Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:12

Putindən Qərbə xəbərdarlıq: Düşmənləriniz silahlandırıla bilər


Prezident Vladimir Putin "Vostok-2018" hərbi təlimlərini izləyir.
Prezident Vladimir Putin "Vostok-2018" hərbi təlimlərini izləyir.

Rusiya prezidenti Vladimir Putin Qərb ölkələrini Ukraynanı silahla təchiz etməklə "çox ciddi və təhlükəli addım" atdıqları barədə xəbərdar edib və Moskvanın bu ölkələrin düşmənlərini silahlandıra biləcəyini deyib.

Ukrayna Rusiyanın tammiqyaslı hücumunu dəf etmək üçün iki ildən çoxdur Qərb müttəfiqlərinin verdiyi silahlardan asılıdır. Ötən həftə ABŞ prezidenti Co Bayden ilk dəfə Kiyevin Amerika silahlarından yararlanmaqla Rusiya ərazisinə məhdud zərbələr endirməsinə icazə verib. Daha öncə bir neçə Avropa dövləti də Ukraynaya verdikləri silahlardan necə istifadə ediləcəyinə dair məhdudiyyətləri aradan qaldırıb.

"Münaqişə zonasını silahla təchiz etmək hər zaman pis şeydir. Özəlliklə silahları təchiz edənlərin onları həm də idarə etməsi faktı ilə bağlı olarsa", - Putin ötən həftənin çərşənbə günü Sankt-Peterburqda keçirilən illik iqtisadi forumda beynəlxalq xəbər qurumlarının redaktorlarına belə deyib.

"Bu, bütövlükdə bəzi ciddi problemlərə yol açır"

Putin Qərb ölkələrinin Ukrayna münaqişəsinə birbaşa qatılacağı halda, Rusiyanın cavab verəcəyini də bildirib: "Son nəticədə, əgər biz bu ölkələrin bizə qarşı savaşa qarışdığını, onların etdiklərinin birbaşa Rusiya Federasiyasına qarşı müharibədə iştirak olduğunu görsək, eyni qaydada hərəkət etmək haqqını özümüzdə saxlayırıq. Bu, bütövlükdə bəzi ciddi problemlərə yol açır". Putin daha sonra fikrini sualla tamamlayıb: "[Niyə də Rusiya] ona qarşı belə davranan ölkələrin həssas obyektlərinə hücumların təşkil ediləcəyi bölgələri eyni sinifdən olan silahlarla təchiz etmək haqqına malik olmasın?".

ATACMS
ATACMS

Ukrayna ordusu Rusiya ərazisində hava hücumundan qoruma sistemlərini, silah anbarlarını və digər hərbi hədəfləri vurmaq üçün ABŞ-nin təchiz etdiyi HIMARS raket sistemlərindən yararlanmağa başlayıb. Ötən həftənin çərşənbə günü Ukrayna parlamentinin bir üzvü CNN-ə müsahibəsində bu barədə danışıb.

Ukrayna parlamentinin Milli güvənlik, müdafiə və kəşfiyyat komitəsi sədrinin müavini Yehor Çerniyev deyib ki, Amerika silahları Rusiyanın S-300 raketləri ilə Xarkovun vurulmasını ciddi ölçüdə azaltmağa kömək edib.

Putin çərşənbə günü Rusiyanın gələcəkdə atılacaq raketləri məhv etmək üçün öz müdafiə sistemlərini təkmilləşdirəcəyini deyib.

"Hüquq çərçivəsində davrandıqca Ukraynanın hər bir imkanı olacaq"

İki həftə öncə Fransa və Almaniya liderləri Rusiyanın daxilindəki hərbi obyektlərə Ukraynanın hücum etməsinə icazə verilməli olduğunu bildiriblər.

Putin deyib ki, Ukraynada alman tanklarının peyda olması əvvəllər Almaniyaya münasibətin "çox yaxşı" olduğu Rusiyada "etik şok" doğurub.

"İndi onlar Rusiya ərazisindəki hədəfləri vurmaq üçün daha çox raketin gələcəyini deyir və bu, əlbəttə, son nəticədə Rusiya-Almaniya münasibətlərini məhv edir", - Putinin sözləridir.

Emmanuel Makron və Olaf Şolts
Emmanuel Makron və Olaf Şolts

Mayın 28-də Fransa prezidenti Emmanuel Makronla birlikdə çıxış edən Almaniya kansleri Olaf Şolts deyib ki, silah verən ölkələrin şərtlərinə və beynəlxalq hüquqa sayqılı yanaşdığı müddət boyunca Ukrayna özünü müdafiə edə bilər: "Beynəlxalq hüquq çərçivəsində davrandıqca Ukraynanın hər bir imkanı olacaq. Bu, açıq deyilməlidir. Bəzi adamlar onun özünü müdafiə etməsinə və bununla bağlı tədbirlər görməsinə icazə verilməli olmadığını iddia edəndə, bu, mənə qəribə gəlir".

Ukrayna aylarla Vaşinqtondan Rusiya ərazisindəki hədəfləri Amerika silahları ilə vurmasına icazə verməsini istəyib. Həmin müddətdə qoşunlarının yenidən qruplaşmaq üçün rahatca Rusiya ərazisinə qayıda biləcəyini və silah anbarlarının Qərb silahları ilə vurulmayacağını bilən Moskva Xarkova havadan və qurudan amansız hücumlarını sürdürürdü.

ABŞ hələ də Ukraynaya verdiyi ən güclü silahdan - 300 metrlik məsafədəki hədəfləri vurmağa qadir ATACMS uzunmənzilli raketlərindən Rusiya ərazisində istifadəyə icazə vermir.

Ukrayna bu məqsədlə yalnız GMLRS kimi tanınan 70 kilometrədək məsafədə yerləşən hədəfləri vurmağa qadir daha qısamənzilli raketlərdən yararlana bilər.

XS
SM
MD
LG