Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:02

Mirzə Ələkbər Sabir. Qeyrət vəqtidir!















Mürtəce xadimlərim! Ha, indi xidmət vəqtidir!
Yatmayın, huşyar olun, iş vəqti, qeyrət vəqtidir!

Gizli cəmiyyət yapın, məclis qurun, şura edin,
Rəşt, Zəncan irticaın hər yerə icra edin,
Hər nasılsa rişeyi-məşrutəyi imha edin,
Heykəli-mənfuri-istibdadımı ihya edin,
Iğtişaşa başlayın, hər yerdə fürsət vəqtidir!
Yatmayın, huşyar olun, iş vəqti, qeyrət vəqtidir!

Cəhd edin göndərdiyim təhrirlər puç olmasın,
Yazdığım, göstərdiyim təzvirlər puç olmasın,
"Məmdəli-Kazim" tökən tədbirlər puç olmasın,
Verdiyim qövl, aldığım təqrirlər puç olmasın,
İndi isbati-hünər, sidqü-sədaqət vəqtidir!
Yatmayın, huşyar olun, is vəqti, qeyrət vəqtidir!

Sanmayın ancaq Ədesdə kefdəyəm nisvan ilə,
İrtibatım yoxdur öz mülküm olan Tehran ilə,
Lafəvallah var əlaqəm büsbütün İran ilə,
Rəşt ilə, Qəzvin ilə, Kirman ilə, Zəncan ilə,
Mən işi qaldırmışam, sizdən də himmət vəqtidir!
Yatmayın, huşyar olun, is vəqti, qeyrət vəqtidir!

Sanmayın azdır bu gün İranda əvanım mənim,
Ev başı hər yerdə var minlərcə dərbanım mənim,
Onlara sadir olur hər anda fərmanım mənim,
Mən bu yolda işdəyəm, var hər qədər canım mənim,
Leyk sizdən də mənə indi həmiyyət vəqtidir!
Yatmayın, huşyar olun, is vəqti, qeyrət vəqtidir!

Bax nasıl İran bu saət haləti-böhrandadır!
Parlaman heyrətdə, əza mərəzi-tufandadır!
Qanmayır heç kəs ki, kəşti qanda, dərya qandadır!
Müxtəsər hər vəchlə məşrutə min nöqsandadır!
Etməyin qəflət, bu fürsətdən qənimət vəqtidir!
Yatmayın, huşyar olun, iş vəqti, qeyrət vəqtidir!

Görməyirsizmi, kişi gəh söz, gəh istefa verir,
Xeyrsizmi mənsəbindən əl çəkir, yekca verir?
Ya Nəcəfdən müctəhid müftə məgər fitva verir?
Sanma bu fitvaya bihəqqül-əməl imza verir....
İş aparmaqçın bu gün dünyada fürsət vəqtidir!
Yatmayın, huşyar olun, iş vəqti, qeyrət vəqtidir!
XS
SM
MD
LG