Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 10:47

Mirzə Ələkbər Sabir. Mənimki belə düşdü















Qəm rahnümun oldu, mənimki belə düşdü!
Dil vərteyi-xun oldu, mənimki belə düşdü!
El döndü cünun oldu, mənimki belə düşdü!
Tale mənə dun oldu, mənimki belə düşdü!
"İqbal zəbun oldu, mənimki belə düşdü!"
Sən, Məmdəli, qorxma!
Qəm çəkmə, darıxma!
Dövran özünündür!

Qafilmişəm əhvalıma sövdayi-sərimdən,
Sövdayi-sərim etdi məni taci-zərimdən,
Rişəm kəsilirmiş demə kəskin təbərimdən,
Məşrutəyi salmaqda ikən mən nəzərimdən -
Ol nurulüyun oldu, mənimki belə düşdü!
"İqbal zəbun oldu, mənimki belə düşdü!"
Sən, Məmdəli, qaçma!
Naəhlə əl açma!
Meydan özünündür!

Heç faidəbəxş olmadı tədbirlərim, heyf!
Kəşf oldu bütün aləmə təqsirlərim, heyf!
Bərəks əsər eylədi təbirlərim, heyf!
Aldatmadı bu milləti təzvirlərim, heyf!
Yıldızdakı.... Yıldızdakı təmirlərim, heyf!
Həp kun-fəyəkun oldu, mənimki belə düşdü!
"İqbal zəbun oldu, mənimki belə düşdü! "
Sən, Məmdəli, bərk dur!
Torbaları doldur!
Xırman özünündür!

Şeypur deyil, təbl deyil, sur çalındı,
Əks eylədi suran səsi hər qəlbə salındı,
Bir şəbdə otuz illik ümuratım alındı,
Osmanlıların şahı vətəndən qovalandı,
İş döndü oyun oldu, mənimki belə düşdü!
"İqbal zəbun oldu, mənimki belə düşdü!"
Sən, Məmdəli, qorxma!
Qəm çəkmə, darıxma!
Tehran özünündür!

Sən vur işini, durma geri məkrü hiyəldən!
Mən qopladığım şeyləri həp qapdılar əldən,
Bunlar keçər, amma hələ var qorxum əcəldən....
Sən qarnı yoğun bir şey idin ruzi-əzəldən,
Boynun da yoğun oldu; mənimki belə düşdü!
"İqbal zəbun oldu, mənimki belə düşdü!"
Sən nehrəni çalxa!
Heç baxma bu xalxa!
Ayran özünündür!

Etdim qəsəm, amma özümü səhvdə sandım,
Kamil paşalar cidə edən fikrə inandım,
Baxdım sənə öz əhdimi, peymanımı dandım,
İllərcə, zamanlarca, bu gün dandığım andım.
Tarixi-qürun oldu, mənimki belə düşdü!
"İqbal zəbun oldu, mənimki belə düşdü!"
Sən, Məmdəli, qorxma!
Qəm çəkmə, darıxma!
Meydan özünündür!

Məzlumların tutdu məni ahı axırda,
İncitdi xəyanətlərim allahı axırda,
Oldum Salanik qələsinə rahı axırda,
Mənfalar ara türklərin şahı axırda,
Məcburi-sükun oldu, mənimki belə düşdü!
"İqbal zəbun oldu, mənimki belə düşdü!"
Qaç, Məmdəli, durma!
Çox sinənə vurma!
Məndən götür ibrət,
Sülh eylə, qudurma!
Vallah və billah,
İnsansan, inan, ah,
Fərman gedər əldən,
Saman gedər əldən,
Yalnız nə ki, Tehran,
İran gedər əldən!
XS
SM
MD
LG