Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 18:43

«Milli azadlıq hərəkatının qəhrəmanı indi əjdahaya çevrilib»


Muqabe: «Bizim xalq və yalnız bizim xalq öz sözünü deyəcək, başqası yox»
Muqabe: «Bizim xalq və yalnız bizim xalq öz sözünü deyəcək, başqası yox»

20 il öncə Zimbabve diktatoru Robert Muqabe deyirdi ki, onu hakimiyyətdən yalnız Allah apara bilər. İndi onun dedikləri doğrudan da təkrar olunur, prezident seçkilərini uduzan Muqabe indi seçkilərin ikinci mərhələsini təyin edib və yeganə namizəddir. Birinci seçkini udan müxalifət lideri Morqan Tsvanqiray isə Zimbavedəki Hollandiya səfirliyində gizlənir və namizədliyini geri götürüb.


Qonşu Cənubi Afrikanın arxiyepiskopu Desmond Tutu deyir ki, vaxtilə milli azadlıq hərəkatının qəhrəmanı indi bir əjdahaya, xalq isə onun girovuna çevrilib.


Cənubi Afrikanın başqa tanınmış milli azadlıq qəhrəmanı Nelson Mandela isə deyib ki, Muqabenin rəhbərlik üsulu ümumiyyətlə idarəçiliyin iflasıdır.


İyulun 4-də keçiriləcək prezident seçkilərini hətta BMT-nin Təhlükəsizlik Şurası da pisləyib ki, belə seçki olmaz.


Muqabe beynəlxalq aləmdən səslənən bu tənqidlər haqda belə deyir:


«Onlar Vaşinqtondan, ya Londondan, ya başqa yerdən qışqıra bilərlər. Bizim xalq və yalnız bizim xalq öz sözünü deyəcək, başqası yox».


Beynəlxalq aləm Zimbabvedə baş verənlərə qarışa bilərmi?


Müxalifət lideri Tsvanqiray hətta BMT-dən hərbi müdaxilə istəyib. BMT-yə müraciət edib ki, demokratik bir proseslə ölkəyə qoşun göndərməklə müdaxilə etsin və xalqı onu incidənlərdən qurtarsın. Ancaq hələlik BMT-dən səs çıxmır.


Londondakı Kral institutunun Afrika proqramının direktoru Tomas Karqil deyir ki, dünyada çox az ölkə var ki, demokratiyanı qorumaq naminə başqa ölkəyə qoşun göndərməyə razı olar.


«BMT sisteminin belə variantı var - yerli hökumətin hərəkəti beynəlxalq qanun-qaydaya risk törədəndə, BMT hərbi müdaxilə edə bilər. Ancaq mən düşünmürəm ki Zimbabvedə məhz belə vəziyyət yaranıb. Onu da nəzərə alın ki, Afrika xalqları uzun müddət xarici müdaxilə ilə mübarizə aparıblar, onlar müdaxiləyə pis baxırlar».


Xatırladaq ki, Zimbabve 1980-ci ildə müstəqillik qazananda bu ölkədə həyat səviyyəsi Afrikada ən yüksək həddə idi. İndi ölkədə hər 100 adamdan 85-i işsizdir, inflyasiyanın səviyyəsi isə dünyada ən yüksək həddədir. İndii bu ölkədə bir kömbə çörək bir milyard Zimbave dollarına satılır.


Belə şəraitdə xalqın bəlkə də bir yolu qalır - seçki yox, inqilab?


Ancaq britaniyalı ekspert Tomas Karqil deyir ki, xalqın başı bir tikə çörək tapmağa qarışıb, insanlar salamat qalmaq uğrunda mübarizədədirlər. Onların başqa nəyisə düşünməyə doğrudan da vaxtları yoxdur.


Hələliksə dünyanın Zimbabvedəki prezident seçkisini qıraqdan izləməkdən başqa çarəsi yoxdur.


Muqabe deyir ki, o seçkilərdən sonra danışıqlara hazırdır, Tsvanqiray isə hesab edir ki, seçkidən sonra nədən danışmaq olar?


XS
SM
MD
LG