişi ölkənin sanksiyalardan bir qədər nəfəs dərməsinə imkan vermişdi. Razılaşmanın şərtlərindən biri BMT müfəttişlərinin İranın nüvə müəssisələrini monitorinq etməsi idi.

Tramp administrasiyasının ABŞ-ni bu razılaşmadan birtərəfli qaydada geri çəkməsindən sonra İran öz nüvə proqramını yenidən gəlişdirməyə, sazişdə nəzərdə tutulan səviyyədən artıq zənginləşmiş uran toplamağa və onu sazişin şərtlərində göstərilməyən həddə təmizləməyə başladı.

Bayden administrasiyası dövründə danışıqlar ABŞ-nin yenidən sözügedən sazişə qaytarılmasına, İranınsa yenidən müqavilənin şərtlərinə əməl etməyə başlamasına yönəlib.

XS
SM
MD
LG