Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:32

Moskva Yerevana indi də iqtisadi xəbərdarlıq edir


Rusiya baş nazirinin müavini Aleksey Overçuk
Rusiya baş nazirinin müavini Aleksey Overçuk

Ermənistan əgər Avropa İttifaqına üzv olmaq qərarı qəbul etsə, Rusiya bazarına rüsumdan azad girişini və Moskva tərəfindən verilən digər imtiyazları itirəcək.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu iyunun 25-də Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

Overçuk bu xəbərdarlığı Moskvada keçirilən beynəlxalq ekspert forumunda edib.

Bundan bir neçə gün əvvəl Ermənistan hökuməti ölkənin Avropa İttifaqına üzvlüyü məsələsini yenidən gündəmə gətirmişdi.

Ermənistanın hökumətyönlü hüquqşünaslarından Arman Yeqoyan iyunun 21-də demişdi ki, baş nazir Nikol Paşinyan və onun siyasi komandası Aİ-yə üzvlük məsələsini ciddi şəkildə nəzərdən keçirir.

Üç ay ərzində Aİ üzvlüyü üçün referendum?

Paşinyanın fikrincə Aİ üzvlüyü Ermənistan iqtisadiyyatına xeyir verə bilər.

Yeqoyan parlamentdə Paşinyanı dəstəkləyən qərbyönlü qüvvələrin təşəbbüsü ilə keçirilən dinləməyə sədrlik edirdi. Onlar hökuməti yaxın üç ay ərzində Aİ üzvlüyünə dair referendumun keçirilməsinə çağırıblar.

Overçuk xatırladıb ki, Nikol Paşinyan ölkəsinin Aİ-yə nə vaxt qoşulacağına dair suala cavab verərkən “bu il” demişdi.

Rusiya baş nazirinin müavini deyib ki, bugün Ermənistanın siyasi vektorunun getdikcə daha çox Qərbə meylləndiyini görməzliyə vurmaq mümkün deyil.

Bir-birinə zidd iki ittifaq

TASS dövlət xəbər agentliyinin məlumatına görə Overçuk bunu da deyib ki, Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı bir-biri ilə uyuşmayan ittifaqlardır:

“Hər hansı bir ölkənin Rusiyaya yaxınlıqdan faydalanması həm də onun bizim təhlükəsizliyimiz və strateji dərinliyimiz üçün ödədiyi bədəldir. Odur ki, ortaya hər hansı qeyri-regional oyunçuların çıxmasının əlbəttə ki, nəticələri olacaq”.

Overçuk vurğulayıb ki, Moskva bu məsələdə kiməsə “hədiyyə” etmək niyyətində deyil.

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin də ötən həftə xəbərdarlıq etmişdi ki, Ermənistanın Qərbə doğru bundan sonra da meyllənməsinin iqtisadi nəticələri olacaq.

Nikol Paşinyan bundan əvvəl bildirmişdi ki, Ermənistan Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyünü dondurub.

Qaluzin iddia etmişdi ki, Qərb indi də Ermənistandan Avrasiya İqtisadi İttifaqından çıxmasını tələb edir.

Rəsmi vurğulamışdı ki, bu, Ermənistanın “əsas ixrac bazarını” itirməsi ilə nəticələnəcək.

Ermənistanın Rusiya bazarından asılılığı

Ermənistanın ötənilki xarici ticarətinin 35 faizi Rusiyanın payına düşür. Halbuki bu ixracatda Aİ-nin payı 13 faizdir.

Rusiya ötən il Ermənistandan 8.4 milyard dollarlıq mal idxal edib.

Bu da qeyd olunmalıdır ki, Ermənistandan Rusiyaya ixrac 2022-ci ildən bəri sıçrayışlı şəkildə artıb.

Ekspertlərin fikrincə bu ona görə baş verib ki, Ermənistan sahibkarları Qərb mallarını Rusiya bazarına çıxarmaqla Moskvanın sanksiyalardan yan keçməsinə kömək etmiş olurlar.

Bu da qeyd olunmalıdır Rusiyadan gələn bu və digər gəlirlər Ermənistan ÜDM-nin 2022 və 2023-cü illərdə rekord həddə yüksəlməsinə imkan yaradıb.

Rusiya habelə Ermənistanın əsas qaz təchizatçısıdır. Rusiya Ermənistana qazı uzun müddətdir ki, beynəlxalq qiymətlərdən xeyli aşağı qiymətə satır.

Avropa Parlamenti martın 13-də qəbul etdiyi qətnamədə Yerevanı Aİ üzvlüyü üçün müraciət etməyə çağırır.

Lakin Aİ-nin 27 üzvündən heç biri hələlik bu çağırışa münasibət bildirməyib.

XS
SM
MD
LG