Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 12:05

«Xəzər nərəsiz qala bilər»


Rusiya 5 il müddətə nərə balığının ovunun dayandırmasını təklif edib
Rusiya 5 il müddətə nərə balığının ovunun dayandırmasını təklif edib

Azərbaycan Xəzərdə nərə və nərəkimilərin ovunu müvəqqəti dayandırmaqla bağlı Rusiyanın təşəbbüsünü dəstəkləməyə hazırdır. Bunu «Ekspress» yazıb.


«Rusiya Dövlət Balıqçılıq Komitəsinin sədri Andrey Krayniy Moskvada çıxış edərkən Xəzərdə bütün sahilyanı dövlətlərin (Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan) nərə balığı ovunu 5 il müddətə dayandırmalarını təklif edib. A. Krayniy Rusiyanın hətta elmi məqsədlərlə də nərə balığı tutmaqdan boyun qaçıra biləcəyini söyləyib.


Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin su bioehtiyatlarının qorunması və artırılması departamentindən verilən açıqlamada isə bildirilir ki, bu moratoriumun tətbiq olunması nəticəsində sahilyanı dövlətlərin gələcəkdə əldə edəcəyi mənfəət beşillik yasaq nəticəsində məruz qalacaqları itkilərdən dəfələrlə çoxdur».


«Yənin Krayniy bu təklifi emosional vəziyyətdə edib, çünki hələ ortada rəsmi heç nə yoxdur. Əgər A.Krayniy sahilyanı ölkələrin Xəzərin Bioehtiyatları Komissiyasına təklifini rəsmən verərsə, məsələni nəzərdən keçirə bilərik», - departamentin əməkdaşı Tariyel Məmmədli deyib.


Rəsmi Bakı Krayniyin təklifini prinsip etibarilə dəstəkləsə də, ekspertlər belə çıxışların adətən gözlənilən effektin tam tərsini verdiyini vurğulayırlar.


«Yeni Müsavat» yazır ki, Kəlbəcərin işğalından 15 il ötür.


«Qarabağ münaqişəsinin başladığı ilk günlərdən 1993-cü il aprelin 2-dək Kəlbəcər qanlı döyüşlərin getdiyi ərazilərimizdən olub. Ermənistanın silahlı qüvvələri Kəlbəcəri ələ keçirmək üçün 5 il ərzində bir neçə dəfə güclü həmlə ediblər. Ermənistan Laçın rayonunu işğal edərkən Kəlbəcəri də ələ keçirməyə cəhd göstərmiş, ancaq buna nail ola bilməmişdi. Buna baxmayaraq, Laçının işğalı Kəlbəcər ətrafında dairəni daha da daraltdı və nəhayət, 1993-cü ilin bu günündə rayon işğal olundu. Kəlbəcərin işğalı ilə Ermənistan ordusu bütün Qarabağda ən hündür nöqtəni - Murovdağ yüksəkiliyini əldə etmiş oldu».


Milli Məclisin orqanı olan «Azərbaycan» qəzeti Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin məqaləsini dərc edib. «Əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider haqqında bəzi düşüncələr» adlanan məqalə keçmiş prezident Heydər Əliyev barəsindədir. Qəzet yazır ki, Ramiz Mehdiyevin bu yazısı 2003-cü ildə çap olunmasına baxmayaraq əsər indi də «aktuallığını qoruyub saxladığından» o yenidən dərc olunub. «Azərbaycan» bununla da Heydər Əliyevin 85 illik yubileyi ilə bağlı silsilə yazıların dərcinə başlayır.


«Beynəlxalq hüquqda nə hüquq qalıb, nə də məntiq. İndi beynəlxalq hüququ bəzi dövlətlər güc hüququna çeviriblər». «Üç nöqtə» yazır ki, bu fikirləri Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. Vitse-spiker Minsk qrupunun fəaliyyəti ilə bağlı deputat həmkarlarının fikirləri ilə razılaşdığını deyərək əlavə edib ki, bütün hallarda indiki şəraitdə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən Minsk qrupundan imtina etməsi mümkün deyil. O, bildirib ki, BMT-nin Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı qəbul etdiyi qətnamədə də göstərilir ki, rəsmi Bakı Minsk qrupunun vasitəçiliyindən imtina etməməlidir. Ancaq həmin müzakirələrdə Minsk qrupunun nümayiş etdirdiyi mövqe Azərbaycanı narahat etməyə bilməz.



XS
SM
MD
LG