Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:41

Üzeyir bəy Hacıbəyli. Qoy üfürsünlər


Dünyada olan bütün diri mәxluqatın (hәtta bәzi nәbatatın da) bir qüvvәyi-tәdafiәsi vardır.Yәni bir karastısı var ki, onunla düşmәni dәf elәyir.

Mәsәlәn, şirin vә bәbir kimi heyvanların qüvveyi-tәdafiәsi iti dişlәri vә dırnaqlarıdır.

Arının vә bәzi cücülәrin qüvveyi-tәdafiәsi tikanlarıdır.

Quşların qüvveyi-tәdafiәsi iti dimdiklәridir. Bәzi nәbatat var ki, onların qüvveyi-tәdafiәsi hiss vә zәhәrli bir qoxudur.

İndi gәlәk adamlara.

Adamlar müxtәlif firqәlәrә bölündüklәri üçün onların müxtәlif dә qüvveyi-tәdafiәlәri vardır.

Qoçular firqәsinin qüvvәyi-tәdafiәsi afserski tapançadır.

Hәqiqi yazıçıların qüvveyi-tәdafiәsi qәlәmdir.

Yalançı yazıçıların quvveyi-tәdafiәsi söyüşdür.

Dövlәtlilәrin qüvveyi-tәdafiәsi puldur.

Aya, bәs mollanümalar firqәsinin qüvveyi-tәdafiәsi nәdir? Rәvayәt elәyirlәr ki, onların qüvveyi-tәdafiәsi tәkfirdir.

Tәkfir tәfil babından әmәlә gәlәn bir sözdür.

İndi baxaq, görәk, aya, bu, tәkfir nә tövr karastıdır?

Hamıya mәlumdur ki, bomba insanı parça-parça edir.

Güllә adamı deşir.

Xәncәr kәsir.

Qәlәm biabır edir.

Söyüş incidir.

Pul Sibirә göndәrir.

Bәs tәkfir nә qayırır? Rәvayәt edirlәr ki, tәkfir insanı kafir edir.

Amma heyif ki, mәn bunu başa düşә bilmirәm. Necә yәni insanı kafir edir?

Әvvәla, hansı insanı? Urusu, yoxsa müsәlmanı?

Ehtimal var ki, müsәlmanı, çünki urus onsuz da kafirdir.

Bәs hansı müsәlmanı?

Әgәr dinindәn dönәn müsәlmanı, onda tәkfirin lüzumu yoxdur, çünki dinindәn dönәn aşkar deyir ki, mәn kafirәm.

Bәs elә olan surәtdә aya, dinindәn dönmәyәn bir müsәlmanı nә tövr kafir etmәk olar?

Mәn burasını yaxşıca anlayıram ki, bir molla bir kafiri müsәlman edә bilәr. Amma burasını heç qana bilmirәm ki, molla müsәlmanı kafir etsin! Çünki müsәlmanı kafir elәmәk misyonerlәrin işidir. Bu bir.

İkinciyә qalan yerdә, allah taala Mәhәmmәd Әleyhissәlamı göndәrdi ki, kafirlәri müsәlman etsin. Mәhәmmәd Әleyhissәlam dәxi etdi.

Aya, bәs mollanümalara kim tapşırdı ki, Mәhәmmәd Әleyhissәlam müsәlman edәn adamları kafir elәsinlәr? Sözün doğrusu, bu mәsәlәdә lap mat qalmışam!

Srağagün "Tәrәqqi"dә oxuyuram ki, müctәhid Ağa Hәsәn, müctәhid Ağa Kәrim vә Mir Haşım car çağırtdırıbdılar ki, hәr kәs mәşrutәçilәrә çörәk vә avadanlıq gәtirsә tәkfir olunacaqdır.

Yenә dә irәlidә oxumurdum ki, müctәhid Şeyx Fәzlullah elan edibdir ki, mәşrutә istәyәn müsәlmanlar kafirdilәr.

Vә bu tәkfirin qorxusundan da heç bir kәs dörd gün Tәbrizә azuqә göndәrmәyibdir. Bundam belә mәlum olur ki, doğrudan da, tәkfir haman mollaların qüvveyi-tәdafiәsidir.

Xub, bәs o Tәbrizi bu Ramazanül mübarәkdә dörd gün ac qoyan müsәlmanlar nәdәn qorxublar? Tәkfirdәn?!

Yenә başa düşmürәm!

Qoy müctәhid Mirzә Hәsәn desin ki, filankәs kafirdir, çünki Tәbriz aclarına çörәk gәtiribdir.

Aya, görәk onda mәn filankәsin dili la lahәillәllah tutmazmı?

O mәnә deyir ki, sәni tәkfir etdim, sәn kafirsәn.

Mәn dә baxıb görürәm ki, onun sözilә mәnim nә zahirim kafir oldu, nә dә batinim. Xub, mәn tәkfirdәn nә üçün qorxum? Vә ac müsәlmanları da ramazan günündә çörәksiz qoyum?!

Xülasә! hәqiqi molla müsәlmanı kafir etmәz, kafiri müsәlman edәr. O birilәrinә dә heç kәs bu ixtiyarı vermәyibdir. O surәtdә demәli, tәkfir, yәni üfürmәk.

Elә isә, qoy üfürsünlәr!
XS
SM
MD
LG