Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:07

Ukrayna çətin durumda olsa da, Qərbin daha böyük yardımından toparlana bilər


Ukrayna ordusu "M101" haubitsasından Avdeyevka yaxınlığındakı cəbhə xəttindəki Rusiya mövqelərinə atəş açır. Mart 2024
Ukrayna ordusu "M101" haubitsasından Avdeyevka yaxınlığındakı cəbhə xəttindəki Rusiya mövqelərinə atəş açır. Mart 2024

"The Guardian" yazır ki, bugünlər Ukraynada üzügülər insan görməzsən. Döyüşlərdə həlak olanların, yaxınlarını itirənlərin sayı artır. Tibb mütəxəssisləri əhalinin, ən azı, yarısının bu və ya digər dərəcədə travmasonrası stress pozğunluğundan əziyyət çəkdiyini deyirlər.

Vladimir Putinin qoşunları say üstünlüyündən və Qərbin hava müdafiəsi və silah-sursat yardımının ləngiməsindən yararlanaraq yavaş-yavaş irəliləyir. Onlar Xarkovun şimalında yeni cəbhə açıblar. Rusiya ordusunun mühasirədəki şəhərin artilleriya diapazonuna daxil ola biləcəyi ilə bağlı narahatlıq var. Şəhər artıq Rusiyanın raket, dron və bomba hücumlarına məruz qalır.

Göründüyünə görə, Rusiyanın əsas məqsədi təqribən min kilometr uzunluğundakı cəbhə xəttini daha da uzatmaqdır. Ukrayna öz qoşunlarını cəbhənin müxtəlif hissələri arasında paylaşdırarsa, Putinin ordusu da şərqdə irəliləyərək artıq Rusiya Federasiyasının ərazisi elan edilmiş Donetsk və Luqansk bölgələrini ələ keçirə bilər. Bir qərbli hərbi ekspert deyir ki, bu, Ukrayna üçün "təhlükə anıdır".

"İndi başqalarının gedib vuruşmaq vaxtıdır"

Tammiqyaslı savaşın ilk günlərindən bəri aktiv xidmətdə olan batalyon komandiri mayor Andrey Pidlisnıy deyir ki, əsgərlərin ovqatı yaxşı deyil. "Onların fikrincə, indi başqalarının gedib vuruşmaq vaxtıdır" , - həmin mayorun sözləridir. Di gəl, o başqaları haradadır? Çağırış yaşının 25-ə endirilməsi barədə qanun qızğın mübahisələrdən sonra ötən həftə qüvvəyə minsə də, hər yerdə ukraynalı kişilərin çağırışdan yayınmağa çalışması haqda söz-söhbət eşidilir.

Rusiyanın hava hücumları ölkənin elektrik enerjisi istehsalı imkanlarının yarıya qədərini məhv edib. İndiki isti aylarda da insanlar tez-tez elektrik kəsintisi ilə üzləşirlər. Bir ekspertin hesablamasına görə, hazırkı imkanlarla qarşıdakı qış ərzində bir çox ukraynalı 12 saatlıq elektrik kəsintisi ilə üz-üzə qala bilər. Ukraynada isə qış çox sərt keçir.

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ dövlət katibi Antoni Blinkeni Kiyevdə görüşqabağı salamlayır.
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ dövlət katibi Antoni Blinkeni Kiyevdə görüşqabağı salamlayır.

Məqalə müəllifi yazır ki, yetərincə yardım göstərmədiyi və ləng davrandığı Ukraynada Qərbə qarşı qınaq artmaqdadır. Bir hökumət naziri müəllifə Ukrayna xalqının ölkələrinə yardımla bağlı səsverməni dəfələrlə ertələdiyi üçün ABŞ Konqresini heç vaxt unutmayacağını deyib. Prezident Volodimir Zelenskinin fəaliyyəti ilə də bağlı narazılıq gözə çarpır. Ölkə müharibə vəziyyətində olmasaydı, onun prezidentlik müddəti mayın 20-də bitəcəkdi. Zelenskinin reytinqi tədricən aşağı düşməkdədir.

Bundan başqa, hər kəs Donald Trampın yenidən prezident olacağı təqdirdə nə edəcəyindən narahatdır.

Ərazi güzəşti nə qədər böyük olsa…

Dəhşətli itkilər, yorğunluq, travma və Qərbin dəstəyinin yoxa çıxması ilə bağlı təlaş ictimai rəyi də bir qədər dəyişdirib. Kiyev Beynəlxalq Sosiologiya İnstitutu ötən ilin sonlarında keçirdiyi rəy sorğusunda respondentlərdən "Qərbin yardımı ciddi şəkildə azalarsa, Ukrayna nə etməlidir" sualını soruşarkən, iki cavab variant təklif etmişdi. Respondentlərin mütləq əksəriyyəti – 58 faizi ölkənin hətta Ukraynanın nəzarətində olan torpaqlar risk altında qalsa belə vuruşmağa davam etməli olduğunu demişdi. Ancaq sorğu iştirakçılarının 32 faizi ikinci variant seçmişdi: "Qərbin ciddi təhlükəsizlik təminatları şərti ilə münaqişə dayansın, ancaq [Rusiya işğalındakı] ərazilərin qurtarılması qeyri-müəyyən vaxta qədər ertələnsin".

"Hansı torpaqlar itirilməsi xalqın qərarına ciddi təsir göstərəcək. Krımı və Donbasın Rusiyanın 2014-cü ildən bəri işğal etdiyi hissələrini güzəştə getmək bir şeydir, bu ikisinin arasındakı - tammiqyaslı hücumdan öncə 2.5 milyon insanın evlərinin və dolanışıq yerlərinin olduğu nəhəng Ukrayna torpağını qurban vermək tamam başqa şey. Ərazi güzəşti nə qədər böyük olsa, Qərbin birbaşa güvənlik təminatı o qədər inandırıcı olmalı, yaxın gələcəkdə Aİ və NATO-ya üzvlük perspektivi gerçək görünməlidir. Hətta bu halda belə bir çox ukraynalı məğlubiyyət kimi gördükləri nəticələr üzündən öz hökumətlərinə qarşı qəzəbli olacaq və hökuməti bu nəticələri qəbul etməyə inandırdığına görə də Qərbə kin bəsləyəcək", - məqalədə belə deyilir.

XS
SM
MD
LG