Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 01:34

Nəcməddin Sadıkova 20 milyon manat verdiyini deyən polkovniklə digərləri yüngül cəza aldılar


Nəcməddin Sadıkov
Nəcməddin Sadıkov

Müdafiə Nazirliyi və ona tabe qurumlardakı 143 milyon manatlıq yeyinti ilə bağlı cinayət işinin istintaqı Dövlət Təhlükəsizliyi Xidməti ilə (DTX) birgə aparılsa da, həbs edilənlərin işi məhkəməyə göndərilərkən bir neçə yerə ayrılmışdı.

Nazirliyin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, general-mayor Nizami Məmmədov daha üç nəfərlə birlikdə mühakimə olunsa da, digərləri hakim önünə tək-tək çıxarılıb. Onların arasında müxtəlif vaxtlarda Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi vəzifəsində işləmiş polkovniklər - Məlikməmməd Qurbanov, Mahir Şirvanov, nazirliyin Mənzil İstismar İdarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev və başqaları vardı.

Son bir həftədə polkovniklərdən üçünün mühakiməsi yekunlaşıb. Bakı Hərbi Məhkəməsində ayrı-ayrılıqda çıxarılan hökmlərlə M.Şirvanova 3 il, M.Qurbanov ilə F.Mirzəyevin hər birinə isə 4 il həbs cəzası kəsilib.

143 milyonluq mənimsəmə işi üzrə həbs olunanların çoxuna, o sıradan adları çəkilən polkovniklərə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və başqa maddələri ilə ittiham verilib. Bu maddənin sanksiyasında cəza 10 ildən başlanır.

Müdafiə Nazirliyində 100 milyon manatlıq yeyinti: 'Ölkə rəhbərliyinin bundan xəbəri olub'
Gözlə

No media source currently available

0:00 0:12:04 0:00

Məbləğlərin ödənməsi yüngülləşdirici hal sayılıb

Di gəl, polkovniklərə münasibətdə Cinayət Məcəlləsinin 62-ci (cinayətə görə müəyyənləşdirilən cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsi tətbiq olunub. Hakimlər polkovniklərin öz paylarına düşən ziyanı – mənimsədikləri iddia edilən məbləğləri ödəmələrini yüngülləşdirici hallardan biri sayıblar.

Bu məhkəmə proseslərində keçmiş Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun adı dəfələrlə hallanıb və onun çağrılıb dindirilməsi tələb olunub. Cinayət işinin materiallarında da iddia edilir ki, sabiq idarə rəisləri general-polkovnik Sadıkovun qanunsuz tapşırıqlarını yerinə yetiriblər. Onların özü və vəkilləri bu tapşırıqları verən Sadıkovun istintaq və məhkəməyə çağrılıb dindirilməməsinə etirazlarını bildiriblər.

M.Qurbanov da məhkəmə ifadəsində Müdafiə Nazirliyi və tabe qurumlara ərzaq, avadanlıq və s. alınmasından ötrü şirkətlər ilə müqavilələr bağlanarkən milyonlarla manat yeyinti olduğunu, köçürülən pulların bir bölümünün sonradan geri qaytarıldığını dilə gətirmişdi. O, həmin üsullarla şirkətlərdən geri alınmış təxminən 20 milyon manatı şəxsən özünün N.Sadıkova çatdırdığını etiraf etmişdi: "20 milyonun hamısını otağında şəxsən Nəcməddin Sadıkova vermişəm. O puldan mənə 400 min manat verilib. O da idarənin xərcləri və şəxsi xərclərimizdən ötrü...".

N.Sadıkov ünvanına səslənən ittihamları cavablandırmayıb.

Məhkəmə proseslərinin bir bölümü davam edir.

Xatırlatma

2022-ci ilin yanvarında DTX əməkdaşları Müdafiə Nazirliyində əməliyyat keçiriblər. Əməliyyat nəticəsində nazirlikdə və tabe qurumlarda çalışan 15 nəfərə yaxın vəzifəli şəxs həbs olunub.

Toplam 143 milyon manatlıq yeyintidən söz gedən cinayət işinin materiallarına əsasən, ərzaq, avadanlıq və s. alınarkən qiymətlər şişirdilib, tenderlərdə qalib elan edilən şirkətlərin hesabına köçürülmüş vəsaitlərin bir hissəsi geri alınıb və bu yolla on milyonlarla manat büdcə vəsaiti mənimsənilib.

XS
SM
MD
LG